Dərc edilib: 18-12-2015

https://www.nuh.az/6957-.html

“Azərfon”un ermənilərlə əlaqəsi...

18.12.2015 18:46:46

Cəmiyyət

Əhali arasında “Nar Mobile” kimi tanınan “Azərfon” MMC-nin əməkdaşı Yusif Nəcəfovun NUH.az-a daxil olan müraciətində qeyd olunur ki, şirkətdə dekabrın 1-dən etibarən işçilərin kütləvi ixtisarına başlanılıb: “Lakin bu zaman kobud qanun pozuntularına yol verilib. Əmək Məcəlləsinə uyğun olaraq ixtisar zamanı işçilərin təhsili, stajı və ailə vəziyyəti nəzərə alınmalı olduğu halda, bunu nəzərə alan yoxdur. Tənha anaları, ailəsində tək işləyən şəxsləri ixtisara saldıqları halda, qohumluq əlaqəsi olanları vəzifə başında saxlayıblar. İşdə qalanların çoxu tanışlıqla, ya da kadrlar idarəsinin rəhbəri Mətanət Babayevaya rüşvət verməklə ixtisara düşməyiblər.

 

Eyni zamanda sıravi işçilərdən dəfələrlə çox əmək haqqı alan idarə, şöbə rəislərindən biri də ixtisar edilməyib”. Yusif Nəcəfov sonra qeyd edir ki, əgər şirkətdə çalışan və 30-40 min manat maaş alan əcnəbilərdən bircə nəfəri ixtisar edilsəydi, bu ondan artıq yerli işçinin işdə qalmasını təmin edərdi: “ Lakin əcnəbilər işində qalır, yerli vətəndaşlar isə işdən çıxarılır. Bakının ən bahalı otel və mərkəzdə yerləşən mənzillərində yaşayan bu əcnəbilərin bütün xərcləri şirkətin hesabına ödənir. Bu azmış kimi, övladlarının da adlarını şirkətdə işçi kimi yazdırıb, onların adına maaş alırlar”. “Azərfon”un əməkdaşı yazır ki, şirkətin baş direktoru Kent Maknili maliyyə direktoru Könül Kərimova ilə yaxın əlaqələrindən istifadə edərək, bir sıra qanunsuzluqlara əl atıb: “ Bu iki şəxs birləşərək bir sıra maliyyə fırıldaqlarına əl atıblar ki, nəticədə şirkətə külli miqdarda zərər dəyib.

 

Könül Kərimova özünü uzun müddətdir sabiq rabitə naziri Əli Abbasovun adamı kimi təqdim edirdi. Son dövrlər isə bu barədə ümumiyyətlə danışmır”. Yusif Nəcəfov qeyd edir ki, şirkətin marketinq direktoru Maks Fyodr vətəndaş nikahı ilə yaşadığı Taisa adlı xanıma bütün imkanları yaradıb: “ Kent Maknili öz qızının adını da şirkətə yazdıraraq, uzun müddətdir ona işçi və şirkətin məsləhətçisi kimi əmək haqqı ödətdirir”. Nəcəfov onu da vurğulayır ki, Maknili mobil operatorun hesabından özünün məsləhətçi kimi işlədiyi şirkətlərin hesablarına pullar köçürür: “ Şirkətin direktoru kimi aldığı maaşdan əlavə, şirkətin məsləhətçisi kimi də şirkətdən özünə pullar ödəyir.

 

Öz ölkələrinə ildə 2 dəfə gedib-gəlmə pullarını şirkət ödəyir. Əslində həmin pulu özləri ödəməlidir. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyə yazdırıb, pulunu şirkətə ödətdirirlər”. Yusif Nəcəfov onu da qeyd edir ki, milliyyətcə yunan olan Yorqos Ermənistan şirkətləri ilə əlaqə quraraq Ermənistanın ZET və “Arto Lebedev” şirkətlərinə pullar köçürüb: “ Türk şirkətləri ilə əlaqələrə imkan verməyən Yorqos, digər işçini də yunan millətindən təyin edib”. Nəcəfov “Azərfon”un hüquqşünası Emil Məmmədovun da qanunsuzluqlar etdiyini yazır: “ Emil Məmmədov sabiq MTN şefi Eldar Mahmudovun yaxın adamı kimi tanınır.

 

Özünü Eldar Mahmudovun adamı kimi təqdim edən Emil Məmmədovun işçilərin danışıqlarını, yazışmalarını gizli şəkildə izləyərək, sonradan onlardan şantaj vasitəsi kimi istifadə etməsini də bilməyən yoxdur”. Yusif Nəcəfov NUH.az-a ünvanladığı məktubun sonunda bildirir ki, bütün bunlarla bağlı MTN-ə bir müddət əvvəl xəbər versələr də, heç bir tədbir görülməyib. Nəcəfov sonda dövlət başçısından yardım istəyir. P.S. Şikayətçi Könül Kərimovanın həyat yoldaşının Kent Maknilini otellərdən birinin qarşısında döydüyü barədə də məlumat verib. Qarşı tərəfin mövqeyini dərc eteməyə hazırıq.

 

NUH.AZ

NUH informasiya agentliyi səhifəsindən çap edilib