Dərc edilib: 06-01-2016

https://www.nuh.az/7031-.html

KEÇMİŞ NAQİF GƏNCƏLİ İNDİKİ SEYFİ SADIXLI

06.01.2016 12:30:35

Cəmiyyət

Rasət  Pirisoyu  

 

İnboksu yenə də  Həmzəyevin başına oyun açırdı...

 

Artıq  bir saata yaxındı, eyni xəbəri kimlərsə dalbadal  Qürbət Həmzəyevin inboksuna  göndərirdilər. Qürbət Həmzəyev də deyinə-deyinə inboksu xəbərlərdən  təmizləyirdi, aradan üç-dörd dəqiqə keçməmiş inboksun qırmızı işığı yenidən yanırdı və Qürbət Həmzəyev inboksu açıb yenidən həmin xəbəri inboksunda görürüdü.Qürbət Həmzəyev feysbukda özünə səhifə  açanda çox sevinmişdi.  Şəkillərinin içindən ən gözəlini seçib feysbukda yerləşdirmişdi.Ürəyində feysbuku icad eləyənin atasına xeyli rəhmət oxumuşdu. Fikirləşmişdi ki, nə yaxşı, feysbuk var, darıxanda adamın  dadına çatır.Amma sonra görmüşdü ki, feysbukun da öz xata-balası az deyil. Bir neçə  dəfə feysbukda Qurbət Həmzəyevə möhkəm sataşmışdılar.Qurbət Həmzəyev ona sataşanı nə qədər axtarsa da, tapa bilməmişdi. Eləcə qovrula-qovrula qalmışdı. «Meşə  çaqqalsız olmaz!» deyib özünü birtəhər sakitləşdirmişdi.Arada hətta özünə  söz vermişdi ki, bir də feysbukdan  istifadə etməyəcək. Söz vermişdi, amma sözünə əməl edə bilməmişdi.Qürbət Həmzəyev hardan biləydi  ki, feysbuk da siqaret kimi, narkotika kimi,  lap elə ivanovka kimi bir şeydir, bir dəfə daddınmı, bir də dadmaq istəyəcəksən.«Kimdi axı bunlar?» Qürbət Həmzəyev inboksunu xəbər atəşinə tutan xəbərçiləri tanımaq istəyirdi, amma ha fikirləşirdi, bir yana çıxara bilmirdi. Özü də bu xəbərçilər nə yazsalar, yaxşıdır: «Təcili: Azərbaycan Istiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb».Əşşi, başa düşdük də! Başa düşdük ki, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb.Nə olsun?Nə böyük iş olub?Bəs siyasətçi nə üçündür? Özü də müxalif siyasətçi! Müxalif  siyasətçini  polisə çağırarlar da! Daha yeyib-içməyə çağırmazlar ki…Deyəsən, bunların  dünyadan  xəbərləri yoxdu. Atam,  qardaşım, günün günorta çağı çağırıb adamın  başına tapança  dayayıb, nəinki pul-parasını,  var-dövlətini, hətta şalvarını da əlindən alırlar, heç cınqırını çıxara bilmir, bunlar  da söz tapıb: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb».Görünür, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının da cibində  narkotika varmış da. Özü də təcili  narkotika...Deyəsən, vallah, bu istiqlalçıların heç Allahı yoxdu. Heç kimə  yazıqları gəlmir; əşşi, bəlkə birinin ürəyi xəstədir.Bəlkə kiməsə təcili xəbər çatdırmağın xatası var.Doğrudur, bu və bu kimi xəbərlər Qürbət Həmzəyevin heç vecinə deyildi. Amma yenə də olsun. Mədəniyyət yaxşı şeydir.Qürbət Həmzəyev  onsuz da  siyasətlə məşğul olmurdu. Siyasətlə  məşğul olanlardan da zəhləsi gedirdi.Qürbət Həmzəyev növbəti xəbərı silmək istəyəndə təzə olduğunu görüb əl saxladı. Xəbərdə deyilirdi: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı pasport-stola çağrılıb» Lap elə belə də  yazmışdılar: «….Seyfi Sadıxlı pasport stola çağrılıb»«Siz Allah, savadsızlığın  dərəcəsinə baxın e…»  Qürbət Həmzəyevin  xəbərdəki «pasport- stol»  sözündən az qala əti ürpəşdi: «Hələ bunlar özlərini müstəqil  Azərbaycanın qurucuları hesab  edirlər.  Amma bilmirlər ki,  «pasport-stol» sözü  mənfur  SSRİ-dən qalma  sözdür. Bu  sözdən imperiya  sapoqlularının qoxusu gəlir.  Nə «pasport» sözü  Azərbaycan dilindədir, nə də «stol» sözü. Azərbaycanda pasportun gül  kimi adı var: «şəxsiyyət  vəsiqəsi». Qürbət Həmzəyevin  bu sözdən çox xoşu gəlirdi. Qürbət Həmzəyev  pasportunu «şəxsiyyət vəsiqəsi»nə dəyişəndə əməlli - başlı qürur hissi keçirmişdi; fikirləşmişdi ki, deməli, o, artıq  təkcə vətəndaş deyil, həm də  şəxsiyyətdir, dövlət Qürbət Həmzəyevin şəxsiyyət olduğunu «şəxsiyyət  vəsiqəsi» ilə təsdiq edir. Bundan gözəl nə ola bilərdi. Əsl müstəqillik elə bu deməkdir də!  Qürbət Həmzəyev indi qürur hissi ilə xatırlayır ki, onun mənsub olduğu  nəsil  «stola»  hələ imperiya  vaxtında qorxmadan, çəkinmədən, hətta bəzən biclik işlədərək, lap elə mənfur  imperiyanın acığına  «masa» deyirdi. Lazım gələndə, «stola» hətta «miz» deyən də tapılırdı.Əslində müstəqilliyi  Azərbaycana  Qürbət  Həmzəyevin  mənsub  olduğu nəsil gətirmişdi. Buna baxmayaraq, Qürbət Həmzəyev özünü istiqlalçı hesab  eləmirdi. Özünə istiqlalçı deyənlərə də birtəhər  baxırdı. «Adama deyərlər», - Qürbət Həmzəyev özünə haqq  qazandırırdı - «əgər sən belə istiqlalçısansa,  niyə səni istiqlalçı kimi adam yerinə qoyan yoxdur, hə?...» Qürbət Həmzəyev xəbərlərin içində istiqlalçıların savadsızılığını sübutа yetirən  daha bir dəlil tapdı. O, öz-özünə fikirləşdi, yaxşı, bir tərəfdən təcili xəbər göndərirsən, o biri tərəfdən də xəbər yaymağın prinsiplərini pozursan.  «Bəs xəbər  göndərəndə adam dəqiqlik prinsipinə əməl etməzmi?»   -Hardansa yaddaşında ilişib qalan bu «dəqiqlik prinsipi»  ifadəsi Qürbət Həmzyevə ləzzət elədi. Hələ o, qərəzsizliyi və vicdanlılığı bir tərəfə qoyur.  «Bax, elə tutaq ki, biri mən!... Mən bilmək istəyirəm,  sizin Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlını  hansı  pasport-stola çağırıblar?»  Xəbərdə  bu barədə heç nə yazılmamışdı.Xəbər sirr içindəydi.Onsuz da son vaxtlar yayılan bütün xəbərlər axıra qədər deyilmir.Xəbər sahibləri adamlardan mütləq nəyisə gizlədirlər.Bəzən gülməli, bəzən qəribə, bəzən də qorxulu olan bu xəbərlər az qala hər gün adamların kələyini kəsir.Şəxsən Qürbət Həmzəyevin başı  bu xəbərlərdən şişib qazana dönmüşdü. Təzə xəbər eşitməmək üçün  Qürbət Həmzəyev  bəzən nəinki feysbukdan,  hətta dost-tanışdan da qaçıb gizlənirdi, əl telefonunu söndürüb, kompüteri  vayfaydan ayırırdı, arada  iki-üç ivanolvka alıb, səhərdən axşama, axşamdan səhərə kimi bala-bala vururdu özü üçün.Belə vaxtlarda televizora baxmaq da Qürbət Həmzəyevə  ləzzət eləyirdi.   O, bəzən  fikirləşirdi ki, bu telekanalları bəlkə elə invanovka içənlər düzüb qoşur, elə ona baxanlar da ivanovka içənlərdir.Qürbət Həmzəyevin belə düşünməyə tamamilə haqqı vardı. Çünki Qürbət Həmzəyev son vaxtlar qəti qərara gəlmişdi ki, ayıq başla televizora baxmaq,  ən azı ağrımayan başına dəsmal bağlamağa bərabərdir. Doğrudur, bəzi şişkalar hərdən televizora baxmağı özlərinə rəva görmürlər. Amma Qürbət Həmzəyev özünu o şişkalardan hesab etmirdi. Xeyr!Amma Qürbət  Həmzəyevin ayıq başla  televizora baxmamasının bir səbəbi də vardı. Məsələ ondaydı ki, Qürbət Həmzəyev cavanlığında bir balaca baz olmuşdu. Çox-çox illər əvvəl Yasamal  tərəflərdə evinə gedib gəldiyi bir arvad  vardı. O arvad eynən indi televizorda tez-tez dava salan, şpaqat  açan arvadlara oxşayırdı və  ayıq başla televizora baxanda o arvad  gəlib dururdu Qürbət Həmzəyevin gözlərinin qabağında. Qürbət Həmzəyev hərdən xəlvətə çəkilib o arvada zəng etmək istəyirdi.  Adamların  ivanovkasız hamının gözü qarşısında televizorda çıxardıqları  oyunları Qürbət Həmzəyev heç cürə ağlına sıxışdıra bilmirdi. Bu ivanovkada  necə bir kəramət vardısa, təkcə  Qürbət Həmzəyev yox, həm də dostları, bir-iki butulka boşaldandan sonra dönüb olurdu əsil istiqanlı, atılıb düşməyə hazır televiziya aparıcısı, yaxud «mən səni görmək istəsəm hara gəlim?» deyib  ilan dili çıxaran müğənni, xülaseyi kəlam, jurnalist, alim, şair, yazıçı, yaxud siyasi icmalçı…Qürbət Həmzəyev həm də fikirləşirdi ki, bu adamların ivanovka içməsi məsələsində bəlkə də bir az ifrata varır, nöşün ki, onların ivanovka içməsi bir az ağlabatan şey deyildi. Nə olar, olmasın ivanovka, olsun viski. Yoxsa  hamının gözü qarşısında  o söhbətləri ki, onlar eləyir, o hərəkətləri ki, onlar  göstərirlər, o göz yaşlarını ki, onlar axıdırlar, onu ivanovkasız eləmək, vallah,  qeyri-mümkündür.Qürbət Həmzəyevin dostları arasında bir qarabağlı vardı. Əməlli-başlı ivanovkabazdı. O, ikicə  stəkan kəmşirin ivanovka  vurandan  sonra  «Qarabağ  şikəstəsi»ni  elə oxuyurdu, elə oxuyurdu, adamın başının tükləri biz-biz olurdu... Ermənini yadına salıb  ürəyinin başı alışa-alışa  erməni  ölüsü kimi yan-yana düzülmüş boş butulkalara baxmaqdan özgə adamın əlindən heç nə gəlmirdi.Yazıq qarabağlılar!Qürbət Həmzəyevin  inboksunda  yenə də qırmızı işıqlar bir-birinin ardınca yanmağa başladı. İnboks Qürbət Həmzəyevi boğaza yığdı.Qürbət Həmzəyev kompüteri söndürdü.Başını əlləri arasına alıb saçlarımı ovuclarıyla bir-iki dəqiqə qarışdırdı, belə edəndə Qürbət Həmzəyevin canı həmişə azacıq dincəlirdi  və bütün əzalarında həzin bir yorğunluq hiss edirdi.Kompüteri  söndürəndən sonra Qürbət Həmzəyev fikirləşdi ki, bəli, 2 manat 62 qəpiyin başına daş salmağın əsil vaxtıdır; aşağı düşüb bir ədəd ivanovka aldı.* * *Qürbət Həmzəyev yuxudan bir də  gecə yarısı ayıldı. Canında zərrəcə sərxoşluq  rahatlığı yoxdu. Qürbət Həmzəyev öz təcrübəsindən bilirdi ki, ivanovka ən azı bir gün adamı öz ilahi beşiyində yırğalayır, yatmaq istəyəndə  yatırdır, yatmaq istəməyəndə adamı xəfif  yelpiklə yelpikləyir.Amma bu dəfəki ivanovka nədənsə daşa dönüb Qürbət Həmzəyevin  mədəsində  ilişib qalmışdı, gül kimi çaxır sehrini itirmiş sehrbaza oxşayırdı. Bəlkə də buna görə  Qürbət Həmzəyevin  ürəyi  bulanırdı. Elə bil başının içinə qurğuşun doldurmuşdular. Qürbət Həmzəyev başını birtəhər  çarpayıdan  qaldırıb otaqdakı  qaranlığı  bir xeyli  süzdü.Qaranlıq  onu elə hey harasa, anlaşılmaz  bir boşluğa çəkirdi. Və  o  boşluqda  həm də isti qumu yada salan nəsə vardı. Bu nəsənin təsiri  altında  Qürbət Həmzəyevin ağlından keçdi ki, bir  dənə də ivanovka olsaydı, pis olmazdı.Amma ivanovka hardan olaydı?Küçədən heç maşın səsi də gəlmirdi. Hamı şirin yuxudaydı. İndi bircə oyaq olan vardısa, o da  vayfaydı. Qürbət Həmzəyev uşaqları narahat etməmək üçün  üsulluca yerindən qalxdı, barmaqlarının ucunda qonşu otağa  keçdi və kompüteri  işə saldı.Pah!İnboksu aşıb daşırdı.Qürbət Həmzəyev əməlli-başlı əsəbləşdi.Öz özünə «əşşi» dedi, - «bu zalım uşağı bu xəbərləri niyə mənim inboksuma göndərir,  niyə feysbukun gül kimi səhifəsinə yerləşdirmirlər”.Qürbət Həmzəyev  birdən özündən şübhələndi: “Ə, bunlar  bəlkə  məni özlərinki  bilirlər. Yox, əşşi, mən hardan onlarınkı oldum. Hamı bilir ki, mən nə balığam, nə də ət!”   Qürbət Həmzəyev gözünü  inboksa dikib bir xeyli bu sualı ürəyində  götür-qoy etdi, ağlına  min cür fikir gəldi, sonra elə bil içindəki düyün  açıldı, yadına  düşdü ki, bu günlərdə axı feysbuk nazirini  işdən  çıxarıblar. Arada feysbuk üç  gün, üç gecə işləmədi.Və  o, inboksunu açdı.İnboks  yenə də «Təcili: Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı pasport stola çağrılıb» xəbəriylə doluydu… Qürbət Həmzəyev  səbrlə bu  xəbərləri inboksundan təmizləməyə başladı, ən nəhayət, gəlib növbəti xəbərə  yetişdi.Xəbərdə deyilirdi: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı pasport-stolda  kobudluqla üzləşib. taqda olan  üç nəfərdən biri  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlıdan pasportunu tələb edib, Azərbaycan  İstiqlal  Partiyasının  sədri  Seyfi Sadıxlı  tələbin məzmununu  başa düşməyib, pasportunun ondan niyə  tələb oluduğunu bilmək istəyib,  bunun  izah olunmasını xahiş  edib. Elə bu zaman  otaqdakı başqa bir nəfər  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlının sözünü kəsib və  onu polisə müqavimət göstərməkdə  günahlandırıb.  Bu ittihamın  müqabilində Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı  gülümsəyib və soruşub.- Siz deyə bilərsinizmi, mən polisə hansı hərəkətimlə müqavimət göstəmişəm?Polis Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya növbəti  kobudluq  edib:- Sən  (sən-?!)  sual verməklə polisə müqavimət göstərmisən! – deyib və  sonra əlavə edib. - Sual verməyin özü də polisə müqavimət göstərmək deməkdir.Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı ona  kobudluq  göstərən şəxsdən özünü təqdim etməsini xahiş edib, həmin şəxs özünü Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya təqdim etməyib»Artıq  neçə illərdi ki, Qürbət Həmzəyev polislə müxalifətçilər arasında müxtəlif  münaqişələrin  şahidi olurdu. O, bu münaqişələrin heç  birinə qoşulmamışdı. Hər dəfə də bu dedi-qodudan yaxasını kənara çəkmişdi.Bu dəfə də inboksundakı bütün xəbərləri “dilit” düyməsi ilə  silib atdı. Özünə söz verdi ki, bir daha inboksuna gələn xəbərlərin heç birini oxumaycaq. Bundan sonra öz feysbuk səhifəsini açıb digər xəbərləri oxumağa başladı.Xəbərlərin birində deyilirdi ki, hansisa  keçmiş nazirin  evində axtarış aparılıb,  evdən xeyli  miqdarda dollar, daş-qaş və digər qiymətli əşyalar  tapılıb.Qürbət Həmzəyev ürəyində «ay lotular!» deyib gülümsündü və xəbəri  klavinin «aşağıya» düyməsi ilə yuxarı itələdi.Növbəti xəbərdə Azərbaycanın xalq artistlərindən biri  televizyaya buraxılmadığından  şikayətlənirdi, ölkədən çıxıb gedəcəyi ilə kimisə hədələyirdi.«Buna da bir quş!»Növbəti xəbər  Qürbət Həmzəyevi sözün həqiqi mənasında şoka saldı.  Xəbərdən belə məlum olurdu ki, hansısa  küçə iti, bəlkə də  yeməyə  nəsə tapmaq ümidi ilə hansısa zibil yeşiyini eşləyərəkən zibilin içindən yenicə doğulmuş  körpə uşaq tapıb (bunu uşağın üst-başındakı zibil  qırıntılarından  görmək olurdu), amma ac olmasına baxmayaraq, it  körpəni  yeməyib, zir - zibili uşağın üstündən bacardığı  qədər təmizləyib, üsulluca uşağı dişlərinə alıb və yaxınlıqdakı dayanacaqda avtobus gözləyən adamları sarı aparıb.İtin ağzında uşaq görən dayanacaq  əhli o dəqiqə əllərinə keçən  daşla - dəmirlə yaraqlanıb, itin üstünə hücuma keçiblər.Kimsə 102-yə, polisə zəng edib.Qürbət Həmzəyevin inboksununun qırmızısı yenə də yandı.«Yanır  yansın, cəhənnəmə ki…»Xəbərdə yazılırdı ki,  dayanacaqdakı  adamlar iti daşa basıblar.  Yazıq  it  yambızına dəyən daşın ağrısından adamların onu öldürəcəyini  başa düşüb,  uşağı üsulluca yerə qoyub və qaçıb canını adamlardan qurtarıb, atılan daşların çata bilməyəcəyi bir məsafədə  dayanıb,  uzaqdan  adamların uşaqla neyləyəcəyinə  göz qoymağa başlayıb.Adamlar əvvəl  qarğa-quzğun kimi uşağın üstünə  tökülüşüblər.  Kimi cavanların tamamilə pozulduğunu, kimi  insanlığın fəlakət içində olduğunu, kimi dünyanın axırının çatdığını, kimi tezliklə imam Mehdi əz-zamanın zühur edəcəyini, … deyib, amma heç kəs uşağa kömək etməyib, adamların bəziləri isə hətta burnunu barmağıyla tutub kənara çəkilib.Uşaq yerdə eləcə zarıya-zarıya  qalıb. Bunu  uzaqdan görən it dayandığı  yerdən uca səslə hürməyə başlayıb.Dayanacağa yenicə gəlmiş on beş-on altı yaşlı bir qız tez əynindəki jaketi soyunub uşağı altına sərib, amma nə qədər uşağı əlinə götürməyə çalışsa da, bunu necə edəcəyini bilməyib. İt  baş verənlərə dözə bilməyib, həyəcanla hürə-hürə adamları üstünə gəlməyə başlayıb. Bunu  görən adamlar uşağı ortada qoyub, hərəsi bir tərəfə qaçıb. Bircə  o qızdan başqa. Cavan  qız itin niyə həyəcanlandığını o dəqiqə başa düşüb, nəinki uşağın yanından uzaqlaşmayıb, hətta itin başını da sığallayıb, it cavan qıza   qətiyyən müqavimət göstərməyib, sonra cavan qız  «Təcili  yardım»a  zəng edib. «Təcili yardım»  gəlib çıxandan, qız körpəni maşına yerləşdirəndən sonra it dayanacağı tərk edib.Səhifəyə  hələ  göbəyi üstündə olan uşağı ağzına alıb narahat-narahat adamlara baxan itin şəkli də qoyulmuşdu.İtin gözlərində izaha gəlməyən dəhşətli bir ifadə vardı.Doğrusu, bu xəbər Qürbət Həmzəyevi  əməlli-başlı kövrəltdi. Hətta  kövrəkliyi  o yerə çatdı ki, inboksuna gələn xəbərlərə də ürəyində  mərhəmət hissi  baş qaldırdı.Qürbət Həmzəyev inboksu açdı.«Təcili:  Pasport-stolda  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlının  pasportu  əlindən  alınıb. Ona yeni pasport  təqdim olunub.Təqdim olunan yeni pasportda  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlının  şəkli olsa da,  adı yerində:  «Naqif» , soyadı yerində:  «Gəncəli», atasının adı yerində isə: «Əhmədağa»  yazılıb. Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlı ona təqdim olunan  pasportu nifrətlə  qarışlaylb, pasportunun  qaytarılmasını  tələb edib, israrları müqabilində qarşı tərəf pasportu qaytarmaq əvəzinə, Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlıya məhkəməyə müracət etməyi məsləhət görüb, sonra  Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlını itələyə-itələyə otaqdan bayıra çıxarıblar»Qürbət Həmzəyev  gözlərinə inanmadı.   Hətta əsil bakılı ləhcəsi ilə:  «Bu nədi, alə?» - deyib donquldandı. «Olmaya bütün Bakı əhli bu gün özünü ivanovkaya tutub!»Qürbət Həmzəyev Naqif Gəncəlini  şəxsən tanımasa da o, feysbukda  Qürbət Həmzəyevin  dostu idi. Naqif Gəncəli pis oğlana oxşamırdı. Feysbukda yayılan xəbələrdən belə məlum olurdu ki,  guya o,  Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlınin  müavini olub, sonra nə səbəbəsə, onu Azərbaycan İstiqlal Partiyasından qovublar.Gözünə döndüyüm,  Naqif Gəncəli də eləməyib tənbəllik,  təzə bir partiya yaradıb,  adını qoyub Azərbaycan İstiqlal Partiyası.  Özü də olub həmin partiyanın sədri.Bu əhvalat Qürbət Həmzəyevi  xeyli güldürmüşdü.  O, hətta  yeni Azərbaycan İstiqlal Partiyasının yeni sədri Naqif  Gəncəliyə təbrik də göndərmişdi.  Ürəyində fikirləşmişdi ki, onsuz da bizim məmləkətdə həmişə bir qızın  ya aşikar, ya da qeyri-aşikar iki adaxlısı olub. Amma bir  partiyanın, bir adın və soyadın  iki «adaxlısı»  olması məmləkətdə nə isə təzə bir şeydi.Zarafat, zarafat, daha bu boyda zarafat  yox da…  Qürbət Həmzəyev  arada  fikirləşdi  ki,  bəlkə  sərxoşdur,  bəlkə ivanokanın təsiri indi-indi başlayır. Durub qapını açdı, eyvana çıxdı, eyvanın  pəncərələrini araladı,  şəhərə divan tutan Bakı küləyi iliyinə işlədi, dişləri bir-birinə  dəydi, cəld özünü  otağa saldı.Qürbət Həmzəyev sərxoş - zad deyildi.«Onda bunlar kimdirsə,  deməli məni dolayırlar» düşündü.  «Kimdi bu bic-vələdüznalar?»İnboksuna xəbər göndərən adamların adlarına baxdı. Bu dəfə xəbər göndərənləri tanıdı. Yox,  xəbəri göndərən adamlar kifayət qədər ciddi adamlardı. Doğrudur, Qürbət Həmzəyevin  bu adamların heç biri ilə şəxsi tanışılığı yoxdu, onları hamısı onun feysbuk dostlarıydı, onların ciddi adam olması yazdıqlarından görünürdü. O, bu adamların onu doladıqlarına heç cürə inanmaq istəmədi.     Sonra yenə də elə bil hər şey birdən-birə, özü özünə aydınlaşdı, Qürbət Həmzəyev bir neçə saniyənin içində qərara gəldi  ki, bu, hansısa virusun işidir.  Bu qəribə xəbərləri yəqin ki, hansısa virus yayır.  Bu bic-vələdüzna  viruslardan nə desən, çıxar. O gün  görkəmli Azərbaycan hüquqşünası Aslan İsmayılov  özü feysbuk  dostlarından üzrxalıq edirdi ki, mənim səhifəmdən  virus yayılır, təcili virusları təmizləyirəm, xahiş edirəm məni bağışlayasınız.Bir vuris ki, Aslan İsmayılovdan qorxmaya, o, yəqin ki,  Qürbət Həmzəyevi  heç  yerili-dibli vecinə almaz.Qürbət Həmzəyev inboksuna  göndərilən xəbərlərin hardan gəldiyıni özünə aydınlaşdırandan sonra xeyli rahatlandı, hətta ivanovkanın ağrı-acısı da başımdan çəkilib getdi.Amma yenə də bir ivanovka olsaydı, pis olmazdı.Amma bu dünyada nə baş vermir ki?Qürbət Həmzəyevin  bütün bu şübhələrinə feysbukda yayılan bir xəbər son qoydu. Xəbərdə deyilirdi ki,  Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı son vaxtlar İstiqlal Partiyası ətrafında  baş verən hadisələrə  aydınlaq   gətirmək üçün 2 noyabr, 2015-ci il  tarixində, saat 10.00 -da Mətbuat Mərkəzində mətbuat konfrası  keçirəcək.Giriş sərbəstdir.İstənilən adam mətbuat konfransında iştirak edə bilər.

Qürbət Həmzəyev mətbuat konfransında iştirak etmək qərarına gəldi.        
***
Mətbut Mərkəzində əsl qələbəlik idi. Necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Mətbuat Mərkəzi ağzına qədər jurnalistlə doluydu. Qürbət Həmzəyev Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya ürəyində «afərin» dedi.  O ki, bu qədər jurnalisti  bir günün içində bir yerə yığa bilib,  deməli, zor adamdır.  Hətta ürəyində  fikiləşdi, nə qədər ki imkan var,  Azərbaycan İstiqlal Partiyasına üzv yazılması pis olmazdı.
Sonra elə bil şeytan Qürbət  Həmzəyevi  qıdıqladı, özü  ürəyindən keçənlərə güldü: «Mən?... partiya üzvü!!!… öz ivanokamla bir yerdə!!!…  hə,  elə  Azərbaycan İstiqlal Partiyasında  bircə  mən çatmıram»  
Sonra bir az da fikirləşdi, öz özünə ürək-dirək verməyə başladı. «Əşşi,  hamının görə bildiyi işi sən niyə görə bilməyəsən. Niyə öz-özünü hürküdürsən? Burda pis nə var?  Bu vaxta qədər  siyasətlə  məşğul  olmamısan, nə olsun, bundan sonra məşğul olarsan»
Bu fikrə gəlib çıxmağı elə bil  Qürbət Həmzəyevə qol-qanad verdi.
İllüstrasiya. "Pasport-stol" idarəsi qarşısına toplaşmış insanlarİllüstrasiya. "Pasport-stol" idarəsi qarşısına toplaşmış insanlar«Əgər Azərbaycan İstiqlal  Partiyası bu qədər adamı bir yerə yığa bilibsə,  deməli, hardasa  hakimiyyət məsələsi də həll olunub.  Olmasın prezident, lap elə olsun Baş nazir!  Partiyaya üzv olsam,  bunlar da hakimiyyətə gəlsələr,  məni də heç olmasa harasa  JEK müdirindən - zaddan qoyarlar…»
- Nə  JEK müdiri, a bəy. Ən azı bələdiyyə sədri olacaqsan, bələdiyyə sədri!  Biz hakimiyyətə gələn kimi bələdiyyələrin statusunu genişləndirəcəyik…
«Bu nə danışır, ə?»  Qürbət Həmzəyevi hövl götürdü, «böyrümdə əyləşib  irişə-irişə üzümə  gülümsəyən bu cüvəllağı  olmaya, mənim fikirlərimi oxuyur?»
Hər etimala qarşı, Qürbət Həmzəyev özünü mədəni aparmaq qərarına gəldi:
- Siz nə deyirsiniz, bəy?
Cüvallağı gəncin ağzı qulaqlarının  dibinə getdi:
- Elə indicə özünüz dediniz ki, Azərbaycan İstiqlal Partiyası hakimiyyətə gəlsə, bəlkə məni harasa JEK müdirindən-zaddan qoydular. JEK  müdiri nədi, biz hakimiyyətə gəlsək, (mütləq  gələcəyik!)  srazu Sizi  parlamentə üzv qəbul edəcəyik.
Cüvallağı gənc belə deyəndən sonra hər şey Qürbət Həmzəyevə aydın oldu.  Lənətə gəlsin bu ivanovkanı, axır vaxtlar ivanovkadan vuran kimi  öz-özünə  danışır. Bunu evdə arvad da bir neçə dəfə  onun  üzünə vurmuşdu.
Bu cüvallağı Qürbət Həmzəyevi  yaman yerdə yaxalamışdı. Ona görə  Qürbət Həmzəyevin ağzını  ayırıb, cüvallağı  gəncin üzünə gülümsəməkdən başqa çarəsi qalmadı.
- Sizin adınız,  familyanız necə oldu?
Qürbət Həmzəyev başa düşdü ki, ilişib.
- Nə?
- Sizin  haqqınızda  partiyamızın sədri ilə  şəxsən mən özüm danışacağam.
Qürbət  Həmzəyev  birtəhər yaxasını cüvallağıdan  qurtarmaq qərarına gəldi.
- Bilirsiniz, bəy, mənə indi götür-qoy  mərhələsindəyəm. Hələ qəti qərara gəlməmişəm.
- Nə götür-qoy mərhələsi, a bəy - cüvallağı gənc Qürbət Həmzəyevdən əl çəkmək istəmirdi - Sən artıq «la İlahə İl Allalh» demisən, «artıq,  necə deyərlər, istinnıy müsəlmansan,  biz səni,  bəy,  mütləq  sünnət  eləməliyik.   Sənə bir sünnət  toyu düzəldim  ki…
Cüvəllağı gənc bütün bunları birnəfəsə Qürbət Həmzəyevin üzünə dedi və  özü də öz hazırcavablığına ürəkdən güldü.
Qürbət Həmzəyev pərt halda:
- Mən artıq sünnət olunmuşam- dedi
Cüvəllağı gənc, gülə-gülə:
- Narahat olmayın, bəy, mən partiya sünnətindən danışıram… - dedi
Birdən zalda əməlli-başlı canlanma yarandı. Adamlar ora-bura  qaçışıb, həyəcanlandılar, vurnuxdular və  komanda verilmiş kimi birdən-birə  dayandılar. Hamı üzünü qapıya tərəf çevirib, farağat komandasında dayandı. 
Cüvəllağı gənc əyilib Qürbət Həmzəyevin qulağına pıçıldadı:
- Bəy gəlir!… -  və görünməmiş bir ilhamla ayağa qalxdı və Qürbət Həmzəyevin oturduğunu, ayağa qalxmaq fikirində olmadığını görüb ərklə yaxasından yapışdı və Qürbət Həmzəyevi ayağa qaldırdı.
Bütün kameralar Bəyin gəldiyi  qapıya tuşlanmışdı. Bir-birinə  qarışan işıqlardan qapının ağzında əlvan, xəfifcə sayırışan, əsrarəngiz  bir halə yaranmışdı. Birdən Qürbət Həmzəyevə elə gəldi ki, içəri girən  Çingiz xandır, həmən qıyıq gözlər, əzəmətlə irəli çıxmış  çənə, möhtəşəm boy-buxun…
Qürbət Həmzəyev təbii ki, yenə də qeyri-iradi olaraq, ürəyində  ivanovkanı lənətlədi: «Lənətə gələsən, ivanovka!»
Cüvəllağı gənc:
- Biz bütün İvanovların planlarını alt-üst edəcəyik! -  dedi və əl çalmağa başladı.
Qürbət Həmzəyev  gözlərinə  inanmadı;  qapıdakı «Çingiz xan»  Seyfi  Sadıxlı deyildi,  Naqif Gəncəliydi. Ola bilməzdi.  Axı Qürbət  Həmzəyevin  oxuduğu elanda açıq-aydın yazılımışdı:
«… son vaxtlar Azərbaycan İstiqlal Partiyası ətrafında  baş verən hadisələrə  aydınlaq   gətirmək üçün  2 noyabr, 2015-ci il tarixində, saat 10.00 -da Mətbuat Mərkəzində Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı  mətbuat konfransı  keçirəcək»
Naqif Gəncəli idmançı  cəldliyiylə, yanında da bir nəfər, tələsik  yuxarı qalxdı və yəqin ki,  məxsusi onun üçün nəzərdə tutulmuş uzun, əzəmətli  stolun arxasına keçdi və başı ilə onu alqışlayanları salamladı.
Qürbət Həmzəyev yanındakı cüvəllağıdan soruşdu:
- Naqif Gəncəlinin yanındakı kimdir?
- Bizim mətbuat katibimizdir.  Bir də Naqif Gəncəli dünəndən Naqif Gəncəli deyil,  Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıdir.- Nə?-  Qürbət Həmzəyev inboksuna  göndərilən həyəcanlı xəbərlərin  virus olmadığını anlayıb, ağır-ağır altındakı oturacağa çökdü.Mətbuat konfransı başlandı.  Keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının mətbuat katibi ayağa qalxıb, zalı bir neçə saniyə zəhmli baxışlarla süzdü, deyəsən,  bu  ani göz kəşfiyyatı  ona hər şeyin yerində olduğunu xəbər verdi,  mətbuat katibinin üzündə xəfif  təbəssüm dolaşdı, sonra birdən-birə  ciddiləşdi və ən nəhayət, mətbuat konfransını açıq elan etdi.- Cənab jurnalistlər, son vaxtlar dünyada və ölkəmizdə bir-birindən maraqlı və gərgin hadisələr baş verir.  Bu hadisələr haqqında dolğun və dəqiq informasiya almaq hər bir vətəndaşımızın  hüququ və arzusudur.Bunu nəzərə alaraq, bizə ünvanlanan çoxsaylı müraciətləri əsas götürürək, vətəndaşlarımızın baş verən hadisələrə marağını lazım bilərək, xəbərlər haqqında dolğun və dəqiq informasiyanın vacibliyini  mümkün sayaraq, bu gün Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı Sizin qarşınıza çıxmağı lazım bilib.Sinəsindəki nişanda hansısa ölkənin bayrağı əks olunmuş bir alabəzək xanım jurnalist ayağa qalxıb Azərbaycan İstiqlal Partiyasının mətbut katibinin sözünü ağzında qoydu, icazə - zad almadan, birbaşa həm zala, həm də keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya sual ünvanladı:- Skajite pojaluysta, on Naqif Gəncəli ili Seyfi Sadıxlı?Mətbuat katibi özünü itirdi. Nə cavab verəcəyini bilmədi, sual dolu baxışlarını keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya zillədi.Qürbət Həmzəyev qulaqlarını şəkləyib, gözlərini dörd açıb  keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının suala nə cavab verəcəyini huş-guşla gözləməyə başladı.Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı sual verən alabəzək xanım jurnalisti  heç vecinə  almadan  sualı cavablandırmağı lazım bildi.- Mən Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam. Xahiş edirəm, bundan sonra hamı mənə bu adla müraciət etsin.  Doğrudur, kimin məni  necə adlandırmağının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Amma yenə də olsun, mən Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam.Azərbaycan İstiqlal Partiyasının mətbut katibi zalda kiməsə, nəsə işarə elədi və sonra zala üz tutdu:- Cənab jurnalistlər, bir neçə dəqiqəlik diqqətəinizi xahiş edirəm. Zəhmət olmasa monitora  baxın.Elə bu vaxt  zalın yuxarı başındakı nəhəng  monitor işıqlandı, monitorda dalğalanan Azərbaycan bayrağı göründü, sonra o bayrağı  Azərbaycan İstiqlal Partiyasının  rəmzi  əvəzlədi və rəmzin içindən yanar odların fonunda  keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının şəkli olan  şəxsiyyət vəsiqəsi qanadlanırmış  kimi monitorda  göründü; şəxsiyyət vəsiqəsində Naqif Gəncəlinin əzəmətli  çöhrəsi ilıq bir təbəssümlə işıqlanmışdı,  şəxsiyyət vəsiqəsində  adının yerində:  «Seyfi»,  atasının adı yerində: «Əhmədağa»,   soyadının yerində:  «Sadıxlı»  yazılımışdı.Qürbət Həmzəyev zala baxıdı.         Zalın bir hissəsi gülümsəyirdi, bir hissəsi açıq-aşikar əsəblik keçirirdi, bir hissəsi də donub yerində qalmışdı. Qürbət Həmzəyev altdan-altdan keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya  göz qoyurudu, keçmiş Naqif Gəncəli  indiki Seyfi Sadıxlı xeyli rahat idi, elə bil baş verənlərin ona heç bir dəxli yoxdu.Qürbət Həmzəyev ürəyində fikirləşdi,  bax əsil siyasətçi belə olar. Elə bu  vaxt  böyründəki  gənc cüvallağı ayağa qalxdı,  özünü ng_istiqlal.net  saytının əməkdaşı  kimi  təqdim edib keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya belə bir sual ünvanladı.- Cənab Seyfi Sadıxlı, bildiyimiz kimi, Azərbaycan  müxalifətinin siyasi həyatında böhran hökm  sürür.  Müxalifətdə olan bütün siyasi partiyalar faktiki öz aktiv fəaliyyətlərini dayandırıblar. Ancaq boş-boş bəyanatlar verməklə məşğuldurlar. Belə bir şəraitdə Siz görünməmiş cəsarət  nümayiş etdirib, müxalifəti, xüsusən də iflas həddində olan İstiqlal Partiyasını  yenidən bərpa emək fikrinə düşdünüz. Bunu böyük uğurla həyata  keçirdiniz. İndi bizdə belə bir məlumat var ki, Sizin İstiqlal Partiyasını Azərbaycan xalqına yeni formatda  və yeni  məzmunda  təqdim etmək planınız var.Bu format və məzmun özünü nədə ifadə edir?Keçmiş Naqif  Gəncəli indiki Seyfi Sadıxlı əzəmətlə ayağa qalxdı, ya Qürbət Həmzəyevə  belə gəldi,  ya bəlkə bu,  keçən axşamdan mədəsində  ilişib qalan ivanovkanın hikmətiydi, demək çətindir.- Rəhbərlik etdiyim Azərbaycan İstiqlal Partiyası kim tərəfindən tanınacaq, ya tanınmayacaq, bu, bizi qətiyyən narahat etmir. Əsas məsələ tamamilə  iflasa uğramış  bir partiyanı həyata qaytarmaq, ona yeni nəfəs vermək  idi. Biz bu tarixi vəzifənin öhdəsindən ləyaqətlə gəldik. İstiqlalçılarımız da partiyanın bərpa olunmasında görünüməmiş  cəsarət  nümayiş etdirdilər. Mən buna görə hər bir istiqlalçıya  partiya adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Biz belə hesab edirik ki, partiyanı o, bu yox, xalq tanımalıdır. Biz  artıq buna da nail olmuşuq.Yerdən hansı  jurnalistsə keçmiş Naqif Gəncəlidən indiki Seyfi Sadıxlıdan  nəsə soruşmuq istədi.- Naqif bəy, Naqif bəy …Keçmiş Naqif Gəncəli  indiki  Seyfi Sadıxlı əsəbi halda çıxışını dayandırdı və qəzəblə  jurnalistə baxdı.Keçmiş Naqif Gəncəli  indiki  Seyfi Sadıxlınin mətbuat katibi əlüstü ayağa  qalxdı, monitoru jurnalistə göstərdi:  - A bəy, a bəy, axı Sizə dedilər,  Seyfi bəy!- Yaxşı, olsun  Seyfi bəy!Mətbuat katibi sözünə davam etdi:- İndidən liderinizi tanımığa çalışın, cənablar. Bu, bir. İkincisi, cənab Sadıxlı çıxışını qurtarandan sonra mən Sizin hər birinizə sual üçün ayrı-ayrılıqda  söz verəcəyəm. Heç kəs diqqətdən kənarda qalmayacaq.  Bir az mədəni olsaq, xancalımızın qaşımı düşər? Cənab Sadıxlı, çıxışınızı davam etdirməyi xahiş edirəm.Birdən-birə keçmiş Naqif Gəncəlinin, indiki Seyfi Sadıxlının gözləri əməlli-başlı doldu, nitqini  kəsib, mövzunu dəyişdi.- Biz bilirik, ağır yol seçmişik. Bizə çox adam daş atacaq. Amma bizə daş atanlar hansı günahın sahibi olduqlarını biləcəklərmi? Çətin! Amma biz o daşları bir yerə yığıb Azərbaycan xalqı üçün möhtəşəm bir saray ucaldacayıq. Mən  öz xalqımı sevirəm. Mən xalqımın yolunda hər şeyə getməyə hazıram.  Mən bu addımı niyə atmışam? Bircə şeyə görə… Mən  müstəqillik  tariximizdə  xüsusui yeri olan Azərbaycan İstiqlal Partiyasını düşdüyü  bataqlıqdan çəkib çıxarmalıydım. Azərbaycan İstiqlal Partiyasında son vaxtlar avtoritarizm hökm sürürdü. Mən isə  xalqımızın xilasını demokratiyada görürəm. İstiqlalçıların da  böyük əksəriyyəti  bunu arzulayırdı. Ən nəhayət,  biz bir yerə yığışıb İstiqlal Partiyamızı  bərpa etdik.  İndi biz beynəlxalq  skandala yol vermədən partiyamızın  dövlət  qeydiyyatına  alınmasına  çalışmalıyıq.  Bunun üçün biz mümkün sivil addımların hamısından istifadə etməliyik. Hər şey  ölkəmizin qanunları çərçivəsində baş verməlidir.  Ölkəmizin qanunları isə hər bir vətəndaşa  öz adını, soyadını, hətta atasının adını dəyişmək hüququ  verir.Birdən keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bayaq onun  sözunü kəsən jurnalistə üzünü tutdu:- Hörmətli cənab  jurnalist, deyin görüm qanunlarımız  hər bir vətəndaşa belə bir hüquq verir, ya vermir?!Keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının qəfil hücumundan  jurnalist  özünü itirdi, ayağa qalxıb bir müddət böyümüş  gözlərini  keçmiş Naqif  Gəncəlinin  indiki Seyfi Sadıxlının üzünə dikdi,  ən nəhayət, boğazını arıtladı, sonra fit səsinə bənzər bir səslə:- Verir, Naqif  müəllim, verir - dedi.- Yenə dedi Naqif müəllim, yenə dedi  Naqif  müəllim.  A qardaş, a yoldaş, a vətəndaş,  Naqif  müəllim yox e, cənab Sadıxlı… Yenə dedi  Naqif  müəllim… Yenə dedi Naqif  müəllim…Mətbuat katibi vurnuxa-vurnuxa, deyinə-deyinə, donquldana-donquldana  tikan üstündə otururmuş  kimi ehmallıca  stuluna əyləşdi.Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı  mətbuat katibinin donqultusunu  vecinə  almadı, xüsusi bir şövqlə  şəhadət barmağını yuxarı qaldırdı :- Ay sağ ol! - dedi. - Elə bu qanuna görə də mən öz adımı və soyadımı dəyişmək qərarına gəldim.  Mən bu hüququmdan istifadə etdim. İndi deyin görək burda qeyri-qanuni nəsə varmı. Hay?Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bir daha kövrəldi:- Bunun  mənim tərəfimdən böyük fədakarılıq olduğunu gələcək nəsillər  mütləq başa düşəcək.Hansısa jurnalist yerdən söz atdı:- Seyfi Sadıxlıya da Naqif Gəncəli pasportu veriblər axı.Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı özündən çıxdı:- Axı, ay qardaş, bunun mənə nə dəxli var? Bu, mənim problemim deyil axı.   Bu kimin problemidirsə, qoy o, problemin həll ilə məşğul olsun!Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı  bayaqdan əlində tutduğu əl dəsmalı ilə geniş alnının tərini sildi.Sual verən  jurnalist keçmiş Naqif Gəncəlidən indiki Seyfi Sadıxlıdan əl çəkmək istəmirdi.- Necə həll etsin?Keçmiş Naqif Gəncəli  indiki Seyfi Sadıxlı əllərini yana açıb bir xeyli «mən nə bilim» pozasında dayandı,  səsi qəribə şəkildə  dəyişdi,  bilmək olmadı keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı ağlamsınır, yoxsa gülümsəyir:- Məhkəmyə müracət etsin?Keçmiş Naqif  Gəncəlinin indiki Seyfi Sadıxlının  cavabı yerinə düşdüyündən, ya nədənsə, zalda kimsə əl çalmaqla bu cavabı alqışladı. Bütün zal bu alıqışa qoşuldu. Zalı sürəkli və gurultulu alqışlar bürüdü. Bu  sürəkli və gurultulu alqış səsləri keçmiş Naqif Gəncəlini indiki Seyfi Sadıxlıni növbəti dəfə kövrəltdi.Keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının bu kövrəkliyi  zala  da  öz təsirini göstərdi. Bir neçə qadın jürnalist əl dəsmalı tapmaq üçün dizlərinin  üstündəki çantalarını eşələməyə başladılar.  Zalı qəribə bir hənirti bürüdü.Qürbət Həmzəyev  bir-birinin ardınca  aldığı emosional  təəssüratın  təsiri  altında,  nə qədər qəribə olsa da, keflənməyə başlamışdı. Elə bil axşamkı ivanovaka indi  gəlib onu tapmışdı. Özü də bu keflənmə bir-iki şüşənin işi deyildi.  Elə bil Qürbət Həmzəyev bir neçə invanovkanı birnəfəsə başına çəkmişdi.  Qürbət Həmzəyev bilirldi ki, bu keflənmənin  axırı yaxışı qurtarmayacaq, ona görə də ehmallıca böyründəki cüvəllağı gəncə tərəf əyildi:- Qardaşım, deyəsən, mənim vəziyyətim yaxışı deyil. Mən bayıra çıxmaq istəyirəm.Cüvəllağı  gənc qəzəbli və sınayıcı nəzərlərlə Qürbət Həmzəyevə baxdı- Necə yəni bayıra çıxmaq istəyirəm.  Bura mətbuat zalıdı e, tualet deyil.Qürbət Həmzəyev nə qədər kefli olsa da, gənc cüvəllağının nə dediyini  göydə  tutdu.- Mən o mənada demirəm…  mən demək istəyirəm ki, … mən təmiz  havaya çıxmaq istəyirəm… - Qürbət Həmzəyev  sakitcə gənc  cüvəllağının  qulağına pıçıladı - …deyəsən, mən həm də mahnı oxumaq istəyirəm…- Hə… həə… - cüvəllağı gənc gülümsündü və bir allah bilir  nə səbəbəsə  kefi açıldı: - Ay xatakar, bura  vurub gəlmisən. Səndən elə əvvəldən  ivanovka  iyi gəlirdi. Yaxşı, bu dəqiqə…İvanovkanın adını eşidən kimi elə bil  bütün dünyaını Qürbət Həmzəyevə  bağışladılar,  deyəsən, bu cüvəllağı da ivanovkanın dadını yaxışı bilirdi.  Cüvəllağı bir anın içində Qürbət Həmzəyev üçün  dünyanın ən əziz  adama  döndü:- Can, ay jurnalist!Qürbət Həmzəyev cüvəllağı gənci qucaqlayıb bağrına basmaq istədi.  Amma cüvəllağı gənc buna imkan vermədi, Qürbət Həmzəyevi qamaralayıb  qoltuğuna  aldı.- Cənablar,  yol verin, burda bir soydaşımız  özünü yaxışı hiss etmir.  Sonra  Qürbət Həmzəyevə tərəf əyildi - Özünü saxla, qaytarıb eləmə!Adamlar üsulluca  cüvəllaığı gənclə Qürbət Həmzəyevə yol verdilər.Aranı pıçıltılar bürüdü:- Deyəsən, bu keflidir.- Deyəsən, nədir, ə, görmürsən  keflidir?!Kimsə Qürbət Həmzəyevi danışdırmaq  fikirinə düşdü:- Alə, sübhün gözü açılmayıb, bu nə vaxtın vurmağıdı belə?Qürbət Həmzəyev hiss etdi ki, hardansa, canına  şıdırığı nağara ritmi  dolur.  Amma hardan? Qürbət Həmzəyev dəqiqləşdirə bilmədi. Qollarını qaldırdı.- Can, ay jurnalist!Sonra bu ritm öz yerini  hansısa melodiyaya verdi. Amma bu melodiyanın da  hansı melodiya olduğunu  Qürbət Həmzəyev heç cürə  yadına sala bilmədi.Adamlar kənara çəkilib  cüvəllağı gənclə Qürbət Həmzəyevə  yol verməkdə davam edirdilər. Hamı da gülümsəyirdi.Çıxış qapısına bir on beş addım qalmış melodiya Qürbət Həmzəyevin yadına düşdü. Melodiyanın Qürbət Həmzəyevin yadına düşüməsi ilə içərisində  oxumaq, zəngulə vurmaq, haray çəkmək istəyi aşıb daşdı.Bu hissin buyruğunu yerinə yetirmək üçün Qürbət Həmzəyev qarşısındakı jurnalistin boynuna sarılmaqdan özünü saxlaya bilmədi: - Can, ay jurnalist!Jurnalist  onu ikrahla özündən uzaqlaşdırdı.Qürbət Həmzəyev  açıldı, nə açıldı:          -Gedirdim günbatana,          Rast gəldim meymun satana,          Dedim, meymun neçəyə,          Dedi, qalsın gecəyə,          Dedi, qalsın gecəyə,          Dedim, meymun neçəyə…Qürbət Həmzəyev birdən-birə həm də hiss etdi ki, zaldan çıxmaq  istəmir,  zalda qalıb mahnını axıra qədər  oxumaq istəyir.  Bunu hiss edən kimi başa düşdü ki, arzusunu yerinə yetirmək üçün ilk növbədə özünü cüvəllağı  gəncin əlindən qurtarmalıdır.- Əl çək məndən, ə, cüvəllağı!Amma cüvəllağı gənc  Qürbət Həmzəyevin bu arzusunu gözündə qoydu. Bir neçə gənc jurnalist də cüvəllağının köməyinə gəldi, biri çiyinlərindən, o biri isə ayaqlarından tutub Qürbət Həmzəyevi Mətbuat Mərkəzinin zalından  bayıra çıxartdılar. Qapını örtüb  geri qayıtdılar.Qürbət Həmzəyev jurnalistlərin  bu  hərəkətini özünə  qarşı haqsızlıq kimi başa düşdü, etiraz etmək məqsədi ilə zalın qapısını açıb yenidən içəri qayıtdı  və elə qapının ağzındaca:- Siz məni təhqir etmisiniz!  Siz məni təhqir etmisiniz! - deyib bağırmağa başladı:- Mən bu işi belə qoymayacağam.   Mənim keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya  sualım var.Hələ oturmağa  macal tapmamış cüvəllağı yendən geri dönməli oldu.- Alə,… - o,  dodağının altında  nəsə deyə-deyə Qürbət Həmzəyevə doğru yeriməyə  başladı, deyəsən, cüvəllağının dediyi o sözü  Qürbət Həmzəyevdən  başqa zalda hamı eşidirdi və gülürdü:- Biz səni təhqir etmişik, ə,  … ,  yeri  get məhkəməyə müracət elə!Qürbət Həmzəyev elə bil birdən-birə ayıldı:- Hara?- Məhkəməyə…Deyəsən, yenə kimsə zalda baş verənləri alqışlamaq fikrinə düşdü, əlini  əlinə çırpdı,  adamlar  əlüstü  bu alqışa qoşuldular və  bir anın içində  Mətbuat Mərkəzinin geniş və işıqlı zalını sürəkli və gurultulu alqış səsləri  bürüdü.
                                                                                                   dekbar 2015

NUH informasiya agentliyi səhifəsindən çap edilib