Dərc edilib: 09-01-2016

https://www.nuh.az/7045-.html

Camal Quliyev: GMO orqanizmlərin təyini üzrə laboratoriya bu ilin ortalarında istifadəyə veriləcək (MÜSAHİBƏ)

09.01.2016 14:23:17

İqtisadiyyat

 

"Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması üçün məqsədyönlü mübarizə tədbirləri aparılmalıdır".

Bunu SalamNews-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

 

- Bu gün ölkədə fitosanitar vəziyyət hansı səviyyədədir?

 

- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə bir sıra həlli vacib olan tədbirlər həyata keçirilib. İlk növbədə ölkə ərazisində fıtosanitar sabitliyin qorunması, bitki mühafizəsi və karantini sahəsində aparılan tədbirlərin operativliyinin təmin edilməsi, şəffaflığın daha da artırılması, habelə çevik idarəetmə strukturunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 18 fevral tarixli 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aparatının və tabeli qurumlarının yeni strukturu təsdiq edilib və Xidmətin tabeli qurumlarında çevik idarəetmə strukturunun formalaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilib. Eyni zamanda, Ağdam, Abşeron, Bərdə, Beyləqan, Balakən, Cəlilabad, Kürdəmir, Xaçmaz, Hacıqabul, Samux, Şamaxı, Lənkəran, Şəki, İmişli, Biləsuvar, Tovuz və Saatlı rayonlarının bitki mühafızəsi mərkəzlərinin hər birinin tərkibində mobil bitki mühafizəsi dəstələri yaradılıb.2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının müvafiq maddələrinin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi işləri davam etdirilir. Həmçinin, ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilib, Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın və tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə Xidmət tərəfindən işlənib hazırlanmış milli proqramların icrası uğurla davam etdirilib.
- Ötən ilin sonlarına yaxın fitosanitar vəziyyətlə bağlı nə kimi tədbirlər görülüb?

 

- Diqqətinizə çatdırım ki, ötən il ərzində ölkədə fitosanitar vəziyyətin qorunub saxlanılması ilə bağlı bir sıra maarifləndirici tədbirlər görülüb. Bu tədbirlər sırasına noyabrın 21-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tədris korpusunda təşkil olunan “Bitki mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik əsasları” mövzusunda III regional seminar-müşavirəni misal göstərmək olar. Dövlət Xidmətinin yerli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələrinin, Elmi-Tədqiqat və Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə baş tutan müşavirədə, “Bitki mühafizəsinin müasir problemləri və həlli yolları”, “Respublika ərazisində kartof güvəsinin (Phthorimaea operculella Zell.) və yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planlarının icra vəziyyəti”, “Kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri” mövzuları üzrə müzakirələr aparılıb, səmərəli mühafizənin təşkili və ölkə ərazisində fitosanitar nəzarətin yaxşılaşdırılması yolları araşdırılıb.Dekabrın 16-da isə Dövlət Xidməti tərəfindən Şəki rayonunda DFNX-nin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Respublikanın mədəni əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsinin vəziyyəti”nə dair IV regional müşavirə keçirildi. Müşavirədə, tədbirin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib, “Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planını”nın icra vəziyyəti barədə geniş məlumat verilib, “Dənli, taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri” və “Respublika ərazisində tikanlı quşüzümünün (Solanum rostratum Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti ” mövzularında məruzələr edilib və müvafiq müzakirələr aparılıb. Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılıb. Müşavirə iştirakçıları Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış ediliblər.Qeyd edim ki, hazırki dövrədək bitkiçilik məhsullarının zərərlı orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan geniş istifadə edilir. Lakin müxtəlif çeşidli pestisidlərdən istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin aparılmasından çox asılıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü aparılması vacibdir. Düzgün təşkil edilmiş mübarizə sistemi zərərverici və xəstəliklərin, alaq otlarının kütləvi surətdə çoxalıb artmasının və məhsul itkisinin qarşısını alır. 2015-cü ildə respublika ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinə yol verilməyib və zərərvericilərin say miqdarı minimuma endirilərək fitosanitar sabitlik təmin edilib.

 

- 2016-cı ildə fitosanitar vəziyyətin sabit saxlanılması üçün nə kimi planlar hazırlanır?

 

- 2016-cı ildə ilk növbədə Respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bundan başqa, qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafızəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Abşeron rayonlararası Bioloji laboratoriyada trixoqramma istehsalının və tətbiqinin davam etdirilməsinin, eyni zamanda insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fıziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin, müasir tipli ultra kiçik həcmli çiləyici aqreqatların tətbiqinin genişləndirilməsi yolu ilə pestisidlərlə işləmələrin texnoloji prosesinin təkmilləşdirilməsinı təmin etmək, idxal-ixrac əməliyyatlarını təhlil etmək, sərhəd boyu ərazilərdə və respublika ərazisində aidiyyəti orqanlarla birgə monitorinqlər keçirməklə, idxal olunan bitki mənşəli məhsullarda karantin zərərverici, xəstəlik və alaq otlarını aşkar etmək, onlara qarşı kompleks mübarizə tədbirlərini həyata keçirmək və prioritet sayılan zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması istiqamətində aidiyyəti elmi-tədqiqat müəssisələri ilə əlaqələri genişləndirmək qarşımızda duran əsas vəzifələrdəndir.
 

 

- Dövlət Xidməti tərkibində yaradılan laboratoriyalar nə vaxt tam istifadəyə veriləcək?

 

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanınının icrasından irəli gələn məsələlərə dair” Tədbirlər planı”nın təsdiq edilməsi barədə 08 may 2014-cü il tarixli 44-1 nömrəli əmrində nazirliyin tabeliyində olan laboratoriyaların fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi və 2018-ci ilə qədər onların beynəlxalq akkreditasiyasının təmin edilməsi stateji hədəf kimi qoyulub.Dövlət Xidməti tərkibində fəaiyyət göstərən Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyası 2015-ci ildə Respublika Karantin Ekspertiza Mərkəzi adlandırılıb, həmin mərkəzin nəzdində entomologiya, fitopatologiya, fitohelmintologiya, herbologiya və molekulyar diaqnostika laboratoriyaları yaradılıb.RespubIika Nəzarət-toksikologiya laboratoriyası isə Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzi adlandırılıb. Eyni zamanda, həmin mərkəzin nəzdində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, ağır metalların təyini, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və mikotoksinlərin təyini laboratoriyaları yaradılıb. Hazırda həmin laboratoriyaların yenidən qurulması, onların müasir cihaz və avadanlıqlarla təchiz edilməsi, eləcə də regionlarda yeni laboratoriyaların qurulması istiqamətində intensiv işlər aparılır. Bu işlər gələcəkdə rəqabət qabiliyyətli, ekoloji təmiz bitki mənşəli məhsulların istehsalının təmin edilməsinə, məhsulların keyfiyyətinə müasir tələblərə uyğun nəzarətin həyata keçirməsinə imkan verəcək.Respublika Karantin Ekspertiza Mərkəzinin və Respublika Toksikoloqiya və Keyfiyyətə Nəzarət Mərkəznin tərkinində olan laboratoriyalarda hazırda avadanlıqların yerləşdirilməsi və kalibrasiya kimi işlər aparılır. Artıq Genetik Modifikasiya Olunmuş (GMO) orqanizmlərin təyini üzrə laboratoriya otağında avadanlıqların yerləşdirilməsi, əməkdaşların təlimi prosesləri başa çatdırılıb. Bütövlükdə, laboratoriyalarda yenidənqurma işləri təqribən bu ilin ortalarına qədər tam yekunlaşacaq.
 

 

- Dekabr ayında neçə min hektar sahədə hansı gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb?

 

- 2015-ci ildə Dövlət Xidməti tərəfindən Respublika ərazisində bitkilərin ziyanverici və xəstəliklər, habelə karantin tətbiq olunan zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirib, o cümlədən bunların yaranma səbəblərini müəyyənləşdirmək məqsədilə müşahidələr aparıb. Dekabr ayında isə bu tədbirlər daha ciddi şəkildə həyata keçirilib. Belə ki, ölkə ərazisində 299770 hektar ərazidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparmaq üçün müşahidə işləri həyata keçirilib, 128786 hektar sahədə isə sirayətlənmə aşkar olunub. Görülən mübarizə tədbirləri nəticəsində 38 min 534 hektar sahə siçanabənzər gəmiricilərdən tamamilə təmizlənib. Qeyd edim ki, bu əkin sahələrinin 25357 hektarında görülən işlər dövlət büdcəsi hesabına həyata keçirilib. Ötən dövr ərzində taxıl böcəyinə qarşı da ciddi mübarizə aparılıb. Belə ki, 57578 hektar sahədə müşahidə aparılıb və 33423 hektar əkin sahəsinin adıçəkilən zərərvericilərə yoluxması qeydə alınıb. Dövlət büdcəsindən ayrılan vəsait hesabına 20517 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
 

 

- Ötən dövr ərzində həyata keçirilən monitorinqlər zamanı hansı xarici karantin orqanizmlərə rast gəlinib?

 

- Diqqətinizə çatdırım ki, ötən il Azərbaycan Respublikası ərazisində həyata keçirilən fitosanitar tədbirlər zamanı heç bir xarici karantin orqanizmlərə rast gəlinməyib. Yalnız xaricdən ölkəyə idxal olunan 267,37 ton ərzaq kartofunda xarici karantin orqanizmlərindən kartof gövdə nematodu (Ditylenchus destructor Thorne), 689 ton ərzaq qarğıdalı məhsulunda isə yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) aşkar olunub və karantin tədbirlərinə uyğun olaraq zərərsizləşdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib