Dərc edilib: 24-04-2016

https://www.nuh.az/7080-.html

Daş karxanasından Prezident Adminstrasiyasına...

24.04.2016 19:21:59

Siyasət

Son günlərdə qiymət artımı ilə bağlı  müxtəlif rayonlarda lokal  etiraz aksiyaları baş verir, əhali narazılığlnı bildirir.

Kimlərsə bu aksiyaları  alkaşların, müxtəlif partiya təmsilçilərinin, ya da ekstremist  qüvvələrin təxribatı adlandırırır.

Bu məqamda yadıma düşür ki, 1989-90-cı illərin etiraz mitinqlərini o zamankı Azərbaycanın  rəhbərlərindən biri, rəhmətlik Elmira xanım Qafarova  ən yüksəsk tribunadan  “narkomanların, ekstremist qüvvələrin təxribatı..”  adlandırırdı. Sonu nə oldu?


Sözün qısası, son aksiyalarda bir məsələ qabarıq görünür. Narazı əhalinin qarşısına ən azı çıxa biləcək  yerli rəhbərlər, icra başçıları yoxdur.

Əhalinin qarşısına çıxan icra başçıları isə  ancaq vətəndaşlara söyüş söyməklə, “ əə, köpəkoğlu…əə it oğlu..”  deməklə vəzifələrini yerinə yetirmiş olurlar.
Bütün bunlar onu göstərir ki, dövlətin siyasətini yerlərdə  yerinə yetirməli olan icra başçılarının çoxu yerində deyil. 


…Məlumdur ki,  istənilən hakimiyyət üçün ən  zəif və həssas məsələ kadr məsələsidir. Bu bütün ölkələrdə belədir.  Ölkənin birinci şəxsinin öz siyasi komandasını formalaşdırması çox mürəkkəb və çətin prosesdir. Aydındır ki, birinci şəxsin bütün komanda üzvlərini, o cümlədən  70-80  rayonun icra başçılarını  şəxsən tanıması və onlara yaxından bələd olması hətta fiziki cəhətdən mümkün deyil.
Ona görə də ölkə başçısı öz komandasını formalaşdırarkən inandığı şəxslərin məsləhətlərinə qulaq asmalı olur. Ümumiyyətlə, Azərbaycan kimi  gənc, dövlətçilik təcrübəsi az olan ölkələr  tez-tez kadr problemi ilə üzləşir. Hətta kifayət qədər yüksək siyasi və idarəetmə təcrübəsi olan  Heydər Əliyevin də bəzi komanda üzvlərinin yolu  həbsxanadan keçdi.


Son illərdə  neçə-neçə  azərbaycanlı nazir, yüksəkçinli dövlət məmuru, generallar  həbsxana həyatı yaşamalı oldu.

Son  vaxtlar  “MTN işi” ilə bağlı cəmiyyətimiz şok yaşadı. Ölkənin təhlükəsizliyi etibar edilmiş nazir və onun müavini olan generallar  vətəndaşlarla  bandabaşçısı kimi davranırmış.

Axırıncı   aksiyalar  həm də   icra başçılarının  əhali arasında heç bir nüfuzunun olmamasını, hadisələrə hazır olmaqdıqlarını ortaya qoydu. Bu əslində belə də olmalı idi. Çünki icra başçılarının çoxunun tərcümeyi-halına  sadəcə  göz atmaq yetər ki,  yerli  rəhbərlərin  hansı durumda olduğunu  biləsən.

60-70 minlik, bəzən 100-150 minlik  rayona rəhbər təyin olunan şəxslərin nə vaxtsa hansısa kənddə, yolqırağında kafe midiri, kooptorqda müdir müavini, daş-çınqıl karxanasında  rəis,  yaxud  “zavqar”-qaraj müdiri  işləmələri  biabırçılıqdan başqa  bir şey deyil.

Axı, hansısa kənddə yol qırağındakı kafe  nədir ki, orda müdir müavini, yaxud müdir vəzifəsi ola..? Ona görə də icra başçısı təyin olunan şəxs  rayona da “ yol qırağı”  kimi baxır,  rayonu  karxana  kimi işlədir. Görəsən,  adi  çınqıl sexinin, daş karxanasının  müdirinə  birdən-birə PA-da baş məsləhətçi işləmək zərurəti  haradan yaranır?

 

Axı, ölkəmizdə kifayət qədər dövlətin pulu ilə  xaricdə təhsil almış savadlı kadrlar var…O da maraqlıdır ki,  icra başçısı təyin olunan şəxsin sənədləri, “delo”su  ölkə başçısına  çatana kimi mühüm  instansiyalardan keçir. Necə olur ki, belə təsadüfi adamlar  prezidentin etimadını qazana bilir, mühüm vəzifələrə  təyin olunurlar  və sonda öz əməlləri ilə  ölkə başçısının da imicinə kölgə salırlar. Ən dəhşətlisi odur ki,  vətəndaşların dövlətə olan inamı itir.…

...Yaxşı yadımdadır, mərhum prezident Heydər Əliyevin səhhətində problem olduğu vaxt icra başçılarından biri  iclasda “Mən ürəyimi cənab Heydər  Əliyevə verməyə hazıram” təklifini verəndə ölkə başçısı bunu pis  qarşıladı və “Mənə heç kimin ürəyi lazım deyil” cavabını verdi. Bu olaydan bir-iki həftə sonra məlum oldu ki, müvafiq dövlət qurumları  həmin icra başçısının fəaliyyətini yoxlayırmış və külli miqdarda yeyinti var imiş. Bir müddət sonra həmin icra başçısı 7 il müddətinə həbs olundu.

Sözümün canı odur ki, icra başçısı kimi  mühüm vəzifəyə  normal, savadlı, təcrübəli şəxsləri seçib təyin etmək lazımdır ki, nə vətəndaşlarımız əziyyət çəksin, nə də  dövlətimizin imicinə zərbə dəysin.

 


NUH.az-ın Baş redaktoru  Kamran Məhərrəmli   

NUH informasiya agentliyi səhifəsindən çap edilib