Dərc edilib: 21-01-2016

https://www.nuh.az/7115-.html

Dağüstü Park necə Şəhidlər Xiyabanı oldu? – Şahid danışır

21.01.2016 19:30:12

Cəmiyyət

 

“1990-cı il yanvarın 20-də səhər tezdən Mərkəzi Komitənin (indiki Prezident Administrasiyasının binası – red.) qabağına getdim.

Binada və ətrafında silahlı rus əsgərləri var idi, amma buna baxmayaraq, iki minə yaxın insan ora toplaşmışdı”. Bunu Qafqaznews.az-a 26 il əvvəl 20 yanvar hadisələrinin iştirakçısı olmuş iqtisadçı Aydın Kazımov bildirib. “Orda AXC liderlərindən kimsə görmədim. Sabir Rüstəmxanlı və Milli Qurtuluş Partiyasının sədri Hatəmi Tantəkin var idi. Sabir bəy yanvarın 13-də AXC-dən çıxmışdı, şair kimi ora gəlmişdi.AXC-nin qərargahı isə dağılmışdı, rəhbərliyin təqib olunduğunu deyirdilər. Həmçinin Abdulvahab Manafov və Əbülhəsənov soyadlı hərəkat fəalı da toplaşanlar arasında idi… İnsanlar qəzəbli idi, silahlı rus əsgərləri bizi qovmağa çalışsalar da, getmədik.Biz istədik Mərkəzi Komitənin qarşısındakı hündür yerə çıxıb insanlara müraciət edək, amma bizi ora çıxmağa qoymadılar” , – deyə Aydın Kazımov yada salır.Daha sonra isə, onun sözlərinə görə, ora toplaşanlar Hatəmi Tantəkinin gətirdiyi qara lentləri bağlayıblar. “Tələsik elə ordaca toplaşaraq qərar verdik ki, belə olmaz, nəsə etməliyik. Ən azından şəhidlərin dəfni ilə bağlı addım atılmalı idi. Sabir Rüstəmxanlı və Hatəmi Tantəkin təşəbbüsü ələ aldılar. Elə ordaca qərar verildi ki, Dağüstü Parkı şəhidlər üçün dəfn yeri edək. Bu şəxslər həmin gün pərişan durumda təşəbbüsü ələ alıb, şəhidlərin dəfni üçün tədbirlər görməyə başladılar. Ölkə rəhbərliyindən heç kimin səsi çıxmırdı. İnsanlar parka gedərək təcili məzarlar qazmağa başladılar, beləliklə, Şəhidlər Xiyabanı yarandı”, – şahid bildirib.“Şəhər və park rəhbərliyi ilə danışılmışdımı, elə ayaqüstü verilən bu qərar kimsə tərəfindən etirazla qarşılanmadı?”, – deyə əməkdaşımız soruşdu. “Çox ağrılı gün idi. Mərkəzi Komitənin qarşısında, ətrafda silahlı rus əsgərləri ola-ola nəsə etməyə çalışırdıq. Səsimizə səs verən yox idi. Mən o ziyalıları, orda toplaşan insanları hörmətlə xatırlayıram. Dağüstü Park şəhərin ən seçilən yeri idi. Elə müzakirələr zamanı da ora seçildi. O vaxt vəziyyət elə idi ki, xalq qərar verdi buna… mən bilən, şəhər rəhbərliyindən heç bir reaksiya olmadı. O qədər insan qırılmışdı, onlara sahib çıxan da xalq özü oldu”, – deyə Aydın Kazımov qeyd edib. Rüfət Əhmədzadə   Qafqaznews.az    

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib