Dərc edilib: 26-01-2016

https://www.nuh.az/7131-.html

“Xalqımı əmin etmək istəyirəm ki...” - İlham Əliyev

26.01.2016 13:11:32

Siyasət

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyevin sədrliyi ilə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının gedişinə həsr olunmuş müşavirə keçirilib.

İnformasiya agentlikləri prezidentin konfransdakı çıxışından hissələri yayıblar

Prezident çıxışında bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir: “Davosda da şahidi oldum ki, dünya iqtisadiyyatı hələ böhran vəziyyətində qalacaq. Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr icra edilib. Bu, böyük uğurdur. Çünki bölgəmizdə qanlı müharibələr davam edir, Avropada yeni böhran yaşanır, miqrantlarla bağlı vəziyyət gərginləşir. Evlərini, əmlaklarını itirmiş insanlar Avropaya üz tutular və onların orada nə ilə qarşılaşdıqları gözümüz önündədir. Avropada miqrant böhranı radikallığı gücləndirir”.

 İlham Əliyev bildirib ki, dünyada və bölgədə yaranan vəziyyət  Azərbaycanı narahat edir. Buna baxmayaraq Azərbaycan 2015-ci ildə iqtisadi inkişaf tempini saxlayıb. “Keçən il 20-dən çox xarici səfər etmişəm, Azərbaycana 15-dən çox xarici dövləti və hökumət başçısı səfər edib. Bu göstərir ki, dünyada Azərbaycana böyük diqqət və hörmət var. Davos forumunda da gördüm ki, ölkəmizin siyasətinə, əldə etdiyi uğurlara böyük hörmət göstərilir. Biz dövlətlər və beynəlxalq təşkilatlara qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşuq. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla münasibətlər daha da sürətlə genişlənəcək”-prezident bildirib.

İlham Əliyevin sözlərin görə, “Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub. O, görülən işlərin məqsədinin dövləti daha güclü etməkdən və xalqın rifahını təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır: “Xalqımızın vahid amal ətrafınla birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”-İlham Əliyev deyib.

Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatının əsas göstəricisi qeyri-neft sənayesinin 8,4 faiz artmasıdır: “Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın”. 

Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: “Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”. 

İlham Əliyev Azərbaycanda geniş özəlləşdirmə proqramının həyata keçiriləcəyini deyib. Prezident bildirib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.

 

  NUH.az  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib