Dərc edilib: 30-01-2016

https://www.nuh.az/7139-.html

“MTN işi”nin üzərindən sirr pərdəsi götürülməlidir

30.01.2016 19:35:57

Siyasət

 

 Son bir neçə ayda  keçmiş  milli təhlükəsizlik naziri  Eldar Mahmudov və onun sağ əli olan general Akif Çovdarov barəsində yazılanları  oxuyanda  adam dəhşətə gəlir.  2-3 şəxs  uzun illər  ərzində bu boyda cinayətləri edə bilərdimi..? Əlbəttə, yox. Bu cinayətəri 2-3 şəxsin etməsi hətta  fiziki cəhətdən mümkün olan iş  deyil. Deməli, ortada böyük  cinayətkar şəbəkə olub.

Bəli, şərti  adı  “MTN işi”  olan məsələ böyük bir aysberqin  görünən çox az hissəsidir. Görünməyən  böyük hissənin açılmasında isə heç kim maraqlı deyil. Ona görə də  “MTN işi” ilə bağlı  aparılan istintaq prosesindən kimsə xəbər tuta bilmir, hamı fərziyyə və gümanla danışır. Hətta mətbuatda “MTN işi”nin  Baş prokuroluğun nəzarətindən  çıxarılaraq Dövlət Xüsusi  Mühafizə Xidmətinə verilməsi ilə bağlı məlumatlar da dərc olunub.

Əcəba,  “MTN işi”nin dövlət sirri , yaxud  hərbi sirrlə nəsə əlaqəsi varmı..? Əlbəttə, yox.  Bəs, “MTN  işi”ni belə gizli və məxfi  saxlamağın səbəbi nədir?

Əlbəttə, ortada əlahəzrət  məntiq var. Nazir və komitə sədrlərinin çoxu  bu işə bulaşıb. Həm də necə  bulaşıb..?  Xirdəyədək.  

Bircə məsələyə  diqqət yetirək.

“MTN işi”ndə  bəlli olur ki, kimsə Azərbaycan dövlətinin maraqlarını, yaxud hərbi məlumatı kiməsə satmayıb. Söhbət  ancaq   MTN rəhbərlərinin sahibkarların, biznesmenlərin mülklərini, obyektlərini zorla ələ keçirilməsindən söhbət gedir.

Başqa bir məsələ hələki mətbuatda hallanmayıb. Deməli, mal-mülk davasından söhbət gedir. Görəsən, Eldar Mahmudov, yaxud Akif Çovdarov  biznesmenləri, iş adamlarını Məşədi İbad demişkən, “yerə yıxıb ağzına-ağzına döyürmüş..”?

Əlbəttə, yox.

MTN  rəhbərliyi  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əli ilə biznesmenlərin, iş adamlarının  əmlakını, mülklərini “qanuna  mindirərək”  yoluna qoyurmuş.

Əlbəttə, bu məsələdə Eldar Mahmudov, Akif  Çovdarov nə qədər məsuliyyət daşıyırsa, daha artığını  Kərəm Həsənov daşıyır. Çünki komitə sədri Eldar  Mahmudov - Akif Çovdarov cütlüyünün qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rol oynayıb

Görəsən, ölkə başçısı  İlham Əliyev cənabları niyə bircə dəfə Kərəm Həsənovdan soruşmur ki, Eldar Mahmudovun və Akif Çovdarovun adına bu qədər mülkləri necə  qanuniləşdirmisən..?

Prezident  İlham Əliyev neçə ildir  deyir ki, vətəndaşların  qanunsuz  tikililərini, kasıb  daxmalarını  qanuniləşdirməyin vaxtı çoxdan çatıb, amma Kərəm kimlər prezidentin sözünü qulaqardına vururlar.

Ancaq vərtəndaşlardan zorla alınmış mükləri, obyektləri  1 saata Mahmudovun qohumlarının adına sənədləşdirə bilirlər.

Mən belə düşünürəm ki, “MTN işi” cəmiyyətə açıq elan edilməli, üstündən yalançı sirr pərdəsi götürülməli və Kərəm Həsənov kimi məmurlar xalqa hesabat verməlidir.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib