Dərc edilib: 09-02-2016

https://www.nuh.az/7195-.html

Qəbahətin böyükdür, Elmira Axundova ...

09.02.2016 14:28:36

Cəmiyyət

 

Hörmətli  deputat  Elmira Axundova  ona məxsus 1.5 milyonluq villa ilə bağlı yayılan xəbərə  belə münasibət bildirib: “Nə vaxtdan villa sahibi olmaq qəbahət sayılır..?”

Deputat sonra əlavə edib ki, məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi?

Bu məqamda yadıma məşhur türk şairi Nazim Hikmətlə bağlı maraqlı hadisə düşür.

...Həmişə kommunist ideallarından, qardaşlıqdan, bərabərlikdən danışan  Nazim Hikməti həbs etməyə gələn  jandarma şairi  rahat-gözəl   yataqda görüb eyhamla soruşur: “ Paşa nəvəsi, bərabərlikdən danışırsan...sənin firqədaşlarını həbsxanada bit-birə basıb yeyir...sən isə qu tükü kimi yumşaq yataqda dincəlirsən ”.

Şair  çox dəqiq  cavab verir ki, jandarm sağ olsun...mən zəngin yaşamağın bərabərliyindən danışıram..bit-birənin yox...

Hörmətli  Elmira xanım! Biz də  o düşüncədəyik ki,  bərabərlik  hamının fəqir, kasıb olması demək deyil. Bərabərlik deyəndə vətəndaşlara bərabər imkanların yaradılması nəzərdə tutulur.

Əlbəttə sizin, yaxud başqa bir şəxsin villa sahibi olmasında heç bir qəbahət yoxdur, əksinə sevindiricidir ki, vətəndaşlarımız  gözəl  villada yaşayırlar. Amma, burda bir  ciddi məsələ var.

Bu villa hansı yolla əldə olunub..?

Bəlkə villanın sahibi  qadın alveri ilə məşğuldur?

Bəlkə villanın sahibi   narkotik avlerinə dəstək verir?

Bəlkə villa sahibi qaçaqmalçılqla, silah alveri ilə məşğuldur..?

Həm də söhbət təkcə sizin villanızdan getmir...

(Yeri gəlmişkən,”MTN işi” ilə bağlı məsələ bir daha milyonluq villaların hansı yolla əldə olunduğunu açıb göstərdi) 

Mən qəti o düşüncədə deyiləm ki, kasıb varlının pulunu saymalıdır. Əsla. Başqasının pulunu  saymaq qəbahətdir. Amma...

Varlı şəxs bu pulları oğurluq yolu ilə əldə edib, yoxsa halal, qanuni yolla qazanıb?

Bəzi  gerizəkalılar  deyir ki, bizim millət paxıldır, varlıları sevmir və s.  Əsla belə deyil.

Hörmətli Elmira xanım! Siz deyirsiniz ki, həmin villanınn dəyəri 1.5 milyon deyil. Lap yaxşı. Fərz edək ki, 1 milyondur.  Sizin aylıq qazancınız ən yüksək halda ayda 1500-2000 manat ola bilər. Əgər sadə bir arfimetik hesablama aparsaq, bəlli olar ki, siz  10 ildə ən çoxu 200 min manat pul qazana bilərsiniz. Hətta 20 ili hesablasaq da bu villanın dəyərini eləmir. Həm də biz nəzərə aldıq ki, siz 20 il müddətində nə yemisiniz, nə içmisiniz, hətta libas əvəzinə əncir yarpağından istifadə eləmisiniz. Amma yenə hesab düz gəlmir. Bax söhbət bundan gedir.

Bəlkə babanızdan  xəzinə qalıb..?

Bəlkə xəzinə tapmısınız..?

Bunları cəmiyyətə açın deyin dəə...

Əgər son 10-15 ildə villanın dəyəri qədər qazancınız olubsa, dövlətə nə qədər vergi ödəmisiniz..?

Deməli, suallar çoxdur, qəbahətlə məsələ bitmir.

Siz deyirsiniz ki, çoxillik xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi?

Ahaa. Deməli söhbət qazanmaqdan deyil, hədiyyədən gedir. Deməli, sizə  dəyəri  azı 1 milyon olan villa bağışlanıb.

Mən sizin  “çoxillik  xidmətləriniz”in üzərində çox dayanmaq istəmirəm. Ancaq o  “xidmət”  nə olan şeydir, lütfən bir az açıqlayın. Kimə və nəyə qulluq eləmisiniz..?

1 milyonluq villa bağışlayan oğlan  özü nəçidir..? Bəlkə nazirdir..?

Cəmiyyət yaxşı bilir ki, bu gün əsasən varlılarımız, vəzifə sahiblərimiz  şou-biznes əhlinə ( əslində söhbətin nədən getdiyi  hamıya məlumdur ) bahalı avtomobil, mənzil bağışlayır. Siz məgər şou əhlisiniz..?

Hörmətli xanım deputat! Özünüz də görürsünüz ki, suallar çoxdur. Və 1.5 milyonluq  villa sizin real əmlakınızın  az bir hissəsidir. Ona görə də hay-küy salmayın, çünki qəbahətiniz böyükdür...

 

NUH.az-ın baş  redaktoru  Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib