Dərc edilib: 11-02-2016

https://www.nuh.az/7214-.html

Arzu Rəhimovun sürücüsü və Şahvələdi

11.02.2016 13:18:56

Cəmiyyət


700 min manat dövlət vəsaiti hara xərclənib..? 

 

Bir neçə il  əvvəl Müdafiə Nazirliyinin tabeçiliyində  olan, adına  el arasında  “Azvoyenkomat”  deyilən  və  funksiyası  hərbi xidmətə çağırışı təşkil etmək olan bu qurumda baş verən dəhşətli rüşvətxorluqdan sonra  yeni müstəqil qurum  yaradıldı: Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX). Və hamı düşündü ki, yəqin qurumda işlər qaydasında olacaq. Ancaq ilk gündən qurum daxilində ziddiyyət yarandı. Çünki bu quruma rəhbər təyin olunmaq  məsələsində biabırçılıq oldu.  İlk əvvəl    “DOSAF”ın rəisi olan  general Novruzəli Orucova yeni qurumda rəis olmaq  üçün  “xeyir-dua” verilmişdi, hələ üstəlik  xeyli   “şirinlik” söhbəti də olmuşdu. Ancaq gözlənilmədən  Arzu Rəhimovun quruma  rəis təyin olunmağı  Novruzəli  Orucovu  çətin duruma saldı. Orucov  rəis müavini olmağa uzun müddət razılaşmasa da, sonra  razılaşmalı oldu. Beləliklə ortaya ziddiyyət düşdü. Qurum daxilindəki  ziddiyyət özünü çox göstərmədi. Az vaxtdan sonra   SHXÇDX-nin rəisi  Arzu Rəhimovun sürücüsü  Natiq və qurumun Qobustan şöbəsinin rəisi Anar İsmayılov 500 min manat pulla həbs olundu. Bəlli oldu ki, sürücü  Arzu Rəhimovun adından rayon hərbi komissarlarından  külli miqdarda  rüşvət  yığırmış. Birindən 100 min manat, o birindən 200 min  və s.Məlumdur ki, sürücünün  özbaşına  500 min manat rüşvət almasına heç uşaq da inanmaz. Həbsdən az keçmiş sürücü içəridən  ultimatum göndərdi və  sürücü də, Anar İsmayılov da azadlığa buraxıldı.  Və  NUH.az-ın  məlumatına görə,  Natiq hazırda generalın ailə şoferidir. Ancaq qurum daxilində ziddiyyətlər  səngimədi. Son vaxtlar isə bəlli olur ki, bu dəfə sürücü  rolunu  “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin rəhbəri  Şahvələd  Əliyev oynayır. Gundelik-baku.com-un yazdığına görə, dövlət büdcəsindən  MMC-yə ayrılan 700 min manat pulun təxminən 600 min manatı  qurumun rəhbərliyinin cibinə gedib. Dövlət bu qədər pulu ayırıb ki, müharibə vəziyyətində olan ölkədə gənclər  hər an vətənin müdafiəsinə hazır olsun. Şahvələd  Əliyev isə  pulun təyinatını dəyişib. Bu hələ bircə  qurmda olan mənimsəmədir. Görünür  Arzu Rəhimovun sürücüsünün tez vaxtda azadlığa  buraxılması  qurumdakı digər şəxsləri də həvəsləındiirb ki, Arzu Rəhimov  toxunulmaz simadır.  Ancaq  Arzu Rəhimov unudur ki, ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu günlərdə bildirdi ki, ölkədə toxunulmaz adam yoxdur.   Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib