Dərc edilib: 11-02-2016

https://www.nuh.az/7217-.html

Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi ilə bağlı layihənin icrasına başlanılıb

11.02.2016 17:36:25

İqtisadiyyat

 

 

Fevralın 10-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsinin başlanmasına həsr olunmuş seminar keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX), Dövlət Gömrük Komitəsinin məsul işçiləri, FAO-nun və Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyası Katibliyinin əməkdaşları iştirak ediblər.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev DFNX-nin fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq siyasi, iqtisadi və ekoloji sahələrdə əldə edilmiş uğurlardan danışıb. Qeyd olunub ki, hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində milli potensialın artırılması zəruridir. FAO-nun dəstəyi ilə həyata keçiriləcək layihə də məhz bu məqsədə xidmət edir.FAO-nun ölkəmizdəki nümayəndəsi Mustafa İmir çıxışında Azərbaycan Hökuməti ilə fitosanitar nəzarət, zərərvericilərin, pestisidlərin idarə edilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan söz açıb, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş layihə və fəaliyyətlər, həmçinin icrasına yeni başlanılan layihənin əsas hədəfləri və məqsədləri barədə məlumat verib. Fitosanitar nəzarəti sahəsində riskin azaldılması məqsədilə, ilk növbədə, bu sahədə çalışan DFNX və gömrük mütəxəssislərinin peşə hazırlığının artırılmasına, diaqnostik xidmətlərin gücləndirilməsinə, zərərverici risk analizlərinin aparılmasına, idxal və ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğu qeyd edilib.Bildirilib ki, layihənin 3 əsas komponenti var. Zərərvericilərin diaqnostikasının gücləndirilməsi, sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi, təlimlərin keçirilməsi, idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi bu komponentlərin əsas məqamlarıdır.Seminarda layihənin məqsədləri, hədəfləri və gözlənilən nəticələri barədə təqdimat olub, tədbir iştirakçıları ilə birlikdə müzakirələr əsnasında layihənin icra mexanizmi və iş planı razılaşdırılıb.

 

       NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib