Dərc edilib: 18-02-2016

https://www.nuh.az/7244-.html

Elmira Axundovanın “taktika”sı:

18.02.2016 16:53:18

Cəmiyyət


Qara məni basınca...

 

Son vaxtlar  Milli Məclisin üzvü Elmira  Axundovanın sahibi olduğu  və dəyəri  milyonlarla ölçülən villaların, mənzillərin, obyektlərin olması barədə  mətbuatda  məqalələr dərc olunur. Bu azmış kimi  deputatın oğlu  Həbib Axundovun adı 8 milyonluq  dələduzluq  qalmaqalında  hallanır. Zərərçəkənlər   Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov Axundovların əməllərindən  dövlət orqanlarına şikayət edirlər. Bu qarşıdurmada çox maraqlı məqamlar ortaya çıxır. Zərəçəkənlər  deputatın özünün və oğlunun şəxsiyyətinə toxunmadan  pullarını geri tələb edirlər. Hətta zərəçəkənlərdən biri   Fərman Məmmədov ədəb-ərkan daxilində, məsələni siyasiləşdirmədən, haray-həşir salmadan oğul Həbib Axundovdan 575 min manat pulunu istəyir. Və konkret olaraq deyir ki, pulu Həbib Axundova vermişəm. Fərman Məmmədov bu boyda ziyana düşməsinə baxmayaraq ana-oğul haqqında ehtiramla danışır: “Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Onu həm də ümummilli liderimiz, Ulu Öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam. 2005-ci ildə seçkidə millət vəkilinin səlahiyyətli nümayəndəsi olmuşam”.

Həqiqətən də bu boyda pisliyin qarşısında keçmiş döyüşçü olan Fərman Məmmədov özünü çox təmkinli və əsl tərbiyə sahibi kimi aparır.Deputat  Axundova  isə  qaldırılan problemə əsaslı cavab vermək, üzr istəmək, dəyən ziyanı ödəmək   əvəzinə  gah  haray-qışqırıb salıb, “Qara məni basınca, mən qaranı basım”  taktikasını, ya da “Oğru elə bağırdı..”   yolunu seçir, gah da...Bəli, deputat Axundova  haray-həşirin, bağırmağın artıq  işə yaramadığını görəndə “politika”ya baş vuraraq, məsələni siyasiləşdirməyə  çalışır, köhnə palan içi eşməyə başlayır: 

 

“Fərman Məmmədov “əfqan döyüşçülərin” rəhbəri idi. Ayaz Mütəllibovun vaxtında Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko idi, o, “əfqan” döyüşçülərinə dəstək verirdi”. 

 

Bu ana-oğuldan soruşan lazımdır ki, məsələnin Ayaz Mütəllimova, Viktor Polyaniçkoya, yaxud Makedoniyalı İsgəndərə nə dəxli var? Bu adam sizə borca verdiyi pulunu istəyir. Əsl şantaj tamaşasıdır. Oğul da anadan geri qalmır. Ürəyi soyumayan ana-oğul məsələni daha da siyasiləşdirirlər:

 

“Keçmiş “beynəlmiləlçi-döyüşçü” Fərman Məmmədov əvvəlcə Ayaz Mütəllibovun qatı tərəfdarı idi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir müddət ortalıqda görünmədi. Sonra Lalə Şövkət-Hacıyevaya qoşuldu. Lap sonda “heydərovçu” oldu”. 

 

Birincisi, “heydərovçu” ifadəsinə görə ana-oğul utanıb xəcəalət çəkməlidir. Bu nə ifadədir? İkincisi, Lalə Şövkətin, yaxud mərhum Heydər Əliyevin bu məsələyə nə dəxli var..? Siz konkret olaraq məsələ barəsində, yəni 575 min manatlıq borc barəsində danışmaq əvəzinə, məsələni siyasiləşdirib kimlərində arxasında gizlənmək istəyirsiniz. 

Bəlkə sizin əvəzinizə Polyaniçko, Lalə-Şövkət borcu qaytarmalıdır..? Sözün qısası, özünü ziyalı hesab edən millət vəkilinin son bir neçə aydakı  davranışları heç bir əndazəyə sığmır, “dəlil və sübut”ları, fikir  və düşüncələri  isə o qədər bəsitdir ki, təəccüblənməmək olmur. İnamaq  olmur ki, bu xanım nə vaxtsa dünyanın elmi-mədəni mərkəzlərindən biri sayılan Moskvada “Literaturnaya qazeta”nın  və “Azadlıq” radiostansiyasının xüsusi müxbiri işləyib. Görünür  quyuya  su tökməklə quyu  sulu olmur. Bu məqamda yadıma bir neçə il əvvəl  Elmira  Axundovanın  mətbuat işçilərini  “nanəcib”lər,  “qədim peşə sahibləri”  adlandırması düşdü. Bütün bunlar onu göstərir ki, Elmira Axundova özünü guya qələm əhli, söz adamı, jurnalist kimi qələmə versə də, əslində qələmdən, sözdən çox uzaq birisidir.  

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli  

NUH informasiya agentliyi səhifəsindən çap edilib