Dərc edilib: 29-02-2016

https://www.nuh.az/7246-.html

İcra başçısı, yoxsa Elmar Vəliyevin “qulluqçusu”..?

29.02.2016 13:07:00

Siyasət

 

 

Dünən  millət vəkili   hörmətli  Fazil  Mustafa öz feysbuk səhifəsində   Tərtər rayonuna səfəri ilə bağlı yazıb: “Bu gün Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi”. 

Millət vəkili bildirir ki, hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür: "Ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki, Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim".

Deputatın fikrincə,  yeni icra başçısı pis əməllərinə görə əvvəlki icra başçısına rəhmət oxutdurur: “Xüsusilə də, sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rəğmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.

Biz  millət vəkilinin fikirlərinə şərik olmaqla yanaşı  qeyd etmək istəyirik ki, icra başçılarının təyin olunma mexanizmi xeyli qüsurludur.

NUH.az-a daxil olan məlumata  görə, Tərtərin icra başçısı  Müstəqim  Məmmədovu  bu vəzifəyə  Gəncəniin icra  başçısı  Elmar Vəliyev  “qoydurub”. Ona görə də Tərtərin icra başçısı  rayon sakinlərinə deyil,  Elmar Vəliyevə   “gecə-gündüz”   “qulluq” edirlər. Özü də “ailəlikcə”.

Bu qulluğun nə demək olduğunu  Gəncə və Tərtər camaatı gözəl bilir.

Düzdür, ölkə başçısı hörmətli İlham Əliyev  cənabları dəfələrlə  qeyd edib ki, dövlət məmuru xalqın  xidmətçisidir. Amma  Tərtərin icra başçısı necə xalqa qulluq eləsin..?

Axı, onun özünün də, ailəsinin də “sahibi”   Elmar Vəliyevdir.  Hətta Elmar Vəliyev lazım gələndə Tərtərin icra başçısını Gəncəyə çağırtırıb onu qapı ağzında saxlayıb  ona  “əzab”  verir. Əslində bir çox rayonlarda vəziyyət belədir. İcra başçılarının başının üstündə  “özəl ağa”ları var. Bunu niyə gizlətməliyik..? Şair demişkən, kimi aldadırsan, ay zalım oğlu...?

 

   NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib