Dərc edilib: 17-03-2016

https://www.nuh.az/7378-.html

Şahin Mustafayevin qohumları nazirlikdə hansı əməllərlə məşğuldur?

17.03.2016 12:59:21

İqtisadiyyat

İqtisadiyyat naziri Şahin Mustafayev həm də ölkədə antiinhisar tədbirlərinə rəhbərlik etməli olsa da, əslində özünün rəhbərlik etdiyi nazirliyi inhisardadır. Söhbət nazirlikdə vəzifə sahibi olan nazir qohumlarının nəzarət etməli olduqları isitqamətlər üzrə müsbət fəaliyyətindən yox, əksinə özünəxidmətindən gedir.

Görünən odur ki, ölkənin iqtisadi inkişafını təmin etməli olan qurum – İqtisadiyyat Nazirliyi öz vəzifəsinin öhdəsindən gələ bilməməklə yanaşı, ölkədə yaranan ağır iqtisadi durumdan ancaq bəzi məmurların mənafeyi naminə istifadə edir.

İqtisadi inkişafa yönələn layihələrin icrasına nəzarət etməli olan, xüsusilə də ölkənin iqtisadi inkişafının tənzimlənməsində və onun davamlı olmasında birbaşa olaraq cavabdeh qurum olan İqtisadiyyat Nazirliyində vəsaitin aidiyyatı üzrə xərclənməməsi mövcud vəziyyəti daha da ağırlaşdırır.

Nazirliyin Dövlət İnvesttitsiyaları şöbəsinin rəhbəri, nazir Şahin Mustafayevin qohumu Kamal Hacıyevin bu sahədəki “fəaliyyəti” xüsusilə qiymətləndirilir. Şöbə müdirinin fəaliyyəti təkcə bir şöbə ilə kifayətlənmir. O, nazirliyə dəftərxana ləvazimatları alınmasından tutmuş, sahibkarlıq subyektlərində aparılan monitorinqlərə, sahibkarlara ayrılan kreditlərin bölünməsinə qədər bütün işlərinə rəhbərlik edir.

Təbii ki, bu rəhbərlik təkcə qanun çərçivəsində müəyyən olunan fəaliyyətlə yekunlaşmır. Qeyri-rəsmi nəzarətlər daha çox vəsait qazandırır və Şahin Mustafayev bu qazanca nəzarəti öz qohumundan başqasına tapşıra bilməzdi. Məhz bu şəxs monitorinqlərdən tutmuş sahibkarlara kreditlərin verilməsinə qədər ən müxtəlif məsələlərdə nəzarəti qeyri-rəsmi olaraq əlində cəmləşdirib və hesabat təbii ki, birbaşa nazirə çatdırılır.

Nazir Şahin Mustafayevin yeznəsi olan Müşfiq Həsənov da Kamal Hacıyevin ən yaxın dəstəkçilərindən biri hesab olunur. Məhz Kamal Hacıyevin imkanlarının genişlənməsində Müşfiq Həsənovun dəstəyi hər zaman hiss edilir. Beləliklə, nazirlikdə yaratdığı qohumbazlıq mühiti qurumun işində ancaq mənfi cəhətdən özünü göstərir. Ölkənin belə bir durumunda iqtisadi infişafın təmin edilməsində əsas rol oynamalı olan quruma rəhbərlik edən şəxslərin bunun tam əksini sübut edən fəaliyyəti narahatlıq üçün əsas verir. Bu narahatlığı “yuxarı”da da görür və qiymətləndirirlər.

Məhz bu səbəbdən də iqtisadiyyat naziri Şahin Mustafayevin istefaya göndərilməsi reallaşır.

Yaxın günlərdə yuxarıda adı çəkilən şəxslərin “fəaliyyəti” barədə ətraflı məlumat verəcəyik. Araşdırmalarımız davam edir.

Ədil Hüseynli.  Bizimxeber.az

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib