Baş redaktor Prezidentə müraciət etdi
Cənab Prezident!
Məlumdur ki, böyük, ya da kiçik olmasından asılı olmayaraq hər bir dövlət başda 1-ci şəxs olmaqla müəyyən siyasi komanda tərəfindən idarə olunur.
Hər bir siyasi komandanın isə ən həssas yeri kadr məsələsi, kadr korpusudur. Azərbaycan kimi gənc dövlətlərdə isə bu problem daha ciddidir. Çünki illərlə oturuşmuş kadr korpusunun olmaması, hər sferada müasir tələblərə cavab verən kadr çatışmazlığı bu problemi daha da ciddi edir.
Cənab Prezident!
O da bəllidir ki, ölkənin 1-ci şəxsinin bütün komanda üzvlərini, sayı yüzlərlə, bəlkə də minlərlə olan kadr korpusunu şəxsən tanıması, ünsiyyətdə olması, onların iş qabiliyyətinə dərindən bələd olması hətta fiziki cəhətdən mümkün deyil. Yəni kadrların yetərli hissəsi ölkə başçısına komandanın digər üzvləri tərəfindən təqdim edilir. Bu dünyanın hər yerində belədir.
Cənab Prezident!
Sizin son vaxtlar apardığınız ciddi kadr islahatları, özünü doğrultmayan, xalqa yuxarıdan aşağı baxan, harınlamış, hətta vətəndaşı ağır sözlərlə təhqir edən bəzi icra başçılarını, digər məmurları işdən azad etməyiniz cəmiyyət tərəfindən bəyənilir və təqdir olunur.
Ancaq ortaya xeyli suallar çıxır.
Nəinki etimadı doğrultmayan, hətta dövləti vətəndaşın gözündən salan bu məmurlar kimlər tərəfindən ölkənin 1-ci şəxsinə təqdim olunub..?
Axı, ortada ən azı mənəvi məsuliyyət məsələsi var.
Düzdür, təqdimatı verən şəxs də səhv edə bilər. Heç kim səhvdən sığortalanmayıb. Ancaq bu səhvlərin bir limiti, həddi, sonu olmalıdır. Ki, namizəd irəli sürən şəxs başa düşsün ki, onun özü artıq etimadı itirir.
Cənab Prezident!
Məlumdur ki, adi partiyaya üzv olmaq üçün ən azı 2 nəfər zəmanət verir. Mən hələ bankdan 1000 manat pul götürən vətəndaşdan 2 nəfər zamin tələb olunmasını demirəm.
Necə olur ki, bank 1000 manat pul vermək üçün girov və üstəlik zamin tələb edir. Ancaq 100-150 min əhalisi olan rayonların idarə olunmasının kiməsə həvalə edilməsi zaminsiz həll olunur.
Ona görə də, mən bir vətəndaş, bir media mənsubu olaraq təklif edirəm ki, mühüm postlara, icra başçısı və digər vəzifələrə təyin olunan şəxslərin sərəncamında konkret zaminlərin adı və soyadı qeyd olunsun. Qoy xalq da bilsin ki, sonradan etibarı və etimadı itirən məmurlar kimlərin “xeyir-dua”sı ilə mühüm vəzifəyə təyin olunublar.
Belə olarsa, kadr təqdim eləmək üçün az qala bir-biri ilə yarışa çıxan komanda üzvləri ölkə və Prezident qarşısında öz məsuliyyətlərini başa düşərlər.
Hörmətlə,
NUH informasiya agentliyinin ( NUH.az)
baş redaktoru Kamran Məhərrəmli