Dərc edilib: 30-03-2016

https://www.nuh.az/7467-.html

Onbirincilərə müraciət

30.03.2016 13:45:52

Siyasət

Əziz  onbirincilər..!!!

 

Siz iki aydan sonra müstəqil həyata qədəm qoyursunuz. 
Sizin hər biriniz sabahın Nizamisi, Şekspri, Üzeyir bəyi, Eynşteyni, Şəhriyarı ola bilərsiniz. Ancaq dünya təcrübəsi, əsrlər boyu xalqımızın başına gələn faciələr və cəmiyyətimizin hazırkı durumu onu göstərir ki, 5-6 dahinin “özünü yandırması” ilə cəmiyyət işıqlana, qaranlıqlar aydınlığa çıxa bilməz. 

Əziz dostlar! 

Dahilik Tanrı seçimidir, sizlər gələcəkdə dahi alim, məşhur bəstəkar, böyük yazıçı olmaya da bilərsiniz, ancaq əsl vətəndş olmaq sizin müqəddəs borcunuzdur. 
Sizlər vətəni ancaq könüllə deyil, həm də ağılla sevməlisiniz. Vətən təkcə “durnagözlü bulaqlar”, “əcdadımızın mədfəni, övladımızın məskəni”, yaxud “saya gəlməyən neft buruqları” deyil. Vətən həm də və ən əsası bizim bir millət olaraq siyasi hüquqlarımızın nəhayət öz əlimizdə olduğu və bu hüququn dünya tərəfindən tanındığı məkandır. Bu hüquqdan necə istifadə etmək isə artıq özümüzdən asılıdrı. 

Əziz dostlar! 

Sizlər bu il seçici yaşına çatırsınız, seçib-seçilmək hüququ əldə etməklə dövlətimizin bərabərhüquqlu vətəndaşına çevrilirsiniz. Seçib-seçilmək hüququ təkcə sizin özünüzlə, dövlətimizin gələcəyi ilə bağlı deyil. Seçib-seçilmək hüququna münasbət həm də mütərəqqi bəşəriyyətə, insanlığın tarixnə olan münasibətdir. Çünki bəşəriyyət bu hüquq uğrunda yüz illər boyu qanlı mübarizə aparıb və ancaq XX əsrin əvvəllərində ən inkişaf etmiş xalqlar bu hüquqdan istifadə etməyə başlayıblar və faydasını da görürlər. Sizlər həm də bu yolda həyatını qurban vermiş yüz minlərin ruhuna, bəşəriyyətin keçdiyi yola hörmət olaraq seçki hüququna laqeyd olmamalı və seçkilərdə aktiv iştirak etməlisiniz. 

 

Əziz dostlar!

 

Əlbəttə sizlərin seçkidə iştirak etməmək hüququnuz da var, necə ki, səhərlər üzünüzü və dişlərinizi yumaya da bilərsiniz, sizi buna heç kim məcbur edə bilməz. Ancaq səhərlər üzünüzü və dişlərinizi yumağınız sağlamlığınızın qayğısına qalmaqla bərabər, həm də içərisində “nəfəs-nəfəsə” yaşadığınız cəmiyyətin birgəyaşayış qaydalarının tələbidir. Sizlər seçkidə aktiv iştirak etməklə həm də yeni üzv olduğumuz Avropa ailəsinin normalarına etiramla yanaşmış olursunuz. 

 

Əziz dostlar! 

 

Həqiqi mömin məscidə, kilsəyə necə inam və etiramla girirsə, siz müasir gənclər də seçki evlərinə eləcə inam və etiramla girin və unutmayın ki, “Xalqın səsi Allahın səsidir”. Və müasir dövrün fəlsəfəsi budur. Sizlər Avropanın kompüterinə, internetinə, “Mercedes”inə sahib olduğunuz kimi dəyərlərinə də yiyələnməlisiniz. 
Çox təəssüf ki, həmvətənlərimizin çoxu passivdir, öz hüquqları uğrunda mübarizə aparmırlar, seçib-seçilmək hüququna laqeyd yanaşır, “mən səs verməsəm guya dünya dağılacaq”, yaxud “mən səs versəm guya dünya düzələcək” düşüncəsindən qurtul bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərimizin az qala 70 il sovet rejimində yaşamalarıdır. Həmən rejimdə hər şey yuxarıdan həll olunduğu üçün xalqın seçkidə iştirakı və seçki özü bir görüntü-tamaşa idi. Bu günkü passivliyin, laqeydliyin, seçki saxtakarlıqlarının çoxu keçmiş dövrün mirasıdır. Biz bundan qurtulmalıyıq və siz gənclər hər şeyin bəlkə də ölkənin gələcək taleyinin ancaq və ancaq sizin bir səsinizdən asılı olduğu düşüncəsinə sahib olmalısınız. Əks halda biz yüz illər boyu uğrunda mübarizə apardığımız müstəqilliyimizi yenidən itirə bilərik... 

 

Əziz onbirincilər..!

 

Dövlətin gücü onun yeraltı və yerüstü sərvətlərindən, enerji mənbələrindən daha çox xalqın, o cümlədən siz gənclərin aktivliyindən, təşəbbüskarlığından, enerjisndən asılıdır. 
Bütün sərvətlər, enerji mənbələri nə vaxtsa tükənəcək, xalqın enerjisi isə tükənməzdir. 
Müasir dövlət quruculuğunda xalqın və siz gənclərin iştirakı isə ancaq və ancaq demokratik seçkilər yolu ilə mümkündür. Başqa bir yol yoxdur, bu aksiomadır. 
Unutmayın ki, dövlətimizin sərhəddini qorumaq necə müqəddəs işdirsə, vətəndaşın öz səsini qoruması da elədir...
Vətən sərhəddən öncə seçki qutusundan başlayır desək, bəlkə də səhv ermərik...

 

Əziz onbirincilər! 

 

Seçkiyə getməklə dövlətimizin quruculuğunda iştirak edin. 
Onda dövlətdən nəsə tələb etməyə həm də mənəvi haqqınız olar, əziz gənc həmvətənlər...

 

NUH.azın baş redaktoru   Kamran Məhərrəmli 


 


NUH informasiya agentliyi səhifəsindən çap edilib