Dərc edilib: 31-03-2016

https://www.nuh.az/7477-.html

Qorxmaz Hüseynov gedir, yerinə isə sürpriz namizəd gətiriləcək - təfsilat

31.03.2016 12:20:10

İqtisadiyyat

«Azərsu» prezidentinin yarıtmaz fəaliyyəti hökuməti də bezdirməyə başlayıb 

Azərbaycanda bəzi dövlət qurumları var ki, onların imkanları geniş olduğu halda, rentabelli işləyə bilmirlər. Ötən günlərdə «Azərenerji» ASC ilə bağlı məlumat verərək bildirmişdik ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi quruma büdcədən 3 milyard dollardan artıq sərmayə qoyulsa da, illik gəlir 19 milyon manat təşkil edib


Politika.Az-a daxil olan məlumata görə, «Azərsu» QSC də eyniylə «Azərenerji»nin günündədir. İndiyə qədər bu qurum əjdaha kimi milyardları udsa da, ortada düz-əməlli bir infrastruktur yoxdur. Pulların vaxtında yığılmasına rəğmən, hələ də rentabelli işləyə bilməyən «Azərsu»nun aqibətinin necə olacağı isə məlum deyil. 

Qorxmaz Hüseynovun rəhbərlik etdiyi ŞSC-də durumun ağırlığının əsas səbəblərindən biri pulların ya təyinatı üzrə xərclənməməsi, ya da həddindən artıq şişirdilmiş rəqəmlərdir. Belə ki, «Azərsu» Bakıda və rayonlarda kanalizasiyaların çəkilməsi, su təminatının yaxşılaşdırılması üçün son illər 10 milyard dollardan artıq pul «xərcləyib». Büdcədən ayrılmış bu qədər vəsaitin kağız üzərində xərcləndiyi qeyd olunsa da, ortada real heç nə yoxdur. Üstəlik, abonentlərdən yığılan pulların həcmi də yetərli miqdarda deyil. Nəticədə, illik gəlir 30-40 milyon manatdan o yana keçmir. 

Politika.Az bildirir ki, Qorxmaz Hüseynov büdcədən ayrılmış pulların mənimsənilməsi üçün də maraqlı yollar fikirləşib. Məsələn, «Azərsu» rəhbəri bütün tenderləri bacısının həyat yoldaşının şirkətinə həvalə edib. Daha doğrusu, «Hidromaş» MMC ayrılmış pulların hamısına nəzarət edir və iri tenderlərin də qalibi yalnız özü olur. 

Buna misal olaraq, Hacıqabulda yeni su xəttinin çəkilməsi zamanı işlədilən fəndi göstərmək olar. Belə ki, həmin çəkiliş zamanı qazılmış kanalın üzərinin örtürləmsi üçün torpaq Salyandan gətirilib. Minlərlə maşın torpağın Hacıqabuldan deyil, Salyandan gətirilməsinin sirri isə müəmma olaraq qalmayıb. Əksinə, məlum olub ki, hər maşın üçün çəkilən real xərc 100 manat olduğu halda, rəsmi sənədlərdə bu rəqəm 250 manat göstərilib. Bu isə yüz minlərlə manat vəsaitin mənimsənilməsi anlamına gəlir. 

Onu da xatırladaq ki, Hacıqabuldakı «əməliyyat»ı həyata keçirən şəxs elə Qorxmaz Hüseynovun bacısı oğlu olub. Yusifəlinin bu işlərdə belə fərasətli olması isə çoxlarına məlumdur. Çünki onun bir çox işlərdə əlinin olduğunu «Azərsu»da bilməyən yoxdur. 

Qorxmaz Hüseynovun yarıtmaz fəaliyyəti, başağrıdan işləri, habelə adının əsaslı şəkildə mətbuatın diqqətini çəkməsi hökuməti də bezdirməyə başlayıb. Son dövrlər belə kadrlarla üzlüşmək üçün addımlar atan iqtidar mənsublarının «Azərsu» prezidenti ilə də bağlı tədbir görəcəyi deyilir. İddia olunur ki, Hüseynov yaxın vaxtlarda vəzifəsindən azad ediləcək və yerinə sürpriz bir adam gətiriləcək.

 

   NUH.az 

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib