Əli Həsənov: Azərbaycan İsraildən Qarabağda baş verənlərə mövqe bildirməsini istəyir
İsrail Dağlıq Qarabağ münaqişəsindən tamamilə kənar durmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İsrailin bu məsələyə mövqe bildirməsini istəyir.
Turan-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov «The Jerusalem Post» qəzetinə müsahibəsində deyib: «Böyük hörmət bəslədiyimiz İsrailin burada baş verənlərə mövqe bildirməsini gözləyirik. Çünki İsrail Ermənistandan atəşi dayandırmasını və danışıqları başlamasını xahiş edə bilər».
«İsrailə strateji tərəfdaş kimi baxırıq və şərh verməsini gözləyirik. Azərbaycan strateji tərəfdaşından – İsrail dövlətindən Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəddə Ermənistanın törətdiyi hərbi provokasiyaya münasibət bildirməsini xahiş edir», - Əli Həsənov sözlərinə əlavə edib.
Əli Həsənov onu da bildirib ki, İsrailin ABŞ, Rusiya və Fransa ilə yaxşı münasibətləri var və onları çağıra bilər ki, erməniləri danışıqlar masasına gətirsinlər.
NUH.az