Dərc edilib: 18-04-2016

https://www.nuh.az/7575-.html

Arif Alışanov vəzifə kreslosundan sürüşmə təhlükəsini necə sovuşdurur?

18.04.2016 18:04:54

Mədəniyyət

Professor Qulu Məhərrəmli AzTV rəhbərinin ünvanına kəskin tənqidlər səsləndirəndə təbii ki, potensial Azərbaycan seyrçisinin ümumi qənaətini ortaya qoyub Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Qulu Məhərrəmli milli televiziyamızın 60 illik yubileyi ilə bağlı bu ilin fevralında saytlardan birinə verdiyi müsahibədə AzTV sədri Arif Alışanovun fəaliyyətini kəskin tənqid etmişdi.

 

Buna qarşılıq vermək qərarına gələn Arif Alışanov tabeliyində olan televiziya işçilərini Qulu Məhərrəmliyə qarşı qaralama kampaniyasına cəlb edərək dövlət televiziyasında təxminən iki saat yarımlıq videomaterial nümayiş etdirməklə tanınmış teletənqidçini susdurmağa çalışdı.

 

Lakin bununla da ürəyi soyumadı. Artıq bu günlərdə məlum oldu ki, Arif Alışanov Qulu Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Tənqidi fikirlərə dözümsüzlüyü AzTV sədrini seçdiyi qisas yolundan çətin ki, sapındırsın. Azərbaycan telejurnalistikasının barmaqla sayıla biləcək mütəxəsislərindən birini məhkəmə qarşısına çəkməklə nəyisə sübuta yetirməyə çalışmaq zəmanəmizin demək olar ki, hər gün rastlaşdığımız absurd mənzərələrindəndir. Görünür, Arif Alışanov Qulu Məhərrəmlinin kəsərli tənqidindən sonra vəzifə kreslosundan sürüşmə təhlükəsi ilə üzləşib. Yoxsa, "qaçatbasdı" məhkəməyə müraciət etməzdi. Ola bilsin, gözlənilən təhlükəni sovuşdurmaq üçün digərlərinə görk olsun deyə, ilk növbədə nüfuzlu teletənqidçini neytrallaşdırmağı düşünür. Qeyd edək ki, ixtisasca mühasib olan AzTV rəhbəri həm də Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsinin yetirməsidir.

 

Arif Alışanovun artıq tarixin arxivinə atılmış sovetlər birliyində, konkret desək sovet Azərbaycanında hansı ideoloji missiyanı yerinə yetirdiyi bizim üçün maraqlı deyil. Yalnız onu deməklə kifayətlənirik ki, dövlətimizin əsas televiziyasının problem yükünü çiyinlərində daşımaq iddiasında bulunan şəxs ilk növbədə bolşevik təfəkküründən qurtulmağın yollarını axtarmalıdır. Bu mənada dövlət televiziyasının fəaliyyətindəki çatışmazlıqların mənəm-mənəmliklə məhz kommunist düşüncəsinin məntiqi kontekstində aradan qaldırılacağına ümid azdır. Əlbəttə, Arif Alışanov öz sahəsinin mütəxəssisi olaraq uzun müddət texniki istehsalat birliyində çalışıb. Sonralar Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 2005-ci ildə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. AzTV rəhbəri ola bilər, iqtisadi məsələlərdə hansısa bir uğuru ilə seçilsin.

 

Lakin jurnalistika sahəsində, xüsusən də telejurnalistikada peşəkar deyil. Bu problemin acısını Arif Alışanovun əvəzinə niyə axı dövlət televiziyasının çoxmilyonluq auditoriyası çəkməlidir? Qulu Məhərrəmli AzTV rəhbərinin ünvanına tənqidlər səsləndirəndə təbii ki, potensial Azərbaycan seyrçisinin ümumi qənaətini ortaya qoyub. Arif Alışanov bunu bilməlidir. Əməllərinə haqq qazandırmaq üçün məhkəməyə müraciət etmək əvəzinə tənqidlərdən ciddi nəticə çıxarmalıydı. Azərbaycan dövlət televiziyasının çözüləsi problemləri var. İşini-gücünü atıb tənqidçilərlə mübarizəyə girişmək əvəzinə ölkə rəhbərliyinin etibar etdiyi vəzifədə xalqın xidmətçisi roluna diqqət yetirmək bzcə daha münasib olardı. Arif Alışanovun bioqrafiyasında onun haçansa Jurnalistlər Birliyi nəzdində Jurnalist sənətkarlığı intstitutunu bitirdiyi qeyd olunub.

 

Deməli, əsl jurnalist nə qədər acı da olsa həqiqətin üzünə dik baxmağı bacarmalıdır. Kim bunu bacarmırsa, bu çətin peşənin incəliklərindən xəbərsiz bir eqoistdir. AzTV rəhbərinin teletənqidçiyə qarşı açdığı məhkəmə derbisinin perspektivi yoxdur. Çünki Qulu Məhərrəmli sadəcə sıradan bir televiziya mütəxəssisi deyil, Azərbaycan elektron və yazılı mediasında istisnasız olaraq jurnalistikamızın vicdan simvolu kimi qəbul edilir.

 

 

Milli teleradio məkanında gedən prosesləri uzun illərdir ki, diqqətlə izləyən alim kimi Qulu Məhərrəmli jurnalistikanın və medianın ümumi nəzəriyyəsini, televiziya və radionun tarixini, aktual elmi-nəzəri problemlərini tədqiq edib, bu sahənin inkişafında əvəzsiz xidmətlər göstərib. Bu tanınmış teleradio fədaisinin media məkanınmızda, xüsusən də AzTV-də baş verən neqativ proseslərə sərgilədiyi sərt mövqe Arif Alışanov üçün əslində işində dönüş yaratmağa stimul verə biləcək bir səbəb də ola bilərdi. Lakin, tənqidddən nəticə çıxarmaq əvəzinə qisasçılıq prinsipləri üstün gəldi. Düşünürük ki, Qulu Məhərrəmli kimi bir televizyonçu mogikanın xüsusi ittiham qaydasında AzTV rəhbəri tərəfindən məhkəməyə çəkilməsi ən azı biabırçılıqdır. Nə qədər ki, gec deyil, bu babırçılığa son qoyulmalıdır. (Gundelik-baku.com)

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib