Dərc edilib: 05-05-2016

https://www.nuh.az/7709-.html

Davudoğlu Ərdoğanla yollarını ayırır? - Hər şey bu gün bilinəcək

05.05.2016 10:13:30

Siyasət

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında keçirilən görüş barədə müzakirələr səngimək bilmir.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu görüşdə Davudoğlunun istefa məsələsi gündəmə gəlib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) may ayında növbədənkənar qurultay keçirəcəyi bildirilir. Bununla belə, qurultayın vaxtı dəqiq bilinmir.

Bu arada bəzi KİV-lərdə yayılan xəbərlərə görə, AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Lakin, bu məsələ ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama yoxdur.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır. 

Əhməd Davudoğlunun bu gün AKP-nin Mərkəzi İcra Aparatında keçirəcəyi  iclasdan sonra mətbuat konfransında qaranlıq məqamlara aydınlıq gətirəcəyi gözlənilir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib