Dərc edilib: 07-05-2016

https://www.nuh.az/7724-.html

Yaqub Mahmudovun polis qohumu dörduşaqlı ailənin dağılmasına səbəb oldu?

07.05.2016 10:49:33

Cəmiyyət

Yaqub Mahmudovun polis qohumu dörduşaqlı ailənin dağılmasına səbəb oldu? – ARAŞDIRMA

 

Orxan Mansurzadə: “Əgər gəlinin qayınatasını DİN-in Adil Abdulkərimova verdiyi cəza təmin etmirsə, yenidən müraciət etsin”

 

Həmzat Məmmədov: “Məişət əxlaqsızlığı,əyyaşlıqla məşğul olan bu adam polis orqanlarında qalmalı deyil”

Bu günlərdə Şəkidə polis kapitanın ərli qadını yoldan çıxarması və ailəsinin dağılmasına səbəb olması barədə ölkə mətbuatında məlumat dərc olundu. Qafqaznews.az xəbər verir ki, Bakixeber.az  saytında Baş Göynük kəndinin sahə inspektoru Adil Abdulkərimovun əməllərindən söz açılır.

“Yüksək ranqlı himayəçisinin dəstəyinə arxalanaraq kifayət qədər qanunsuzluqlar törətdiyi haqda məlumatlar almışıq. Polis zabiti olan Abdulkərimov bütün əxlaq normalarına tüpürərək Cumakənd ərazisində evli bir qadınla ilişkilər qurub. Nəhayətdə qadının ailəsi bu münasibətdən xəbər tutub. 3 övladı olan qadının ailəsi dağılıb.

Qadının əri iddia edir ki, hətta sonuncu uşağın atasının Abdulkərimov olmasından şübhələnir. Əslində buna əmindir, lakin DNK analizi üçün maddi imkanı olmadığından edə bilməyib. Lakin bu biabırçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə artıq şikayət edilib”, – deyə məqalədə bildirilir. Həmçinin, bakixeber.az saytında həmin polislə qadının birgə şəkilləri də yayımlanıb. Mayın 5-də Qafqaz Xəbər Agentliyinə bu hadisə barədə əlavə məlumatlar daxil oldu. Və biz sözügedən gəlinin qayınatası Həmzat Məmmədovun mobil telefon nömrəsinə zəng etdik. H.Məmmədov bildirdi ki, artıq bir neçə ildir həm Baş Göynük kəndinə, həm də bir neçə kəndə sahə rəisi kimi nəzarət edən polis kapitanı Adil Abdulkərimovun onun gəlini ilə münasibətləri var.Gəlinin qayınatası ilə söhbət zamanı öyrəndik ki, bu ilin mart ayında dağılan ailədə 3 yox, 4 uşaq olub.

“Onun analığı ilə Adilin anası xalaqızıdırlar. Əvvəlcə, özünü qohum kimi ailənin içinə saldı, get-gəl elədi. Sonra bunlar tez-tez bir yerdə göründülər. Gəlin özü Şəkidə tikinti materialları mağazasında işləyir. Adil evli ola-ola, bu qadınla gəzir, dəfələrlə onu ya öz “VAZ 21-07” markalı maşınında, ya da tanışının “VAZ 21-06”-sında gətirib kəndin ağzında buraxıb. Oğlum isə uzun müddət idi Gəncədə usta işləyirdi. Əvvəlcə mənim böyük oğlum şübhələnib izlərinə düşüb, lakin dəqiq hara getdiklərini müəyyən edə bilməyib. Sonra biz bunları dəfələrlə birlikdə tutduq”.

H.Məmmədovun sözlərinə görə, Adillə gəlinin yaxın münasibətdə olmasını təsdiqləyən fotoşəkillər və şahidlər də var, lakin gəlin onunla “bacı-qardaş” kimi olduğunu iddia edir: “Onlar neçə ildir yaxındırlar, sonuncu uşağın 2 yaşı var, onun da Adildən olmasından şübhələnirik. Hətta doğum evinə də Adil gəlib-gedib, tez-tez bir yerdə olurlar. Şahidlərimiz də var.

Xalasıqızı da, başqa qohumları da onun üzünə tüpürdülər ki, ayıb olsun sənə. Martın 9-da bunları bir yerdə görəndə oğluma zəng elədim, o da Gəncədən gəldi, gəlindən soruşdu ki, harda olmusan? O isə Adillə görüşməsini boynuna almadı. Onda oğlum ayrıldı ondan, evi də uşaqlara görə tərk edib bizim yanımıza gəldi. Martın 10-da mən Şəki RPŞ-yə müraciət etdim, polkovnik-leytenant Maqsud Mənsimovla da danışmışam bu haqda. Sonra işi DİN-ə verdilər. İndi guya töhmət veriblər. Amma o adam hələ də polisdədir, əli cibində gəzir. Heç bir cəza verilməyib. Xahiş və tələb edirəm ki, o əxlaqsız ən sərt şəkildə cəzalandırılsın və polisdən kənarlaşdırılsın. O, bütün rayonda gəzəyən bir adam kimi tanınır.  Sonra onu Layısqı kəndində bir qızla da tutublar, polisdə iş də açılıb, amma bu işin üstü bağlanıb. Adil əməllərində öz yaxın qohumu Yaqub Mahmudova (AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovdan söz gedir – red.) arxalanır”.

O vurğulayıb ki, “məişət əxlaqsızlığı,əyyaşlıqla məşğul olan A.Abdulkərimov” polis orqanlarında qalmalı deyil. Qeyd edək ki, Adil Əsgər oğlu Abdulkərimov DİN-in rəsmi saytında Baş Layısqı kəndinin sahə inspektoru göstərilib, onun saytda olan mobil nömrəsi isə “təyin olunmayıb”. A.Abdulkərimova aid başqa bir nömrəyə də zəng çatmadı. Biz ailəsinə xəyanətdə ittiham olunan Şövkət xanıma (ad şərtidir – red.) zəng etdik. O, Adillə uşaqlıqdan qohumluq və ailə dostluğu münasibətlərinin olduğunu dedi.

“Biz onunla bacı-qardaş kimiyik. Həmzata gəldikdə isə, o, necə kişidir ki, öz gəlinini el içində biabır edir, reklam eləyir? Gəzəyən idim, qoşalüləni çəkib alnımdan vurardı, gedib kişi kimi yatardı. Mənə, dörd uşaq anasına böhtan atır. Onunla lap əvvəldən yola getmirik. Ərimin fikrini soruşmusuz? Tapıb gün ərzində sizinlə calaşdıraram… Ərimlə iki ildir münasibətim yoxdur. Biz ayrı yaşayırıq. Məndə Hepatit B var. And olsun Allaha, özümə benzin töküb yandıraram. Deyilənlər yalandır. Mənim qohumlarım yanımdadırlar, elə bu dəqiqə xalamgil bizdədirlər”, – deyə Şövkət xanım bildirib.

Şövkət xanıma Bakixeber.az-da yayımlanan şəkillərlə bağlı sual versək də, qarşı tərəf bu sualı cavablandırmaqdan imtina etdi. Lakin o, Adil Abdulkərimovun akademik, deputat Yaqub Mahmudovla ata tərəfdən yaxın qohum olduğunu təsdiqlədi.

Biz Şəki RPİ-nin rəis müavini Maqsud Mənsimovla əlaqə saxladıq. O, bildirdi ki, bu məsələni Şəki RPİ yox, DİN araşdırıb: “Ona cəza verilib. Başqa heç nə deyə bilmərəm”. A.Abdulkərimova necə cəza verildiyini soruşduq, lakin M.Mənsimov cavablandırmaq istəmədi: “Mən sizin suallarınıza cavab vermək iqtidarında deyiləm, gəlin çörək yeyin”.

“Nuş olsun, amma maraqlıdır, Adil Abdulkərimovu bir polis əməkdaşı kimi necə qiymətləndirirsiniz?”, – deyə soruşduq.

Cənab polkovnik-leytenant yenə də “cavab vermək iqtidarında olmadığını” təkrarladı və bir daha bizi Bakıdan Şəkiyə gedib onunla “çörək yeməyə” dəvət etdi. Şəki RPŞ-də zəngimizə cavab verən Rəhman Tanrıverdiyev adlı əməkdaş bildirdi ki, Adil Abdulkərimov artıq Şəki şəhərinə təyin olunub. Amma onun əlaqə nömrəsini öyrənmək mümkün olmadı. Qalmaqalda adı keçən Yaqub Mahmudovla da əlaqə saxlamaq istədik, lakin cəhdlərimiz boşa çıxdı. DİN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin Mətbuat Xidmətinin şöbə müdiri Orxan Mansurzadə bildirdi ki, əgər A.Abdulkərimovun işi DİN-də araşdırılıbsa, müvafiq tədbir görülüb.

“Özünüz deyirsiniz ki, cəza verilib. Yüngül cəzadırsa, gəlinin qayınatası narazıdırsa, qoy yenidən aiddiyyatı üzrə qurumlara müraciət etsin, məsələnin yenidən araşdırılmasını istəsin. DİN bu cür məsələlərə daxili qaydada baxır, nazirliyin qərar verməkdə müstəsna səlahiyyəti var”, – deyə O.Mansurzadə vurğuladı.

“Belə hallarda şəxslər polisdən kənarlaşdırılırmı və ya kənarlaşdırıla bilərmi?” – deyə soruşduq. “Bir daha təkrar edirəm, buna DİN daxili qaydada qərar verir”, – deyə nazirliyin sözçüsü cavab verdi.

Tamerlan Zeynallı

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib