Dərc edilib: 07-05-2016

https://www.nuh.az/7725-.html

Yarım milyona tikilən hamam-saunanın açılışı baş tutmadı

07.05.2016 12:33:27

Kriminal

Yarım milyona tikilən hamam-saunanın açılışı baş tutmadı

 

«Cahargah» otelinin sahibi Kənan Əhmədov əxlaqsızlıq yuvası işlətdiyinə görə Türkan camaatının qəzəbinə tuş gələ bilər

 

Onun tikdirdiyi hamamın heç bir sənədi yoxdur, ərazinin zəbt edilməsinə dair iddialar səsləndirilir.

Bakının Hövsan-Türkan şossesində yerləşən «Cahargah» otelinin, eləcə də onun sahibi, həkim-uroloq Kənan Əhmədovun fəaliyyəti barədə araşdırmalarımız davam edir.

Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində yeni faktlar üzə çıxıb. Adının çəkilməməsini xahiş edən şəxsin bildirdiyinə görə, iş adamı bir müddətdir ki, oteldə təmir işləri aparır:

«Təmir işlərinin aparılmasına baxmayaraq, otel fəaliyyətini dayandırmayıb. Yenə də əvvəlki qaydada müştərilər bura qızlarla gəlib istirahətlərini edirlər.

Sadəcə olaraq yay fəslinin gəlişi ilə əlaqədar olaraq Kənan Əhmədov otelin otaqlarını daha lüks səviyyədə təmir etdirir. Hazırda təmir işlərinə təxminən 20-yə yaxın usta cəlb olunub.

Onların bir neçəsi iş adamının yenicə tikdirib başa çatdırdığı hamam-saunanın xırda-para təmir işlərini görürlər. Açılış mərasimi mayın 3-nə planlaşdırılsa da, bu baş tutmadı.

Deyilənə görə, otelin əxlaqsızlıq yuvası kimi işləməsi haqda mətbuatda yazılanlar aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmilərini hərəkətə gətirib və onlar otelin işləməsinə hələ ki, icazə verməyiblər. Bundan bərk narahat olan iş adamı yaxın əlaqələrini işə salmaq məcburiyyətində qalıb. Amma bunun heç bir nəticəsi olmayıb. Kənan Əhmədov isə özünə yaxın olan şəxslərə, dost-tanışlarına açılışın may ayının 20-də baş tutacağını deyib. Həmin tarixdə açılışın baş tutub-tutmayacağı dəqiq bəlli deyil. Çünki həm İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, həm də Xəzər Rayon Polis İdarəsinin rəhbərliyi otelin fəaliyyətinə nəzarəti gücləndiriblər. Eyni zamanda, Türkan camaatı obyekt rəhbərliyinə ismarış göndərib ki, əgər əxlaqsızlıq yuvasının fəaliyyətinə son qoyulmasa, o zaman onlar başqa tədbirlərə əl atmalı olacaqlar». Məlumatlı mənbə həmçinin onu da vurğulayır ki, Kənan Əhmədovun təmir işlərinə cəlb etdiyi ustaların əmək müqaviləsi yoxdur: «İş adamı usta və fəhlələri necə gəldi işlədir. Onların heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə əmək qanunlarının kobud surətdə pozulması deməkdir. Əgər təmir işlərində işləyən fəhlələrdən hansısa biri xəsarət alsa, otel sahibi işin üstünü ört-basdır edəcək. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək müqaviləsi olmadan işlədilən fəhlələrin hüququnu müdafiə etməli, obyekt sahibini müvafiq qaydada cəzalandırmalıdır». Bu arada, onu da qeyd edək ki, Kənan Əhmədovun otelin bir neçə metrliyində tikdirdiyi hamam-saunanın heç bir sənədi yoxdur. İddialara əsasən, iş adamı həmin ərazini zəbt edərək tikinti işləri aparıb. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tikinti işlərinə mane olmaq istəsələr də, Kənan Əhmədovun arxasında dayanan şəxs problemi yoluna qoymağı bacarıb. Biz Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəhbərliyindən bu məsələyə münasibət bildirməsini xahiş edirik. Ümidvarıq ki, nazirliyin yetkili şəxsləri məsələyə müdaxilə etsələr, biznesmenin yarım milyona tikdirdiyi hamam-sauna yerlə-yeksan ediləcək. Araşdırmalarımız davam edir. Yazını daha tükürpədici faktarla genişləndirəcəyik. Bizi izləyin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib