Dərc edilib: 09-05-2016

https://www.nuh.az/7736-.html

“400 min kimə verilib?” – Əliməmməd Nuriyevlə Qubad İbadoğluna mesaj verildi

09.05.2016 13:57:46

Cəmiyyət

“400 min kimə verilib?” – Əliməmməd Nuriyevlə Qubad İbadoğluna mesaj verildi (Sensasion açıqlamalar)

 

“Oqtay Gülalıyevin məktubundan məlum olur ki, Milli Şura kimləri məsləhət bilibsə, məhz onlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasına (MSŞT) seçiliblər”. 

 

Bunu “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı son günlər MSŞT ətrafında baş verən qalmaqala münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Milli Şuranın məsləhət bilmədiyi şəxslər koalisiyadan kənarda qalıblar: “Oqtay Gülalıyev yazıb ki, bizim istədiyimiz adamlar sizin köməkliyinizlə şurada seçildilər.

 

Əgər siyasi partiyalar birləşib belə bir oyun aparıblarsa, bu, çox biabırçılıqdır. Oqtay Gülalıyevin də məktubu bunu sübut edir ki, məsələ Milli Şurada müzakirə olunub və ona həvalə edilib. Səhvdirsə desin ki, Mirvari səhv deyir”. 

 

M.Qəhrəmanlı son seçkidə QHT sahəsindən xəbərsiz adamların Koalisiyaya üzv seçildiyini bildirib:

 

“Bizim təşkilat İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının təsisçilərindən biridir. 12 ildən artıqdır ki, bu koalisiyasının üzvüdür. Təşkilatımız bu sahədə sırf peşəkardır. Bu dəfə də namizədliyimi verdim. Sonra çox təəccüblü bir hal alındı. Mart ayında adını çəkmək istəmədiyim həmkarlarımızdan biri (Müsahib ad çəkməsə də, üstüörtülü eyham vurulan şəxsin Qubad İbadoğlu olduğu şübhə doğurmur. Yada salaq ki, bir neçə ay ABŞ-da yaşayan Qubad bəy mart ayında ölkəyə geri döndü- MİA.AZ) ölkəyə qayıdandan sonra çox şiddətli proseslər getdi. Ömründə adını eşitmədiyim təşkilatlar hamısı “biz də varıq” deyə səs çıxardılar. Açığı buna fikir vermədim, namizədlərin sayı çoxaldı. Koalisiyasının iclasında müxtəlif mövzular üzrə 5-6 nəfər çıxış elədi. İçəri girəndə mən zaldakıların çoxunu tanımadım. Düşündüm ki, geridə qalmışam, təşkilatlarla yaxşı maraqlanmamışam… Seçki günü prosesin sonuna kimi dözmədim. Evə qayıdanda aldığım məlumatlardan çox təəccübləndim. Sahədən xəbərsiz olan adamlar üzv seçiliblər. Məəttəl qaldım. Sonradan isə Mehriban Vəzirin açıqlamasını oxudum”. 

 

M.Qəhrəmanlı sözügedən koalisiyanın artıq siyasiləşdiyini düşünür: “Oqtay Gülalıyev 5-6 il bundan əvvəl koalisiyada idi, sonra isə çəkilib siyasətlə məşğul oldu. Onun məktubunu oxuyanda bizə hər şey aydın oldu. Qruplaşma yaranıb və həmin qruplar müxtəlif siyasi arenanın adamları ilə bir araya gəliblər. Bir siyahı hazırlanıb. Həmin siyahı təşkilatlar arasında paylanılıb. Bu da bir yana, məni narahat edən daha bir məsələ var. O da koalisiyanın siyasiləşməsidir. Mən Milli Azadlıq Hərəkatının iştirakçısıyam. Kim nə deyir desin, həmin adamların 80 %-ni tanıyıram və bilirəm ki, kimin nə fəaliyyəti var. Oqtayın Milli Şuraya yazdığı məktub mənə çox ağır təsir bağışladı. Anladım ki, Oqtay adını çəkmək istəmədiyim bir qrup adamla ortaq məxrəcə gəlib. Özü çox yaxşı bilir ki, söhbət kimdən gedir. Belə aydın olur ki, siyahı Milli Şura ilə razılaşdırılıb. Olmaz belə şey. Milli Şuraya hörmətim var. Amma Koalisiyanı siyasiləşdirmək olmazdı. Bu, bizim ziyanımızadır. Orada siyasi bəyanatlar səsləndirilə və vətəndaş cəmiyyətinə yenidən basqı oluna bilər”. 

 

M.Qəhrəmanlının fikrincə, O.Gülalıyevin bəyanatında təəccüb doğuran ikinci məqam 400 min manat məsələsidir: “Xarici ölkələrdən pul ayırmazlar. Azərbaycan hökuməti ayırıbsa kimin vasitəsi ilə ayırıb? Məhz Mehriban xanım bu sualı Əliməmməd Nuriyevə yönəldib. Haqqı da var. Çünki Əliməmməd Nuriyev Koordinasiya Şurasının koordinatorudur. Mehriban xanımın bu sualı Milli Şurada çox qıcıq törətdi. Deməli, burada reallıq var. Əliməmməd bəy düşünür ki, belə bir vəsait ayrılmayıb. 400 min manatın hansı mənbədən ayrıldığı aydınlaşdırılmalıdır. Bunu mən də bilməliyəm ki, kim və niyə ayırıb? Koalisiyada Oqtay birdən-birə peyda oldu. Birdən-birə başqa biri ilə əlaqəyə girib şuranı ələ keçirməyə çalışdı. Bunlar hamısı müəmmalardır. Məhz bunları Oqtay yazdığı üçün cavab verməlidir. Oqtay bunu sübut eləməlidir. Çünki bunu o, deyib. Əgər sübut edə bilmirsə, o zaman Əliməmməd bəy düz deyir, o, məhkəməyə verilməlidir. Yox, Əliməmməd bəy məsələnin üstündən keçsə, onda mən ona sual verəcəyəm ki, bu 400 min kimə verilib? Əliməmməd bəy koordinator olub və həmin koalisiya üçün çox işlər görüb. Ona görə də bu məsələdə iki nəfər cavab verməlidir. Biri sübut eləməlidir, biri də tələb”.

 

AzNews.az

 

Bizim şərh: Koordinasiya Şurasının üzvü Oqtag Gülalıyev “Basta”ya müsahibəsində bildirib ki, Milli Şuradan koalisiya rəhbərliyinə namizəd olan 4 nəfərdən 3-ü seçilə bilməyib. Bu, koalisiya rəhbərliyinin Milli Şuranın dəstəyi ilə seçilməsini təkzib edən tutarlı faktdır. Son günlər koalisiyanın daxilində gedən proseslər haqqında açıqlamalardan aydın olur ki, əslində seçkilərdə Əlməmməd Nuriyevlə Qubad İbadoğlunun birgə müdafiə etdiyi namizədlər koalisiyanın rəhbərliyinə seçilə biliblər. Onların özləri də rəhbərliyə ən yüksək səslə seçiliblər.

Ümumilikdə Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyası hakimiyyətin nəzarətində olan bir qurumdur. Onun rəhbər strukturlarına müstəqil şəxslərin seçilməsi də hakimiyyətin özünün marağında olan bir məsələdir, çünki əks təqdirdə beynəlxalq təşkilatların bu quruma etimad göstərməsi mümkün olmayaq.

Bastainfo.com

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib