Dərc edilib: 10-05-2016

https://www.nuh.az/7743-.html

AMEA-da nə qədər “ölücan var, cənab Əlizadə ?

10.05.2016 14:26:49

Cəmiyyət

 

2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyasının ( AMEA ) prezidenti  Mahmud Kərimovun qəfl və müəmmalı  ölümündən sonra Akif  Əlizadə  qurumun rəhbəri  seçildi.

 

Mən həmin vaxt yazmışdım ki, adətən AMEA-ının rəhbəri  fundamental elm  sahələrindən təyin edilir. Yəni ilk dəfə idi ki,  geoloqu- “təbaşir çöküntülərinin, onurğasızların...”  tədqiqatçısını  AMEA-ya rəhbər  təyin edirdilər. Əlbəttə, mənim hörmətli  Akif Əlizadəyə qarşı  hər hansı  müsbət-mənfi münasibətim yox idi, sadəcə, ənənənin  pozulmasına münasibət bildirmişdim. Axı, sovet elmi  boş yerə özünə  fundamental elm sahələrindən rəhbər təyin etməzdi.

 

...Həmin vaxtdan düz 3 il keçəndən sonra, bu gün baş redaktoru olduğum  NUH.az-a daxil olan məlumatla əlaqədar   hörmətli Akif Əlizadə ilə bağlı xırda bir araşdırma apardım. 

Məlum oldu ki, möhtərəm Akif Əlizadə həm də “öz genetik kökləri  ilə Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri olan Mirmövsüm  Ağanın ” nəslinə bağlıdır. Çox gözəl. Bunula işimiz yox. Onsuz da indi özünü müqəddəs şəcərəyə bağlamaq istəyənlər çoxdur.

 

NUH.az-a daxil olan məlumatda  AMEA-da kifayət qədər  “ölü canlar”ın olmasından bəhs edilir. Yəni  alimin, elmi işçinin  adı  AMEA-nın işçiləri siyahısında olsa da, əslində həmin şəxslər “ölü canlar”dıryəni heç vaxt işə gəlmirlər. Həmin “ölü canlar”ın əmək haqqlarını isə çalışdıqları  elm-tədqiqat instutunun rəhbərliyi alıb cibinə qoyur.

 

Bir sözlə, ortada haramçılıq, dövlətin vəsaitini talamaq var. Dövlətin vəsaiti isə göydən düşmür, hər bir vətəndaşın ödədiyi vergilərdən formalaşır.

 

Ona görə də düşünürük ki, görəsən özünü müqəddəs şəcərəyə bağlayan Akif Əlizadənin bu haramçılıqdan, əslində cinayətdən xəbəri varmı..? 

Unutmayaq ki, AMEA böyük bir  industriyadır. Burda 50-dən artıq  institut, təşkilat, regional mərkəz  və s var. Belə bir  “münbit” yerdə  hər institut  ditektoru  3-4  “ölü can” saxlasa, dövlətin nə boyda vəsaiti dağıdılır.

Bu haramçılıq deyilmi, cənab Əlizadə..?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib