Dərc edilib: 11-05-2016

https://www.nuh.az/7748-.html

Ödənişli yoldan il ərzində 5-6 milyon manat gəlir əldə ediləcək - AÇIQLAMA

11.05.2016 12:01:52

Cəmiyyət

“Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olması təklif edilir”.

 

Modern.az saytına açıqlama verən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, bu haqda artıq təkliflər hazırlanıb. O qeyd edib ki, ödənişlər əsasında sərf edilən vəsaitin büdcəyə qaytarılması planlaşdırılır:

“Eyni zamanda büdcədən vəsait ayrılmadan həmin yolun saxlanması təmin olunacaq. Ödənişin daimi olması nəzərdə tutulub.

Ödənişli yolların əsas nüansı ondan ibarətdir ki, həmin yola alternativ yol olmalıdır. Yeni yol məsafə baxımından qısa olacaq, 40 kilometr.

Həm də yolun keyfiyyəti yüksək səviyyədə olacaq. Sürücülər daha az yanacaq sərf etməklə mənzil başına tez və rahat çata biləcəklər. Yolun daha bir özəlliyi yaşayış məntəqəsindən keçməməsidir. Magistral əsasən tranzit yüklərin daşınmasında əvəssiz rol oynaya bilər”.

A.Nəcəfli bildirib ki, ilkin hesablamalara görə, ödənişli yoldan il ərzində 5-6 milyon manat gəlirin əldə edilməsi planlaşdırırılır:

“Bir sürücü üçün ödəniş məbləği çox cüzi miqdar təşkil edir. Yəni, 1 kilometr üçün təxminən 3-4 qəpik ödəniş hesablanacaq. Bu təklifdən asılıdır. Təklif qəbul olunacağı təqdirdə rəqəmlər konkretləşəcək”.

Qurum rəsmisi deyib ki, hazırda bu istiqamətdə çəkilən yolda torpaq bərkitmə işləri aparılır:

“Torpaq yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq.

Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər heç bir yaşayış məntəqəsinin içindən keçmir.

Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq”.  

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib