Dərc edilib: 11-05-2016

https://www.nuh.az/7749-.html

2 saylı cəzaçəkmə müəssisəsində gestapo - Rəis dustaqları qollarından asdırır...

11.05.2016 13:14:21

Hadisə

Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elçin Əlicanov...

 

 Bu ad cəzacəkmə müəssisəsində cəza çəkən dustaqlarla yanaşı onların ailə üzvlərinə də yaxşı tanışdı. Konkret desək, Elçin Əlicanov cəzaçəkmə müəssisəsini açıq qazanc mənbəyinə çevirib.

 

 Bizimesr.az-a cəzaçəkmə müəssisəsində cəza çəkən dustaqlardan birinin ailə üzvləri tərəfindən verilən məluimata görə, müəssisəsində şərait artıq dözülməz həddədir:

 

 “Müəssisədə satışa çıxarılan ərzağın qiyməti real bazar qiymətlərindən iki-üç dəfə bahadır. Dustaq yaxınlarının gətirdiyi ərzaq isə içəri buraxılmır. Gətirilən ərzağı içəri keçirmək üçün 50 manatdan 100 manata qədər pul istəyirlər. Ərzaq və yeməklər də bərbad vəziyyətə salınandan sonra dustaqlara verilir”.

 

 Onun sözlərinə görə, dustaq yaxınından görüş bitəndən sonra pul istənillir ki, bunun da rəisin əmri olduğu deyilir:

 

 “Müəssisədə idman kompleksi yoxdur. Normal həkim məntəqəsi olmadığına görə, döyülüb xəsarət alan dustaqları sürüyüb idman zalı deyilən yerə aparırlar. Tələb olunan dərmanlar da həmçinin real qiymətindən dəfələrlə baha qiymətə verilir.

 1400 dustağın cəza çəkdiyi müəssisədə cəmi 30 adamlıq televizora baxmaq guşəsi var. Dustaqxanada olan kinoklub da fəaliyyət göstərmir. Kinoklubun işləməsi üçün rəis E.Əlicanov 1000 manat "tas" qoyub. Dustaqxanadakı dərzixana da ayda 300 manatı verə bilmədiyi üçün bağlanıb".

 

 Şikayətçi bildirib ki, dustaqlara qeyri-insani münasibət bəsləyən rəis Əlicanov yüngül cəza alanları da “kars”a saldırır.

 

 “Özü də elə-belə döyüb söyməklə də kifayətlənmir, dustağın qollarından asır. Və sutka ərzində 5-10 dəqiqə dincəlməkdən başqa dustağın qolunu açmağa icazə vermir. Elə bilirsiz bunu dustağı islah etmək üçün edir ? Xeyr . 500 manat tapıb verən dustaq elə həmin günü də normal kameraya keçə bilir. Cərimə təcridxanasında 4 dənə 4 nəfərlik, 10 ədəd 2 nəfərlik kamera var. Hal-hazırda orda 100-dən çox adam var. Dustaqların hər hansı narazılığına, “siz dövlətə , cəmiyyətə yararsız adamlarsız” cavabı verilir. Müəssisədəki istehsal sahələrində işləyən dustaqların aldığı 120 manat məvacibin də öz "tası" var. Belə ki, o pulun da 30 manatı rəisə çatır”.

 

 Elçin Əlicanovun qanunsuzluğu bununla bitmir. Qanunla dörd aydan bir dustağın ailəsi ilə görüşə verilən 3 günlük icazənin də qiyməti 150 manatdan başlayır.

 

 Burada yenə də qiymətin qalxması dustağın və yanına gələn adamın maddi durumundan asılıdır. Cəzanın üçdə birinin çəkilməsindən sonra yerdə qalan müddətin məhkəmə ilə buraxılmasına verilən izacə də bir ili minimum 3 mindən (üç) hesablanır. Bildirilir ki, iki ilinə 50 min verib azadlığa çıxan dustaq da olub.

 

 Hazırda cəzaçəkmə müəssisəsində 600-dən çox cəzasının üçdə birini çəkib ancaq pulu olmadığına görə, məhkəməyə çıxa bilməyən dustaqlar var. Bu yaxınlarda müəssisədə maraqlı bir olay yaşanıb. Belə ki, cəzaçəkmə müəssisəsindəki futbol turnirində kubok təqdim edərkən rəis Əlicanov öz çıxışı ilə özünü ələ verib. Çıxışında bir dustağı “öz hesabına” məhkəməyə çıxaracağına söz verən rəisdən soruşmaq lazımdır ki, dustağın məhkəməyə çıxmasının dövlət rüsumu nə qədərdir ki, rəis onu öz hesabına edir?

 

 Həbsxanadakı biabırçı vəziyyəti video və fotolarla ictimaiyyətə çatdırmağa çalışacagıq.

 

  NUH.az 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib