Dərc edilib: 22-05-2016

https://www.nuh.az/7810-.html

Türkiyənin yeni baş naziri olacaq Binali Yıldırım kimdir?

22.05.2016 15:51:37

Region

Sabah Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında nəqliyyat, dənizçlik  və rabitə naziri Binali Yıldırımın  yeni partiya sədri seçiləcəyi yəqinləşib. AKP sözçüsü Ömer Çelik B.Yıldırımın partiya sədrliyinə namizədliyinin irəli sürüləcəyini açıqlayıb.

 

B.Yıldırımın AKP-nin 22 may növbədənkənar qurultayından sonra baş nazir vəzifəsinə seçiləcəyi də şübhə doğurmur.  Artıq bütün Türkiyə Ərdoğanın şəxsən namizədliyini irəli sürdüyü B.Yıldırımın baş nazir vəzifəsində Davudoğlunu əvəzləyəcəyindən baş vermiş fakt kimi danışır.

 

B.Yıldırım 1955-ci ildə Ərzincanda anadan olub. İstambul Texnika Universitetinin Gəmi inşaatı və dəniz elmləri fakultəsini bitirib. Bu fakultədə magistr dərəcəsini alıb.

Universitei bitirdikdən sonra Türkiyə Gəmi Sənayesi Baş İdarəsi və ölkənin ən qədim tərsanələrindən olan Camiialtında mühəndis və digər məsul vəzifələrdə işləyib.

1990-1991-ci ilərdə İsveçdə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının Dünya Dənizçilik Universitetində  ixtisas artırma kurslarında təhsil alıb.

B.Yıldırımın  Ərdoğanla yaxın münasibətləri indiki prezidentin 1994-99-cu illərdə İstanbul Böyük şəhər bələdiyyəsinə rəhbərlik etdiyi vaxtlarda yaranıb. O zaman Yıldırım İstanbul Dəniz Avtobusları Baş İdarəsinə rəhbərlik edib. B.Yıldırım ictimai nəqliyyatın dəniz üzərindən həyata keçirilməsi üçün müxtəlif  uğurlu layihələr həyata keçirib.

 

2001-ci ildə Ərdoğanın çevrəsində olan bir sıra şəxslər kimi,  o da AKP-nin qurucuları sırasında yer alıb.  2002-ci ildə hakimiyyətə gəldikdən sonra AKP-nin həmin il, 2003, 2007, 2011, 2014-cü  illərdə qurduğu hökumətlərdə B.Yıldırım  nəqliyyat naziri vəzifəsini tutub.

Onun nazir olduğu, 2004-cü ildə “Pamukova faciəsi” adlandırılan qatar qəzası zamanı 41 sərnişin vəfat edib.  O zaman istefa tələblərinə baxmayaraq, B.Yıldırım vəzifəsində qalıb.  

 

AKP hökumətinin nəqliyyat nazirinin bacanağı Cemallettin Haberdarın adı 2015-ci ildə  hökumətdə korrupsiya halları ilə bağlı araşdırmalarda hallanıb. İzmirdə liman və gömrükdə korrupsiya faktlarını araşdıran prokuror Ali Çeliyin dindirdiyi şəxslər sırasında Haberdarın adı vardı. Bu dindirmələrdən sonra isə prokurorun iş yeri dəyişdirilmişdi.

4 fevral 2014-cü ildə ana müxalifət partiyası CHP lideri Kemal Kılıcdaroğlu Binalı Yıldırım haqqında hazırlandığı bildirilən dosyeni açıqlamışdı.  Kılıcdaroğlunun açıqladığı dosyedə bildirilirdi ki, Yıldırım ATV və “Sabah” qəzetinin satılması zamanı iş adamlarından pul toplanması üçün AKP-nin təmsilçisi kimi əlaqələndirici rolunda çıxış edib və bu media orqanlarının Ərdoğana yaxın iş adamları tərəfindən alınması üçün 630 milyon dollar vəsait toplanmasına nail olub.

CHP lideri iddia etmişdi ki, bu vəsaiti verən şirkət və iş adamlarına 87 milyard 832 milyon dollar  dəyərində dövlət sifarişi verilib.

Bu iddialar Yıldırım və hökumət tərəfindən təkzib olunub.

Türkiyə Böyük Millət Məclisinə İstanbul, Ərzincan, İzmirdən millət vəkili seçilib. 2014-cü ildə nazir vəzifəsindən istefa verərək bələdiyyə seçkilərində iştirak edib.CHP-nin əsas dayaqlarından olan İzmirdə şəhər bələdiyyə sədri seçilə bilməsə də, AKP-nin səslərini 36% qədər yüksəldə bilib.

2014-cü ildə baş nazir və sonra prezident Ərdoğanın müşaviri vəzifəsinə təyin olunub.

AKP-nin 1 noyabr 2014-cü ildə qurduğu hökumətdə yenidən nəqliyyat, dənizçilik və rabitə naziri vəzifəsini tutur.

O, Türkiyə Respublikası tarixində nəqliyyat naziri vəzifəsini ən uzun müddət tutan siyasətçi kimi rekorda imza atıb. Nazir olduğu dövrdə 17500 km yol çəkib, hava limanlarının sayını 22-dən 55-ə çatdırıb.  Onun nazir olduğu dövrdə Türkiyədə hava nəqliyyatı ildə 15% inkişaf edib.

AKP-nin 12 sentyabr 2015-ci il böyük qurultayından əvvəl  partya sədrliyinə namizədlərdən biri kimi nəzərdən keçirilirdi. Onun 1353 qurultay nümayəndəsindən 900-nün imzasının topladığı barədə məlumatlar yayılmışdı. Amma Ərdoğanla Davudoğlunun anlaşması Yıldırımın iddialarının gerçəkləşməsinə imkan vermədi.

Evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir. Strateq.az

 

 

  NUH.az

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib