Dərc edilib: 24-05-2016

https://www.nuh.az/7820-.html

Qarabağ qazisi Neftçala icra nümayəndəsindən şikayət edir

24.05.2016 12:30:23

Cəmiyyət

 

Redaksiyamıza Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Qarabağ Müharibəsi qazisi Babayev Abduləli Adbala oğlunun ölkə başçısına, baş prokurora və Həmkarlar Konfederasiyasının sədrinə ünvanlanmış  müraciəti daxil olub.

 Müraciəti bəzi ixtisarlarla dərc edirik.

“Hörmətli Prezident!

Mən təkrar olaraq Neftçala şəhərinin icra nümayəndəsi Gülqədəm adlı işbaz  qadın haqqında məlumatları Sizə çatdırmağı özümə borc bilirəm.

Onun Müəllimlər İnstitunun Qazax filialından rüşvət verərək əldə etdiyi saxta diplom ilə yerdə Sizin kimi mötəbər bir şəxsin nümayəndəsi olmasını mən qəbul edə  bilmirəm. Necə olur ki, ona saxta diplom satmış şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunur, bu xanım isə Neftçala kimi şəhərdə sizin hakimiyyətinizi təmsil edir?

Bundan əlavə bu xanım  Neftçala şəhər icra  nümayəndəsi işləməklə yanaşı, Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Neftçala rayon Komitəsində baş mühasib vəzifəsini daşıyır. Halbuki dövlət qulluğunda işləyən şəxs ikinci vəzifə daşıya bilməz. Həmin vəzifəni bu gün işsiz qalmış onlarla mühasib tuta bilərdi. Təhsil işçilərinin Azad Həmkarlar İttifaqının rayon komitəsində mühasib kimi tam ştatda oturan şəxs necə olur ki, əvvəlcə Neftçala rayonu Xıllı qəsəbə inzibati ərazi nümayəndəliyinə , sonra da Neftçala rayon Ərazi İnzibati nümayəndəliyinə məsul vəzifəyə təyin olunur və bundan Həmkarla İttifaqı Konfederasiyası xəbər tutmur. Bu fakt onu sübut edir ki, bu qadın  qaranlıq işlərlə məşğuldur.

Gülqədəm  rayon mərkəzində  qızının adına “Fitnes”   klubu   açaraq  oranı şəxsən  özünəxas yolla  idarə edir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Vurğun Əkbərovla  tez bir zamanda  işgüzar münasibətlər quran bu xanım  rayon rəhbərliyinin  xoş  münasibətini də  qazana bilib.

Ümumiyyətlə, keçmiş bir döyüşçü kimi mənim bu qadına baş qoşmağım  çoxlarına əxlaqa yaraşmayan hərəkət kimi görünə bilər. Amma bu belə deyil, mənimlə birlikdə Vətənin müdafiəsi uğrunda vuruşaraq canlarından keçmiş şəhid qardaşlarımın ruhları mənə rahatlıq vermir, ona görə də belə neqativ hallara qarşı  mübarizə aparıram”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

   NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib