Dərc edilib: 26-05-2016

https://www.nuh.az/7841-.html

AzTV-nin Dilçilik institutuna “yürüşü”nün gizli detalları üzə çıxdı

26.05.2016 21:02:01

Cəmiyyət

Çəkiliş qrupunun biri binada, ikincisi isə akademiya bağında pusquda imiş, Alışanov özü isə maşından müşahidə aparırmış…

 

Dünən A.Alışanovun xüsusi tapşırığı ilə sədr müavini Elsevər Dünyamalıyevin Nəsimi adına Dilçilik institutunda elm adamlarını sorğu-suala çəkməsi, onlardan Q. Məhərrəmlinin məlum müsahibəsi və özünün əleyhinə mənfi rəylər almaq, bir növ “aztvsayağı” şou yaratmaq cəhdi bu gün akademiya institutlarında əsas müzakirə mövzusu olub.

 

Eyni zamanda instituta “yürüşün” bəzi detalları da açıqlanıb. Bu barədə Bizimxeber.az-a məlumat verən mənbə bildirib ki, “institutun direktoru vəzifəsini icra edən professor Möhsün Nağısoylu öz həmyerlisi E.Dünyamalıyevin gələcəyindən xəbərdar imiş və onun gəlişinədək bir neçə əməkdaşı Q.Məhərrəmli əleyhinə təlimatlandırıbmış.

Lakin institutun şöbə müdirlərindən bəzilərinin çağırılmamaış “qonağın” xoşniyyətli olmadığını görüb etiraz etmələrindən sonra vəziyyət dəyişib. Alimlərin çoxu həmkarları əleyhinə danışmayıb və müsahibədə A.Alışanov barədə təhqir olduğunu təsdiqləməyiblər. Beləliklə, direktor əvəzi M.Nağısoylunun iştirakı ilə əməkdaşları dilə tutmağa çalışan E.Dünyamalıyev institutda çəkiliş apara bilməyib”.

Bizimxeber.az-a verilən məlumata görə, həmin vaxt “AzTV Dilçilik institutunu çəkir” xəbəri yayılıb, çünki o anda akademiya ərazisində bu televiziyanın iki çəkiliş qrupu olub, həmin qruplardan biri binanın holunda, ikincisi isə akademiya bağında pusquda dayanıbmış. Ən maraqlısı odur ki, həmin saatlarda sədr Alışanovu da bağın nisbətən sakit yerində öz xidməti maşınında müşahidə apardığını görüblər”.

Buradan belə bir qənaət hasil olur ki, həmin çəkiliş AzTV rəhbəri üçün xüsusi əhəmiyyət kəsb edirmiş. Xatırladaq ki, A.Alışanovun professor Q.Məhərrəmliyə qarşı başlatdığı cinayət işinə hüquqi müstəvidə baxılır. Hazırda məhkəmə linqvistik ekspertiza aparır və müsahibədə təhqir olub-olmaması ilə bağlı yüksək səviyyəli mütəxəssislər rəy verməlidir.

Görünür, şikayətinin haqsız olduğunu bilən və AzTV sədri vəzifəsindən sui-istifadə edərək, həm də Dilçilik institutunun rəhbərliyinin prinsipsizliyindən bəhrələnərək alimlərə təzyiq göstərir. Hüquqşünaslar hesab edir ki, Alışanovun addımı ciddi hüquq pozuntusudur, ona görə də biz bu insidentin hüquqi aspektlərini araşdırmağa çalışacağıq.  Bizimxeber.az

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib