Dərc edilib: 02-06-2016

https://www.nuh.az/7873-.html

Nuridə Atəşi: “Almaniya elmi 150 il boyunca Qarabağ tarixini erməniləşdirib”

02.06.2016 17:53:21

Cəmiyyət

Berlində fəaliyyət göstərən Qafqaz Tədqiqatları İnstitutu Almaniyanın muzey, fond və arxivlərində uzunmüddətli tədqiqatlar aparıb.

Bu haqda Modern.az saytına institutun direktoru, tədqiqatçı Nuridə Atəşi məlumat verib.

 

Onun sözlərinə görə, tədqiqatlar nəticəsində Almaniya elminin 150 il boyunca Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynadığı üzə çıxıb.

Nuridə Atəşi deyib: “1865-ci ildən Gədəbəydə Simens qardaşlarının misəritmə zavodunun fəaliyyəti ilə Dağlıq Qarabağın sistemli şəkildə erməniləşdirilməsi siyasətinə başlanıb. Belə ki, bu prosesi Siemens qardaşları Almaniya elmində görkəmli yer tutan, hətta Bundestaqın və Berlin Parlamentinin millət vəkili olan məşhur siyasətçi, həkim və antropoloq Rudolf Virxovun birbaşa başçılığı, maliyə dəstəyi və göstərişi ilə həyata keçirib.

Siemens fabrikinin əməkdaşları, yerli almanəsilli kolonistlər, Almaniyadan göndərilmiş xüsusi kolleksionerlər Azərbaycanın yüzlərlə tarixi qəbir abidələrini talan edib, soyub, qanuni və qanunsuz şəkildə minlərlə maddi-mədəniyyət nümunələrini Almaniyaya daşıyıb.

Alman alimləri bu materiallar əsasında 150 il boyunca Qarabağın xristianlıqdan öncəki tarixini mütəşəkkil şəkildə erməniləşdirib, qəbir abidələrini qədim erməni xalqına, Azərbaycanın əzəli torpaqlarını Böyük Ermənistana, erməni yaylasına, hətta alban kilsələrini də qədim erməni kilsələrinə məxsus olaraq tədqiq ediblər. Almaniyanın məşhur elmi jurnallarında, universitet, muzey kataloqlarında yüzlərlə elmi nəşrlərdə bunlar elmi şəkildə uzun illər boyu geniş ənənə alaraq  davam etdirilib”.

N.Atəşinin sözlərinə görə, Qafqaz Tədqiqatları İnstitutunun araşdırması zamanı məlum olub ki, Azərbaycanın Xocalı, Gədəbəy şəhərlərinin mədəniyyətinə aid bir çox yeni kolleksiyalar, arxiv materialları qanunsuz olaraq Berlinə aparılıb. İnsitut Almaniya elmində Qarabağla bağlı bu günə qədər obyektiv tədqiqat aparlılmaması və s. faktlar aşkar edib. 

Tədqiqatçı N.Atəşi bilərəkdən və bilməyərəkdən yazılmış bu nöqsanlı tarixşünaslığın Dağlıq Qarabağ problemində böyük rol oynadığını və beynəlxalq elmdə bir çox zərərli nəticələrə gətirib çıxardığını  qeyd edib. O, alman elmindən bu barədə cavab istəyir: “İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməli və bu səhvlər düzəldilməlidir”.

Tədqiqatçı Almaniya dövlətinə Azərbaycan Prezidentinin Almaniyaya yaxın günlərdə olacaq rəsmi səfəri zamanı müraciət hazırlayır. Müraciətdə Azərbaycana məxsus maddi mədəniyyət nümunələrinin tədqiq olunması, Xocalı-Gədəbəy mədəniyyətinin yenidən obyektiv tədqiqi, materialların yenidən kataloqlaşdırılması və qüsurlu elmi nəşrlərin elmi dövriyyədən çıxarılması tələbi qoyulub. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib