Dərc edilib: 06-06-2016

https://www.nuh.az/7904-.html

Əflatun Amaşov Gürcüstanda - Fotolar

06.06.2016 17:19:28

Region

Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov bir sıra görüşlər keçirib.

AzNews.az xəbər verir ki, Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib. 

Daha sonra Ə.Amaşov Gürcüstanın Marneuli şəhərində azərbaycanlı ziyalılarla görüşüb. Görüşdə qonşu ölkədə yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri müzakirə olunub. Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvilinin də qatıldığı tədbirdə deputat Ə.Amaşov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixə malidir. Deputat mədəni münasibətlərin inkişafında elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi vurğulayıb.

Ə.Amaşov bildirib ki, hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Bakıda güzəştli şərtlərlə təhsil almalarının təmin edilməsinə yönələr söhbətlər aparılır. Əsasən də Azərbaycan dili və ədəbiyyatı, filologiya, tarix, mədəniyyətşünaslıq, turizm və digər ixtisaslar üzrə bu mexanizmin tətbiqi nəzərdə tutulur. Burada başlıca şərt odur ki, həmin gənclər Azərbaycanda təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda işləməlidirlər. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın inkişafında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin bildirilib ki, bu ölkənin ərazi bütövlüyünün müdafiəsində minlərlə azərbaycanlı döyüşüb, onlardan bir neçəsi şəhid olub. Gürcüstan hökuməti bunları yaxşı bilir və qiymətləndirir. 

Deputat Gürcüstana səfəri çərçivəsində Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olub. O, rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə əsasən nəzərdə tutulan kitablarin az bir hissəsini Mərkəzə təqdim edib.

Qeyd edək ki, sözügedən layihədən məqsəd Gürcüstandakı Azərbaycan məktəblərini və mədəni mərkəzlərini kitablarla, müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.

 




 

 

 

   NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib