Dərc edilib: 10-06-2016

https://www.nuh.az/7936-.html

Sumqayıt üçün 10 milyon manat ayrıldı

10.06.2016 20:23:21

İqtisadiyyat

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, "Kimyaçılar" Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

 

1. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib