Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7968-.html

Əhalimizin sayı AÇIQLANDI - 10 milyona az qalmışıq

16.06.2016 11:21:11

Maraqlı

Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin demoqrafik göstəricilərini açıqlayıb.


Modern.az saytı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə,

2016-cı ilin yanvar-aprel aylarında əhalinin sayı 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər təşkil edib.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 52,7 min körpə doğulub və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,6 nəfər təşkil edib. Körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşağıdır. Yeni doğulanların 902-si əkiz, 24-ü isə üçəmdir.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 19,7 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 olub.

2016-cı ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 19,7 min nikah və 4,1 min boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1075 nəfər gələn və 488 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 587 nəfər təşkil edib.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib