Dərc edilib: 25-06-2016

https://www.nuh.az/8025-.html

Sumqayıtın yeni bulvarı

25.06.2016 12:30:46

Maraqlı

Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir.

 

Bir çox üstünlükləri olan dənizkənarında müasir bulvarın salınması ehtiyacı duyulurdu.

 

Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: “Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.”

 

Ölkə başçısının bu istəyi 2 Sentyabr 2015–ci ildə Sumqayıt şəhərinə başçı təyin olunan Zakir Fərəcov tərəfindən əsas hədəf kimi qarşıya qoyuldu. Qısa müddət ərzində bulvarın baş planı və eskiz layihəsi hazırlandı və işlərə başlanıldı. Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir. Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır. Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək. 

 

 

  NUH.az 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib