Dərc edilib: 06-08-2016

https://www.nuh.az/8202-.html

Cəlilabadda Heydər Əliyevə hörmətsizlik

06.08.2016 18:51:37

Cəmiyyət

I məqalə

İnsafən bildirməliyik ki, respublikamızın bütün şəhər və rayonlarında son dərəcə böyük tikinti və abadlıq işləri gedir. İşimlə əlaqədar olaraq səfərə çıxdığım yerlərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin şahidi oluram. Yeni binalar, yeni yollar, yeni park və meydançalar... Yol qırağlarında meşə zolaqları salınır, strateji əhəmiyyəti olan körpülər tikilir,  istirahət guşələri yaradılır. Lap bu günlərdə Bakıdan - Gəncəyə, Bakıdan -Şəkiyə səfərə çıxarkən mən insan əliylə yaradılan əsl möcüzələrin şahidi oldum. Təkcə Gəncədə son illərdə salınan park, İmamzadə məscidinə doğru uzanan ikitərəfli yol həm respublika rəhbərliyinin, həm də Gəncə şəhər hakimiyyətinin abadlıq və qurub yaratmaq istəyinin nəhayətsiz olduğunu bir daha təsdiq edir. Azərbaycan vətəndaşının yaxşı həyatı, rifah halının yüksəldilməsi məqsədi ilə atılan bütün bu addımlar insan amilinin dövlətimiz üçün ən əsas məsələ olduğunu bir daha sübut edir. Mən bu cür nəhəng quruculuq və abadlıq işlərinə sübut kimi respublikamızın onlarla rayonundan nümunələr gətirə bilərəm...

Nə qədər acı da olsa, etiraf etməliyəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə respublikamızda gedən bu nəhəng tikinti və abadlıq işlərinin sanki Cəlilabad rayonuna heç bir aidiyyəti yoxdur. Bunun üçün heç elə bir böyük araşdırma və tədqiqata aparmağa da ehtiyac yoxdur: hər yerdə yollar o yerin həyat və yaşayış səviyyəsinin ilk göstəricisi kimi çıxış edir.

Cəlilabadda (hələ rayon mərkəzini nəzərdə tuturam) daxili yollar bərbad vəziyyətdədir demək, əslində fəlakətin miqyasını kiçiltmıkdir. Hələ yay, quraqlıq olmasına baxmayaraq, bank, xəstəxana yolundan keçmək mümkün deyil, qışda nə olacaq onu bir olan Allah bilir...

Ümumiyyətlə, Cəlilabadda asfalt yol deyiləndə yalnız başdan rayon İcra Hakimiyyətinin binasına qədərki məsafə başa düşülür, ondan sonra yalnız Nuh əyyamında çəkilmiş asfaltların qədim qalıqları göz önündə canlanır...  Bir balaca külək olan kimi bütün rayon toz-dumana bürünür.

Haçansa Cəlilabadın küçələrini qazıb içinə qara borular uzadıblar. Həmin kəmərin nə üçün çəkilməsini bilən azdır, amma qazılan xəndəklər indiyə qədər doldurulmayıb və onlar müharibə dövrünün istehkamlarını xatırladır. Elə bil ki, rayon indicə davadan çıxıb.

Daha bir utancgətirici fakt...

Rayonda Nizami adına məktəbin düz qənşərində, rayon Prokurorluğunun bir neçə addımlığında, Rayon Məhkəməsinin, Polis İdarəsinin 20 metrliyində, İH-nın başçısı Əziz Əzizovun iqamətgahının təxminən 50 addımlığında bir yeraltı keçid var (Burada doğrudan da keçidə ehtiyac var və hansısa o xöşbəxt zamanda piyadaların təhlükəsizliyi məqsədi ilə çəkilib)  Amma indi həmin keçidin dörd girişinin dördünün də aşağı pilləkənlərinin üstündə dəmir şəbəkəli qapılar qoyulub və hər qapıdan bir neçə kiloluq qıfıllar asılb. Qapılar keçidin aşağı hissəsində qoyulduğundan rayonun düz mərkəzində yerləşən həmin keçidin dörd tərəfinin dörd girişi bu gün günün günorta çağı tualet əvəzi olaraq insanların vacib ehtiyaclarının  ödənilməsi üçün istifadə olunur və buna görə mərkəzdən dəhşətli üfunət qoxusu ətrafa yayılır. Ən pisi odur ki, bu keçidin bir neçə metrliyində bir-iki il bundan qabaq tikilib təntənəli şəkildə istifadəyə verilmiş və təmtəraqlı açılışı olmuş ulu öndər Heydər Əliyevin adına Mərkəz yerləşir. Həmin üfunətin iyindən bəzən Mərkəzin həyətində dayanmaq belə mümkün olmur. Əlbəttə, biz istəməzdik ki, ulu öndərin adına bağlı olan bir təsisat bu cür üfunət qoxusu altında yaşasın.

Keçmişdə Tramvay Parkında briqadir olmuş və hazırda Cəlilabad kimi nəhəng bir rayona rəhbərlik edən hörmətli Əziz Əzizova qarşı bizim heç bir iradımız yoxdur, ola bilsin ki, bu məsələ illərdir onun diqqətindən kənarda qalıb, bəs rayonun digər strukturları, üstəlik Cəlilabada tez-tez gəlib, əhali ilə müntəzəm görüşlər keçirən Cəlilabaddan seçilmiş deputatlarımız hara baxır? Onlar məgər görmürlərmi ki, ulu öndərin adını daşıyan mərkəzin beş addımlığında belə bir biabırçı obyekt var... /milliel.az /

(Davamı var)

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib