Dərc edilib: 30-09-2016

https://www.nuh.az/8363-.html

Mətbuat Şurasının sədrindən parlamentə təklif

30.09.2016 16:22:31

Cəmiyyət

“İnternet medai dövlət yardımından bəhrələnməlidir”
 
“Prezident İlham Əliyev medianın ƏDV məsələsindən itkisiz çıxması üçün çox böyük addım atdı”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Ə.Amaşov xatırladıb ki, prezidentin sərəncamı ilə yayda milli mətbuatın yubileyi ərəfəsində mediaya 1 milyon manat yardım ayrıldı: “Bu məbləğ ölkənin aparıcı kütləvi informasiya vasitələri arasında bölüşdürüldü. Hesab edirəm ki, nəticədə əlavə dəyər vergisinin tətbiqi ilə yaranmış çətin durum aradan qalxdı. Belə təşəbbüslərin davamlı olacağına inanıram”.

Millət vəkili qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması vacib məsələdir: “Doğrudur, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da var. Ancaq hesab edirəm ki, bu məqamlar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsinə ayrıca konseptual yanaşma zəruridir. Təklif edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində bunu əsas götürsün”.

Əflatun Amaşov internet medianın maliyyələşməsi məsələsinə də diqqət çəkib: “Bu məsələ internet medianın hüquqi münasibətlər sistemində yer tapmasını zəruriləşdirir. İnternet medianın cəmiyyətdəki rolu artır və ictimai münasibətlər sistemində özünə yer tutur. Buna görə də onların da dövlət vəsaitindən bu və ya digər şəkildə bəhrələnmələri vacibdir. Bunun üçünsə bu tip media orqanlarının hüquqi statusu müəyyənləşməlidir. Hesab edirəm ki, Milli Məclis üzvləri olaraq bizlər qarşıdakı müddətdə bu məsələyə xüsusi diqqət yetirməliyik.
Ə.Amaşov qeyd edib ki, mediada reklamlar azlıq təşkil edir: “Əlbəttə, burada reklam verənlərin iradəsi də önəmlidir və nəzərə alınmalıdır. Hesab edirəm ki, hansısa şəkildə balans da yaradılmalıdır. Çünki medianın iqtisadi durumu reklamdan asılıdır. Hazırda onun reklam gəlirləri çox aşağıdır. Doğrudur, dövlət dəstəyi var və buna görə də qəzetlərimiz ayaqda qalırlar. Ancaq gəlin razılaşaq ki, bu dəstək hər zaman davam edə bilməz. Media iqtisadi müstəqilliyini özü qazanmalıdır. Bu müstəqillik isə reklam gəlirlərindən asılıdır. Düşünürəm ki, bunu təmin etmək də imkanlarımız daxilindədir”.

Mənsur Rəğbətoğlu /Cebhe.info/

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib