Dərc edilib: 24-10-2016

https://www.nuh.az/8497-.html

Dəm qazı bəlasını qapımızdan qovan varmı?

24.10.2016 18:22:27

Müsahibə

Havaların soyuması qaza olan tələbatı artırır. Bu zaman hər il davam edən dəm qazı bəlası yenə aktivləşir. 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, oktyabr ayı ərzində 18 nəfər dəm qazı zəhərlənmə diaqnozu müraciət edib.

 

Dəm qazından zəhərlənənlərdən 2-i uşaqdır. Dəm qazından zəhərlənmə hallarının qarşısını necə almaq olar? Qaz təhcizatına texniki baxış aparılırmı? "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Qaynarinfo.Az-a bildirdi ki, cari ilin may ayından etibarən Azəriqaz evlərə texniki baxış keçirmir: "Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin səlahiyyət Fövqəladə Hallar Nazirliyi və Dövlət Qaz Nəzarət İdarəsinə verilib. Bu istiqamətdə "Azəriqaz" tərəfindən vətəndaşların maarifləndirilməsi işləri aparılır, qaz cihazlarının istifadə qaydası izah olunur, bukletlər paylanılır. Televiziya vasitəsilə müxtəlif çarxlar yayımlanır. Bu kimi tədbirlər vasitəsilə dəm qazından zəhərlənmə hallarının azalmasına çalışırıq". Dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər! Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım: - zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə); - əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq; - ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün); - zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq; - əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, "Ürəyin xarici masajı" və "Süni tənəffüs").

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib