Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8532-.html

Bakıda yaşıllıqlara qarşı "soyqırımı" davam edir: Bu dəfə Nərimanovda - FOTOLAR

28.10.2016 12:53:22

Reportaj

Mətbuat hərgün yazır, amma yaşıllıqlara qənim kəsilən məmurlar usanmaq bilmir. Az qala hər gün paytaxt Bakının hansısa rayonunda məmurların yaşıllıqlara qarşı "soyqırımı"nın başlaması barədə xəbərlər yayılır.

 

Yazırıq, tənqid edirik, bəzən müxtəlif orqanlar müdaxilə edir, qanunsuzluğun qarşısı alınır, bəzən isə hadisələr taleyin axarına buraxılır. Bakıda yaşıllıqlar müxtəlif adlar altında hədəfə alınır. Parkların, xiyabanların salınması, abadlaşdırılması, şəhərdaxili və magistral yolların görkəminin dəyişdirilməsi, beynəlxalq tələblərə cavab verən şəkildə qurulması bəhanə edilir, amma bir çox hallarda məhv edilmiş yaşıllıqların yerində göydələnlər, ticarət mərkəzləri ucaldılır. Təəssüf ki, bəzən bu işlərin görülməsi adı altında dövlət büdcəsi də talan edilir. Büdcədən abadlıq işləri aparılması, yolların təmiri məqsədi ilə pullar ayrılır, amma bəzi işbaz məmurlar həmin vəsaiti yaşıllıqların məhvi hesabına ucaldılmış qazanc mənbələrinə sərf edir. Bunları deməkdə məqsədimiz var. Çünki Bakıda yaşıllıqlara qarşı "soyqırımı" davam edir. Bu dəfə Nərimanov rayonu Ziya Bünyadov prospektində, “Çermet” körpüsünün yan tərəfində... Burada hansısa “gözə görünməz əl” tərəfindən yaşıllıq ərazi dəmir konstruksiyalarla hasarlanıb. Həmin ərazidə apardıgımız müşahidələr zamanı bunun canlı şahidi olduq. Hasarlanmanın hansı məqsədlə və nəyə xidmət etdiyi bizim üçün də qaranlıq qaldı. Dövlətin böyük maliyyə vəsaiti ilə ərsəyə gətirdiyi magistral yolun kənarındakı yaşıllıq zonası göz görə-görə dağıdılır. Bu yoldan istifadə edən sürücülər və həmçinin ətrafdakı insanlarla söhbətimizdə onlar da narahatçılıqlarını bildirdilər, aidiyyatı qurumları tez bir zamanda bu özbaşnalıgın qarşısını almaga çagırdılar. Yəqin ki, bu görüntülərdən sonra Nərimanov İcra Hakimiyyəti, “Azəravtoyol” ASC məsələyə münasibət bildirər, qanunsuzluğun qarşısını almaq üçün bir an öncə hərəkətə keçər. Qaynarinfo.Az

 

  NUH.az 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib