Dərc edilib: 12-11-2016

https://www.nuh.az/8645-.html

Tramp hay-küy üçün nələr deyib? - Şahtaxtinski

12.11.2016 17:11:36

Müsahibə

ABŞ-da yeni seçilən prezidenti Donald Tramp hazırda bütün dünyanın, eləcə də Azərbaycanın siyasi gündəmindədir. Onun seçki kampaniyası dövründə xüsusən ölkədəki miqrantlarla bağlı səsləndirdiyi sərt fikirlər dünyada birmənalı qarşılanmayıb. Birləşmiş Ştatların bundan sonra sözügedən məsələ ilə bağlı tutumu da müzakirə mövzusudur.

 

Musavat.com “İ.S.Law Firm”-in rəhbəri, ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinski bu məsələlər ətrafında söhbətləşib.

 

-İsmayıl bəy, Tramp seçki öncəsi miqrantlarla bağlı kəskin mövqeyi ilə seçilən namizədlərdən idi. İndiki halda onun prezidentliyi Amerikada yaşayan miqrantlara nə vəd edir?

 

-Tramp seçki kampaniyası zamanı çox şeylər deyib, radikal fikirlər söyləyib. Çünki Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü. Bu partiyanı dəstəkləyən bir hissə radikal, təhsili az olan adamlardır. Onları özünə cəlb etmək, bir az əks fikirlər deyərək, cəmiyyətdə səs-küy yaratmaq üçün edilən cəhdlər də var. Trampa bu seçkilər zamanı bilmədən ən çox dəstək olan jurnalistlər oldu. Çünki o, elə kontraversal şeylər deyib ki, bu, gecə-gündüz, pul xərcləmədən onun reklamı kimi gedirdi: “Tramp bunu dedi”, “Tramp onu elədi”… Əslində Trampı dəstəkləyən savadlı adamlar onun bu dediklərinə fikir vermirdilər. Bilirdilər ki, seçilmək, səs-küy çıxarmaq üçün deyir. Savadsız, radikal adamlar da oxuyub dəstəkləyirdilər ki, onun dedikləri bizim fikirlərimizə uyğundur, miqrantlar ölkəni əlimizdən alır və s. Reallıqda heç bir şey gözlənilmir. Amma miqrantlarda bir az qorxu var. Seçkidən sonra bir neçə nəfər zəng edib, məsləhət almağa çalışıblar ki, onlar üçün Trampın seçilməsi nə deməkdir. Miqrant qanunlarını dəyişmək isə elə də asan deyil. Heç Obama administrasiyası miqrasiya qanunlarını dəyişə bilmədi, bir-iki miqrasiya qanunlarının tətbiqini yumşaltdı. Hətta onlara qarşı da məhkəmə iddiaları oldu və administrasiya bunları da uduzdu. Məsələn, Amerika vətəndaşlarının bu ölkəyə sənədsiz gələn, qeyri-leqal keçən valideynləri burda leqallaşa bilmirlər. Obama administrasiyası onlara iş icazəsi vermək istəsə də, buna mane oldular, qarşısını aldılar. Ona görə də reallıqda prezidentin o qədər də səlahiyyəti yoxdur. Tramp da onu bilir, onun korporasiyası nə qədər miqrant işlədir. Trampın öz həyat yoldaşı da miqrantdır. Respublikaçılar da, konqres də bilir ki, miqrantlar bu ölkəyə lazımdır, Amerika miqrantlar ölkəsidir. Ona görə də Trampın miqrantlarla bağlı dediyi sərt fikirlərə mən o qədər də əhəmiyyət vermirəm.

 

- Qanunvericilik bu haqda nə deyir? Prezident bu məsələni hansı formada və necə miqrantların əleyhinə yönəldə bilər?


-Bu sualın cavabına yuxarıda toxundum bir qədər. Amma onu da deyim ki, Trampın seçildikdən sonra dediklərinə diqqət edək. O bildirdi ki, burada qeyri-qanuni olan və kriminal işləri, məhkumiyyəti olan miqrantları deportasiyasını prioritet edəcək. Onun bu dediyi proses isə çoxdan gedir. Obama administrasiyası fəaliyyətə başlayandan bu işlə məşğuldur. Tarixi baxımdan Obama administrasiyası qədər kriminal miqrantları deportasiya edən ikinci administrasiya olmamışdı. Çünki prioriteti dəyişmişdilər ki, kriminal xarakterli miqrantlar deportasiya ediləcək. Ümumən ölkədə sənədsiz, qeyri-leqal 11 milyon miqrant var. Onları nə qanuni, nə praktiki baxımdan ölkədən deportasiya etmək üçün yol yoxdur. Ona görə də prioritet hər zaman belə qoyulub ki, qanunsuz miqrantlar ölkədən çıxarılmalıdır. Sadəcə, Tramp bunu səsli deyib. Amma onsuz da Obama administrasiyası bunu həyata keçirirdi.

 

-Tramp eyni zamanda onunla hədələyib ki, kriminal keçmişi olan miqrantları qəbul etməyən ölkənin vətəndaşlarına viza verilməsi çətinləşdiriləcək.

 

-İnanmıram ki, onu da həyata keçirsinlər. Trampın dediyi nədir? Məsələn, Azərbaycandan bura miqrant gəlib, statusunu itirib və qalıb burada qeyri-leqal, hansısa bir kriminal iş görüb. Kriminal işin də ağırlıq dərəcəsi var. Məsələn, sərxoş vəziyyətdə maşın sürməyə görə deportasiya edilmir. Onu nə cür tətbiq edəcəyi də qaranlıqdır. Çünki bu halda həmin ölkələr də Amerikaya qarşı sərt tədbirlər tətbiq edə bilər. Ona görə də inanmıram ki, o, bu dediyini edə bilsin. -Miqrant mövzusundan söz düşmüşkən, son zamanlar ABŞ-a gedənlərin bir qismi təhsil almaq bəhanəsi ilə gedirlər. Yəni, burdakı mülklərini, daşınmaz əmlaklarını satıb, həyatlarını orada davam edirlər. Necə düşünürsüz, bir Amerika röyası üçün bu varianta daha nə qədər populyar ola bilər?

 

-Miqrasiya metodları, ABŞ-da təhsil almaq adı ilə gələnlər üçün nəsə dəyişiklik olacağını görmürəm. Mütləq nəyinsə dəyişəcəyi, təhsil vizası almanın çətinləşəcəyi ilə bağlı deyilənlərə qatılmıram. Belə bir şey gözlənilmir, məncə. Bəlkə də daha da asanlaşdı. Xarici tələbələrin ABŞ-da təhsil almasını, miqrantların ölkəyə gəlişini zəiflətmək heç bir qüvvənin marağında deyil. - Trampın qalibiyyəti Azərbaycanın demokratik düşərgəsində ciddi məyusluq yaratdı. Necə düşünürsüz, demokratiya və insan hüquqları adına bu nəticə Azərbaycana nə vəd edir? -Bu cavabın iki tərəfi var. Mənfi tərəf odur ki, Trampın dediyinə görə, bundan sonra başqa ölkələrin işlərinə daha az qarışmaq istəyirlər. Amerikanın marağı olmayan yerdə istər demokratiya, istər insan haqları ilə bağlı məsələlərə çox qarışmayacaq. Amma yenə də bunu İraq, Əfqanıstan, Liviya müharibəsi zamanı cəmiyyətdə yaranan neqativ fikirlərə görə deyir. Çünki ictimaiyət “biz niyə ora getmişik” deyə öz narazılığını bildirir. Amma reallıq budur ki, ABŞ dünyanın hər yerində demokratiyanın, insan haqlarının qorunmasında maraqlıdır. Çünki bunlar olmayanda ABŞ bu ölkələrlə nə iqtisadi, nə siyasi əməkdaşlıq edə bilir. Ona görə də Amerika yenə də başqa ölkələrdə insan haqları və demokratiyanı dəstəkləyəcək. Obama administrasiyası bu işlərlə çox incə-incə məşğul olur, diktatorlar haqda sanksiyalara hesablanmış şəkildə yanaşırdı. Tramp psixoloji analizə görə, daha təxminedilməz və çılğındır. Ondan daha çox qorxa bilərlər. O, daha aqressiv cavab verə bilər, haqsızlığa qarşı daha sərt hərəkət edə bilər. Mən bu sualların hamısına cavab versəm də, heç nə təxmin edilmir bu məsələdə. Trampın kampaniyası başlayandan belə bir əhval olub ki, onun bu gün, ya sabah nə deyəcəyini heç kim təxmin edə bilməyib. Bəzi analitiklər deyirlər ki, onun planı, strategiyası da elə bu idi ki, təxminedilməz olsun. Ona görə də mənim indi səsləndirdiyim analizlərin 50 faizindən çoxu düz çıxmaya bilər. Çox müxtəlif analizlər var. Bir az xaotikdir. Çünki heç kim bilmir ki, bu adamın fikirləri nədir. Amma fikir nə olsa da, ABŞ-da dəqiq olan bir şey var: prezidentin səlahiyyətləri o qədər deyil ki, dediyi hər şeyi edə bilsin. Bunların çoxu konqresdən keçməlidir, orada müzakirə olunub, ortaq qərara gəlinməlidir. - Amerika Birləşmiş Ştatlarını bundan sonra nə gözləyir? Trampı prezident seçən xalq onun verə biləcəyi radikal və çılğın qərarlara da hazırlıqlıdırmı? -Bütün bu suallar ondan qaynaqlanır ki, çox adamda Trampın radikal olması ilə bağlı qənaət formalaşıb. Mənim şəxsi fikrim isə budur ki, Tramp heç də radikal prezident olmayacaq. Mən onu nə dəstəkləyirəm, nə də ona səs vermişəm. İndi reallıq odur ki, o, radikal prezident ola bilməz.

 

-Yəni, ondan çılğın qərarlar da gözləmirsiz...

 

-Gözləmirəm. Sadəcə, Tramp Respublikaçılar partiyasından öz namizədliyini vermək üçün istifadə etdi. Faktlar odur ki, prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl onun fikirləri demokratların fikirlərinə uyğun gəlirdi. 100 günlük planında da daha çox demokratlara uyğun məqamlar var. Məsələn, orda qeyd olunur ki, konqresmenlər konqresdən çıxanda bir müddət lobbiçiliklə məşğul ola bilməz. Ya konqresmen, ya senator, ya da Nümayəndələr Palatasının üzvü. Bu, hər zaman demokratların prinsipləri olub ki, lobbiçilərin siyasətə təsirini azaldaq. Respublikaçılar isə hər zaman bunun əleyhinə olublar. Seçkilərdən əvvəl də Tramp daha çox liberal və demokratik fikirli biri kimi tanınırdı, nəinki respublikaçı kimi.

 

-(zarafatla)Belə çıxır ki, yeni prezident respublikaçıların əli ilə seçilən demokra​tdır.... -Yox, yenə də demokrat deyil. Amma sözün böyük mənasında independentdir. Üçüncü bir partiyanın üzvü kimi...

 

-Bəs fikrinizcə, Hillari Klintonun seçilməməsi ilə Amerika insanı nələr itirdi?

 

-Hillari Klintonun seçilməsi ilə indiki administrasiyanın irəli sürdüyü siyasətin saxlanılması ola bilərdi. İndiki halda isə Tramp 180 dərəcə olmasa belə, bəzi məsələlərdə demokratlardan fərqli mövqe sərgiləyəcək. Konqres indi respublikaçılardır. Tramp indi respublikaçılarla işləməlidir. Hillari Klintonun seçilməməsindən indi o neqativlər olacaq ki, əhalinin yarısı bu seçimdən narazıdır. Obama administrasiyasının reytinqi çox yüksək idi, indi də yüksəkdir. Prezidentlərin çox azının səlahiyyət müddəti bitən zaman belə yüksək reytinqi olur.

 

  NUH.az 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib