Dərc edilib: 30-11-2016

https://www.nuh.az/8800-.html

"Qaçqınkom”dan məhv olmuş ailə ilə bağlı AÇIQLAMA

30.11.2016 10:33:07

Hadisə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 29-da gecə saat Bakı şəhəri, Nizami rayonu ərazisində baş vermiş yanğın zamanı məhv olmuş ailə barədə məlumat yayıb.

 

Komitədən Qaynarinfo.Az-a daxil olan məlumatda bildirilir ki, Nizami rayonu Elşən Süleymanov küçəsində 21 məcburi köçkün ailəsinin məskunlaşdığı, tikintisi yarımçıq qalmış binada yanğın baş vermiş, hadisə nəticəsində Füzuli rayonunun Mirzənağılı kənd sakinləri Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı Babaşova Cəvahir Əlövsət qızı və övladları Babaşov Fərhad Seymur oğlu, Babaşov Elşad Seymur oğlu ölmüş və digər 2 məcburi köçkün ailəsinin mənzilinə də ziyan dəymişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanğın baş vermiş əraziyə gəlib və yanğının fəsadlarının dərhal aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Ərazidə olan məcburi köçkünlərin müraciətlərini cavablandıran Əli Həsənov bildirib ki, yanğından zərər çəkmiş ailələrə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Məcburi köçkünlərin məskunlaşdığı həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün Nizami rayon icra hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sabunçu rayonu ərazisində həyata keçirilmiş pilot layihənin həmin əraziyə tətbiq edilməsi məsələsinə baxılacaq və həmin şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, şirkət tərəfindən çoxmənzilli yaşayış binası tikildikdən sonra həmin ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib