Dərc edilib: 06-12-2016

https://www.nuh.az/8852-.html

Deputat Tahir Kərimli: “Murdar adamlardan ancaq murdar sözlər çıxa bilər”

06.12.2016 11:42:59

Müsahibə

“Azərbaycanın Rusiyaya məxsus “L-76” hərbi-nəqliyyat təyyarəsininin Ermənistana uçmasına imkan verməməsi ölkəmizin suverenliyinin göstəricisidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib.


Deputat deyib ki, hələlik bu məsələ ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi rəsmi açıqlama verməsə də, ancaq ortalıqda olan fakt odur ki, “L-76” hərbi-nəqliyyat təyyarəsidir:

“Bu təyyarə əvvəllər Soçidən Suriyaya və digər ölkələrə uçub. Ancaq indi isə birbaşa Ermənistana uçmaq istəyib. Bu isə başa düşülən idi ki, sözügedən təyyarə Ermənistana hərbi yardım məqsədləri üçün uçmaq istəyir. Hesab edirəm ki, Azərbaycan tamamilə doğru addım atıb. Digər tərəfdən isə həmin təyyarənin uçuşuna icazə verilməməsi Azərbaycanın suverenliyinin göstəricisidir”.

T.Kərimli qeyd edib ki, Azərbaycan Rusiya kimi nəhəng hərbi potensiala malik olan dövlətin təyyarəsinin uçuşuna icazə verməməsi çox ciddi əhəmiyyətə malikdir:

“Bu çox ciddi məsələdir. Azərbaycan tərəfinin həmin təyyarənin uçuşuna qadağa qoyması beynəlxalq mətbuatda da çıxıb. Hesab edirəm ki, Azərbaycan bu cür qətiyyətli addımlar atmalıdır. Çünki biz müharibə vəziyyətində olan ölkəyik. Ona görə də Azərbaycan tamamilə doğru hərəkət edib. Mənə elə gəlir ki, Rusiya və Ermənistan bundan lazımi nəticə çıxarmalıdır”.

T.Kərimli sabiq deputat Etibar Hüseynlinin və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin onun haqqında səsləndirdiyi ittihamlara da qısa cavab verib:

“Bununla bağlı bizim partiyanın müvafiq bəyanatı yayılıb. Ancaq mən bu cür ürək bulandıran adamların murdarlıqlarına cavab vermək istəmirəm. Heç məhkəməyə də müraciət etmək fikrim yoxdur. Murdar adamlardan ancaq murdar sözlər çıxa bilər. Onlara cavab verməyi özümə layiq bilmirəm”.

Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev millət vəkili Tahir Kərimlinin ünvanına təhqiramiz ifadələr səsləndirib:

“Tahir Kərimli başıxarabın, avaranın, satqının biridir. O, Ali Məhkəmənin sədri olduğu müddətdə axşama qədər kabinetdə qolunu qırxırdı, kabinetində şalvarsız otururdu. Bunu keçmiş müavini Rza Rzayevdən də soruşa bilərsiz. Tahir Kərimlinin o təhqirinə Azərbaycan gəncliyi təpki göstərməlidir və dediyim faktlara əsasən onun şəkillərini çəkib internetdə yayımlasınlar. Belə insanların cəmiyyətin qınağına tuş gəlməsi üçün xalqı üzərinə qaldırmaq lazımdır. Biqeyrət dediyi gənclik gərək onun lüt fotolarını internetdə yaysın”.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib