Dərc edilib: 16-12-2016

https://www.nuh.az/8921-.html

Nazir: “Elə adamlar var ki, bağında bağban, mühafizəçi saxlayır”

16.12.2016 14:35:57

İqtisadiyyat

Vergilər naziri Fazil Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bəzi deputatları qanun layihələrini dəqiq bilməməkdə ittiham edib.


Ölkə.Az-ın məlumatına görə, F.Məmmədov deputatlara qanun layihələrini düzgün oxumağı tövsiyə edib:

“Deputatlardan xahiş edirəm ki, qanun layihəsini düzgün oxusunlar. Bütövlükdə qanun paketinin fəlsəfəsi Azərbaycanda şəffaflığın artırılmasına, uçot sisteminin bərpasına xidmət edir. Maşınlara, nəqliyyat vasitələrinə qoyulan vergilərin artırılması isə sosial bərabərlik prinsipi əsasında həyata keçirilən addımdır”.

Vergilər Məcəlləsinə dəyişiklik layihəsinə də toxunan F.Məmmədov qeyd edib ki, bundan sonra ölkəyə avtomobil az gətirilə bilər:

“Ancaq sosial bərabərlik müəyyən ediləcək. Dövlətdə daha aşağı təbəqədə olan insanlar isə vergilərdən azad edilir. Burada bəzi millət vəkilləri qanun layihəsinin fəlsəfəsini dərin bilmir. Qanunları düzgün şərh etmirsiniz. Bu günədək bütün ticarət dövriyyəsindən vergi tutulurdu. Bu gün isə qanunvericilik insanları bundan azad edir. Deputat deyir ki, hansı qiymətə almısansa, onu əlavə dəyər vergisindən çıxırlar. Onun üstünə nə qədər gəlir qoymusansa, bundan gəlir tutulacaq. Sosial təbəqə üçün bundan yaxşı maddələr ola bilərmi?!”

Nazir deyib ki, respublikada işsizlik səviyyəsinin tam təhlilini aparmaq mümkün deyil:

“Hesab edirəm ki, əhalimizin bir hissəsi evlərdə işləsə də, onları işə götürənlər də nəzərə alınmalıdır. Elə adamlar var ki, bağında bağban, mühafizəçi saxlayır. Deməli, onun sosial vəziyyəti yaxşıdır. Bağda bağban, mühafizəçi varsa, deməli, bunun uçotu aparılmalıdır. İşə götürən patentini alıb iş verməlidir. Kənardan tibb bacısı gətirib xidmət etdirirlər. Azərbaycanda həyata keçirilən differensialaşdırılmaqla bağlı çoxlu təzyiqlər oldu. Bu, hökumətdə də geniş müzakirə olundu. Bəzi malların qiymətinin ucuzlaşdırılması, ona tətbiq edilən verginin az olmasından danışılır. Burada kateqoriyanı müəyyən etmək çətindir. Bunların arasında uşaq yeməkləri və digər qidalar da var. Bu malların alıcıları da var axı! Sosial təbəqənin imkanlarının genişləndirilməsi üçün dövlətin siyasəti var”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergilər Məcəlləsinə 201 dəyişikliyi nəzərdə tutan qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib