SOCAR-ın havalanan qazı - RƏYLƏR/ VİDEO
Mavi yanacağın qiyməti qaldırıldıqdan sonra qazın keyfiyyəti artmaq əvəzinə azalıb. Bu isə əhalinin qiymət artımı etirazına, keyfiyyətsizliklə bağlı narazılığını da əlavə edib.
BakiPost.az xəbər verir ki, əhali qazın zəif və kefiyyətsiz verildiyini, bəziləri isə qaza hava vurulduğunu iddia edir.
Bu məsələ sosial media da ciddi müzakirəyə səbəb olub. Bir neçə istifadəçi kombinin dərəcəsini sona kimi artırmasına baxmayaraq istiliyin 50 dərəcəni keçmədiyini yazıb: "Qaza nə qatırlarsa fışıldıyır, amma yanmır. Yahu, bu nə kimyagərlik?!”
Jurnalistlər - Natiq Cavadlı, Rey Kərimoğlu qaza hava vurulduğunu qeyd edib.
Samir İsmayıl isə qaza hava vurulduğunu deyənlərə belə cavab verib:"Mən bir neft-kimya mühəndisi ilə bu barədə danışmışam. O deyib ki, qazla havanı qapalı qabda (həcmdə) qarışdırmaq dərhal partlayış deməkdir. Onların tərkibi qarışdırmağa imkan vermir. Çox güman ki, qazın tərkibi təmizlənməmiş verilir. Ona görə qazı az olur”.
Hüseyn Məsti adlı sosial şəbəkə istifadəçisi isə maraqlı bir şərhlə çıxış edib. O, sahilə çıxarılan qazın təmizlənmədən əhaliyə verildiyini deyib:"Neft çıxarılan zaman onunla birgə səmt qazı çıxır və bu qazı Xəzərdəki xarici şirkətlər sahilə çıxardıb Azərbaycana pulsuz verir. Bu qazı da təmizlənmədən əhaliyə verirlər”.
Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat rəhbəri İbrahim Kərbalayev məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında qazın tərkibinin təmiz olduğunu deyib:"Əhaliyə verilən qazın tərkibi Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən yoxlanılır. Tərkibində hansısa dəyişiklik yoxdur, təmiz qazdır.
Bundan əlavə, hansısa yaşayış evində təbii qazın verilişi ilə bağlı çatışmazlıq yaranarsa, 104 və ya 185 saylı çağrı mərkəzinə müraciət edirlər. Həmin abonentin zəngi qeydiyyata alınır. Rayon üzrə sahəyə ötürülür. Sahədən əməkaşlarımızdan ibarət briqada həmin əraziyə gedir, əgər çatışmazlıq varsa, aradan qaldırır”.
Bəs qazın keyfiyyətini necə yoxlamaq olar?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunun asan yolunu açıqlayıb. Bildirib ki, bunun üçün 1 litr suyun qaynama vaxtına diqqət edilməlidir: "Qazın keyfiyyətini yoxlamaq üçün 1 litr su və su temperaturu lazımdır. Suyun qaynadıldığı qaba da diqqət etmək lazımdır. Çünki hündürlüyü nə qədər çox olursa, qaynama vaxtı da bir o qədər uzanır. Su eyni və normal hündürlükdə olmalıdır.

Su tökülən qabı qazın keyfiyyətinə şübhə olunan ərazidə sobanın üzərinə qoyub? suyun qaynama vaxtına baxırsınız. Əgər su termometri 180-200 saniyə ərzində suyun 100 dərəcə isindiyi göstərirsə, demək ki, qazda heç bir problem yoxdur və tərkibi təmizdir.
Yox? əgər su dediyim vaxtdan gec qayanayarsa, o zaman abonent şikayət edə bilər”.
BakiPost.az-ın əməkdaşı hava vurulduğu iddia olunan qazın videosunu çəkib. Hazırda evlərə verilən mavi yanacaq belə yanır.
Videonu şərhsiz təqdim edirik:
NUH.az