Dərc edilib: 05-01-2017

https://www.nuh.az/9129-.html

Eldar Sabiroğlu nazirə müraciət etdi - Rüfət Səfərovla bağlı

05.01.2017 16:04:34

Cəmiyyət

Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu nazir Fikrət Məmmədova müraciət edib. 

Moderator.az  həmin müraciəti olduğu kimi tədim edir:
"Nə qədər sakit dayanmaq istəyirsən, imkan vermirlər. Görünür, Rüfət Səfərovun hüquq sistemindəki rüşvətxorluğa, qanunsuzluğa etiraz əlaməti olaraq müstəntiq vəzifəsindən istefa verməsi hakimiyyət dairələrinə çox ciddi təsir etmişdir. Ona görə də getdikcə qisasçılıq və intiqam hissini daha da artırır və Rüfətə qarşı müxtəlif mənəvi - psixoloji təsirlərdən istifadə edirlər. Yəqin onlara qondarma ittihamla 9 il azadlıqdan Rüfətin məhrum edilməsi kifayət etmir. Buna yalnız təəssüflənmək olar. Deməli, nə edirsən et, bircə hakimiyyətə qarşı mübarizə yolunu seçmə. Keçmiş müstəntiqin timsalında aydınca görünür ki, bu cür haqq və ədalət uğrunda mübarizə aparanları hansı ağır cəzalar gözləyir. Apellasiya məhkəməsi də bitdi, hökm qüvvədə saxlanıldı. Rüfət Səfərovun təcridxanadan çıxarılaraq cəzaçəkmə müəsissəsinə göndərilməsi nədənsə gecikdirilir. Əlbəttə, bütün bunlar məqsədsiz edilmir. Üstəlik, Rüfətə qarşı 1 saylı Bakı istintaq təcridxanasında təqib və təziqlərdən istifadə olunur. Qaldığı kameraya yeni birisini yerləşdiriblər. Rüfət maraqlanarkən təzə kamera yoldaşı ona 2 il həbsxanada olduğunu bildirsə də, onun davranış və hərəkətlərindən şübhələnərək hökmü ilə maraqlanıb. Aydın olub ki, bu adam xüsusi təhlükəsi residivistdir, 25 illik məhkum həyatı sürüb. Rüfət ondan işini gizlətdiyini soruşduqda bildirib ki, mənə bunu təcridxana rəisinin rejim üzrə müavini tapşırıb və təkid edib ki, məhkumluğu barədə danışmasın. Prokurorluq əməkdaşının yanına belə bir cinayətkarın salınması çox maraqlıdır? Fikrimcə, burada başqa məqsəd ola bilməz, ya Rüfətin həyatı üçün hansısa bir təhlükə hazırlanır, ya da kamerada insident yaratmaqla Rüfət Səfərovla bağlı yeni bir istintaq hərəkəti başladıb onu təkrar cəzalandırmaq istəyirlər. 
Başqa necə fikirləşmək olar? Mən bu barədə penitensiar xidmətin qaynaq xəttinə telefon açdım və öz etirazımı bildirdim. Üstündən az keçməmiş Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Mehman Sadıqov mənə zəng etdi və narahat olmamağımı, məsələni rəhbərliyə çatdıracağını söylədi. Keçmiş həmkarım kimi mən ona inandım və bəyənat verməkdən dərhal daşındım.Bu gün məlumat aldım ki, heç bir dəyişiklik aparılmayıb və həmin xüsusi təhlükəli residivist yenə də Rüfətlə birlikdə eyni kamerada qalır,cinayətkar jarqonları ilə Rüfətin əsəblərinə təsir göstərir.
Oğlumun taleyindən ciddi şəkildə narahat olduğumu bəyan edir və bu qanunsuz vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyi Ədliyyə Nazirliyinin rəhbərliyindən xahiş edirəm".

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib