Dərc edilib: 13-01-2017

https://www.nuh.az/9224-.html

Rektor milli qəhrəmanı BSU-ya çağırdı - Qalmaqalla bağlı rəsmi açıqlama

13.01.2017 18:16:28

Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə gəlişi və universitetə buraxılmaması barədə informasiyalara ali məktəbdən reaksiya verilib.

 

 Universitetin Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev BakiPost.az-a bildirib ki, məsələ qəsdən şişirdilib:


"Məsələnin mahiyyətini dəqiq bilməyənlər onu müxtəlif şəkildə şərh edirlər.

Bəri başdan bildirmək istəyirik ki, BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılıb. Universitetin birinci mərtəbəsində Milli Qəhrəmanların şəkli asılıb. Xaricdən gələn bütün qonaqlar onlarla tanış edilir, birinci kurs tələbələrinə tədris ilinin başlanğıcında onların qəhrəmanlığı, döyüş şücaəti, igidliyi haqqında məlumat verilir.

Üstəlik, BSU-nun qapıları təkcə Mili Qəhrəmanların deyil, bütün insanlarımızın üzünə açıqdır. Universitetin rektoru, professor Nurlana Əliyeva demək olar ki, hər gün valideynlərin və tələbələrin problemlərinin həlli üçün qəbul saatları keçirir”.


 

Onun sözlərinə görə, imtahan sessiyası vaxtı olduğundan və təhlükəsizlik tədbirləri gücləndirildiyindən BSU-ya giriş-çıxış nisbətən məhdudlaşdırılıb: "BSU-da təhlükəsizliyin qorunması məqsədi ilə ciddi işlər görülüb, mühafizə xidməti gücləndirilmiş rejimdə fəaliyyət göstərir. İmtahan sessiyası vaxtı imtahanlara kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə universitetə kənar adamların girişi nisbətən məhdudlaşdırılır. Amma bu heç vaxt torpaqlarımız uğrunda döyüşmüş, qəhrəmalıq məktəbi keçmiş Milli Qəhrəmanlara aid deyil.

Milli Qəhrəman M.Həsənov mühafizə xidmətinin rəisi, Qarabağ müharibəsi veteranı Ramil Şükürlüyə yaxınlaşaraq, vaxtilə bu universitetdə təhsil aldığını bildirib və universiteti gəzmək istədiyini qeyd edib. Mühafizə xidmətinin rəisi İnzibati-təsərrüfat işləri üzrə prorektor əvəzi Əbülfəz Nağıyevlə əlaqə saxlayıb və Milli Qəhrəmanın universitetlə tanış olmaq istədiyini bildirib. Görüş qabaqcadan nəzərdə tutulmadığından, imtahan sessiyası dövrü olduğundan və bütün müəllim və tələbələrin başı imtahanla qarışdığından prorektor Ə.Nağıyev əgər məzunun özünün tanıdığı bir şəxs varsa, birlikdə mərtəbələri gəzsin, universitetlə tanış olsun, deyib. Ancaq bundan sonra Milli Qəhrəman universitet binasını tərk edib”.

 

 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, rektor Nurlana Əliyeva baş verən hadisədən xəbər tutduqdan sonra, məsələni araşdırıb və milli qəhrəmanı BSU-ya dəvət edib: "İnsident bundan ibarətdir. Lakin çox təəssüf edirik ki, bir çox qəzet və saytlar məsələni həqiqi mahiyyətindən çıxararaq öz istədikləri kimi təqdim ediblər. Onlar bunu universitetin rektoru professor N.Əliyeva ilə bağlamağa çalışıblar, universitet rəhbərinin isə bundan qətiyyən xəbəri olmayıb. O, məsələni bildikdən sonra isə dərhal Milli Qərhrəmanla əlaqə saxlayıb və onu BSU-ya dəvət edib.

 

Təkrar edirik, Milli Qəhrəmanlar bizim fəxrimiz və qürurumuzdur. Universitet rəhbərliyi daim bütün görüş və çıxışlarında onların gənclərə örnək məktəbi olmasını bəyan edir. Bizi təəssüfləndirən xırda anlaşılmazlığı bəzi mətbuat orqanlarının adekvat olmayan şəkildə təqdim etməsidir.

BSU-nun Mətbuat xidməti olaraq biz bu anlaşılmazlığa görə təəssüflənirik. Bununla bərabər, onu da arzu edirik ki, mətbuat orqanları hər hansı bir hadisəni işıqlandırarkən obyektivlik göstərsinlər”.

 

   NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib