Dərc edilib: 17-01-2017

https://www.nuh.az/9265-.html

İlham Əliyev Davosda görüşlər keçirib

17.01.2017 13:04:42

Siyasət

Prezident İlham Əliyev Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.
 
Azərtac   xəbər verir ki, Dominik Barton Bakıya səfərini məmnunluqla xatırladıb, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib.
Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyevin bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü də olub.
Görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib və qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çox yaxşı əlaqələrin olduğunu bildirərək bu əməkdaşlığı yüksək qiymətləndirib və müxtəlif layihələrin həyata keçirilməsi üzrə səmərəli əlaqələrin qurulduğunu deyib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunan dövlət başçısı ölkəmizdə özəl sektorun inkişafına daim diqqət göstərildiyini vurğulayıb.
Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əlaqələrin inkişafına yeni imkanlar açdığı qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub. Prezident İlham Əliyev qəbulda iştirak edib.
Dövlət başçısı tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.
Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib