Dərc edilib: 25-01-2017

https://www.nuh.az/9360-.html

Ramiz Quliyevin qohumu DİN-in açıqlamasını təkzib etdi

25.01.2017 18:49:30

Cəmiyyət

 

Bu gün Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşı Ramiz Quliyevin özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: “Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb. O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.

 

Mərhumun ailə üzvlərindən biri NUH.az-a bildirib ki, Ramiz Quliyevin psixikasında heç bir problem olmayıb: " Digər tərəfdən mərhumun ölümü ilə bağlı araşdırma hələ başa çatmadığı halda Orxan Mansurzadə haradan bilir ki, Ramiz Quliyev intihar edib? Əslində Ramiz Quliyev balkondakı qızdırıcı qurğunu təmir edəndə ehtiyatsızlıq edərək 8-ci mərtəbədən yıxılıb".

Mərhumun ailə üzvü NUH.az-a onu da söyləyib ki, mərhum Nizami RPİ-dən əvvəl Səbail Polis İdarəsində rəsi müavini olub və 2010-cu ildə psixikasındakı problemlə bağlı deyil, DİN  rəhbərliyinə bəlli olan səbəbdən uzaqlaşdırılıb.

Ramiz Quliyevin ailə üzvü Orxan Mansurzadənin keçmiş polis işçisi haqqında aşağılayıcı tonda açıqlamasının DİN-ə hörmət gətirmədiyini də NUH.az-a söyləyib.

 

      NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib