Dərc edilib: 01-02-2017

https://www.nuh.az/9433-.html

"Hacıbala Abutalıbovla şəklimi niyə yayırsız?" - Əməkdar artist

01.02.2017 16:27:55

Maqazin

Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva fotosunun ayrı-ayrı məmurlarla, həmçinin Bakı meri Hacıbala Abutalıbovla birlikdə təqdim edilməsinə etirazını bildirib.

Ölkə.Az-ın məlumatına görə, sənətçi bununla bağlı mətbuat nümayəndələrinə müraciət edib:


"Hörmətli mətbuat orqanları və dəyərli jurnalistlər. Mənim qələm sahiblərinə, peşəkar jurnalistlərə hörmətim var. Təqdim etdiyim layihələr, konsert proqramlarımda onlarla qarşılıqlı əməkdaşlığım olub, olacaq. Amma mənim iradım mətbuat qaydalarından, jurnalist etikasından uzaq olanlaradır. Mən xalq musiqilərini, muğamlarımızı ifa edən, xalqıma xidmət edən insanam. Yaradıcılıq işlərimdən yazın, sözüm yoxdur. Bir il əvvəl kəndimə su çəkdirdim, buna gücüm çatdı. 

Amma son günlər bəzi mətbuat orqanlarında şəklimi dövlət məmurları ilə bir yerdə yerləşdirməyə ad qoya bilmirəm. Mən heç bir rayonun icra başçısı, vəzifəli şəxsi deyiləm ki, sosial problemlərlə bağlı adım hallansın. Bakıda su yoxdursa, Hacıbala Abutalıbovla mənim şəklimi niyə bir arada dərc edirsiniz? Mən birmənalı şəkildə mətbuat orqanlarınə rəsmi şəkildə müraciət edirəm. Bir daha mənim şəklimi şəhər meri ilə, yaxud hansısa məmurla bir arada təqdim edən, səbəbsiz yerə adımı məmurlarla hallandıran mətbuat orqanlarına qarşı ciddi ölçü götürəcəyəm və bunun hüquqi müstəvidə həllinə çalışacağam. Bir neçə saytda, sosial mediada mənim şəklimi Hacıbala Abutalıbovla birlikdə təqdim edən mediaya qarşı ciddi ölçü götürüləcək. Dəyərli media nümayəndələrindən bu məsələdə mənə dəstək olmalarını ayrıca xahiş edirəm".

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib