Dərc edilib: 10-02-2017

https://www.nuh.az/9567-.html

Azay Quliyev Gürcüstanın Ədliyyə naziri və Fransanın Dövlət Katibi ilə görüşüb

10.02.2017 20:34:08

Siyasət

Milli Məclisin Mətbuat xidmətinin yaydığı məlumata görə fevralın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-Vensen Plasen və Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani ilə görüşüblər.
 
 
Məlumatda deyilir ki, qonaqları salamlayan Azay Quliyev ölkəmizin həm Fransa, həm də qonşu Gürcüstanla mövcud olan dostluq münasibətlərindən danışaraq  parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını diqqətə çatdırıb. Deputat  bildirib  ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən  əsası 2011-ci ildə qoyulmuş Açıq Hökumət Tərəfdaşlığı Platformasında əməkdaşlıqda maraqlıdırlar.
 
 
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub və təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir.Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.
 
AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ölkəmizdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və  2016-cı ildə “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.
Söhbət zamanı qonaqlara Azərbaycanda hökumətin AHT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verildi, qarşıda dayanan vəzifələrdən danışıldı.
 
 
Görüşdə Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani və Fransanın Dövlət katibi Jan-VensenPlasen Açıq Hökumət Tərəfdaşlığı Platformasında Azərbaycan tərəfindən koordinasiyanın gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıblar. Bildirildi ki, bu platformada əməkdaşlıq AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasına və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən mexanizmlərin qurulmasına töhfə verəcəkdir.
 
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib