Dərc edilib: 11-02-2017

https://www.nuh.az/9575-.html

Penitensiar Xidmətinin Baş İdarəsində müşavirə

11.02.2017 21:08:56

Cəmiyyət

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində müşavirə keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin və Tibb Baş idarəsinin rəhbərliyi, tabe qurumların rəis heyəti və məsul əməkdaşlar iştirak ediblər.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov müşavirəni açaraq 31.01.2017-ci il tarixdə Ədliyyə Nazirliyinin 2016-cı ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiyada nazir Fikrət Məmmədovun görülmüş işlərlə yanaşı, nöqsanların və həllini gözləyən problemlərin aradan qaldırılması, Penitensiar Xidmət və Tibb Baş idarəsinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin olunması üçün son illər ərzində tibbi təminat sahəsində ardıcıl tədbirlər görülüb, göstərilən tibbi yardımın səviyyəsi xeyli yüksəldilib, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.
Əldə olunmuş nailiyyətlər xüsusilə vərəmlə mübarizədə özünü daha çox büruzə verib. Bununla belə, bəzi hallarda ayrı-ayrı məsələlərin həlli zamanı operativliyin çatışmazlığı və bunun nəticəsində mövcud problemlərin aradan qaldırılmasına maneələrin yaranması qeyd edilib.
Tibb Baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov, Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov, tabe qurumların rəhbərləri çıxış edərək sağlamlığında problem yaranmış məhkumların operativ olaraq müalicə müəssisələrinə müşayiəti, davranışları ilə bağlı onlara tənbeh tədbirlərinin tətbiq olunması, psixoloji problemləri olan şəxslərlə bağlı keçirilən profilaktiki tədbirlər barədə məlumat veriblər.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə və cəzaçəkmə müəssisələrində tərbiyə işinin təşkilindəki bəzi problemlərə toxunaraq bu sahədəki işin səmərəliliyinin artırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib