Dərc edilib: 22-02-2017

https://www.nuh.az/9692-.html

Bir ayənin yanlış tərcüməsi

22.02.2017 17:05:30

Maraqlı

Atif İslamzadə


Filologiya üzrə fəlsəfə doktoru


Qurani-Kərimdə bəzən bir sözün yanlış tərcümə olunması çox böyük fəsadlara yol açır. Z.Bünyadov, V.Məmmədəliyev və N.Qasımoğlunun tərcümə etdiyi mübarək Qurani-Kərimdə sabit olan eyni ayədə də çox təəssüf ki, ciddi nöqsana  yol verilmişdir. Öncə onu qeyd edək ki, hər üç tərcüməçiyə sayğı duyuruq. Ancaq nöqsanları qeyd etməklə gələcəkdə bu kimi yanlışlıqlara yol verilməməsinə ümid edirik. Bu baxımdan Qurani-Kərimə daxil olan “İbrahim” surəsinin dördüncü ayəsində tərcümə yanlışlığının hansı mənfi nəticələrə gətirib çıxara bildiyinə diqqət çəkmək istəyirik. Bu ayədə peyğəmbərlərin hər qövmdən gələcəyi bildirilir:

 “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin” (İbrahim surəsi, ayə 4) (Qurani-Kərim. Tərcümə edənlər: Bünyadov Z. Məmmədəliyev V. Bakı: Azərnəşr, 1992, 711 s. göstərilən mətn s.221). 

 “Öz qövmünün dilində göndərdik hər peyğəmbəri, aydınlatsın ayələri soydaşlarına. İstədiyi kimsəni azdırar, istədiyi kimsəni doğru yola yönəldər Allah” (İbrahim surəsi, ayə 4)  (Qurani-Kərim (tərcüməçi N.Qasımoğlu  ) Bakı: Azərnəşr, 1993, 368 s. 123).

Təəssüf ki, tərcüməçilərin diqqətsizliyindən bu ayədə olan “rəsul” sözü “peyğəmbər” sözü kimi tərcümə edilmişdir ki, bu da müəyyən təhrifə səbəb  olmuşdur. Məlumdur ki,  rəsul və nəbi isimləri arasında məna etibarilə ciddi fərq özünü göstərməkdədir. Diqqət çəkək ki, farscadan dilimizə keçən “peyğəmbər” sözü, ərəbcədə olan “nəbi” sözünün qarşılığıdır. Bu ayədə isə nəbi deyil, rəsul sözü işlənmişdir: “Ve maerselna min resulin illa bilisani qevmihi liyubeyyine lehum feyuzillulahu men yeşau ve yehdi men yeşau ve huvel ezizul hekim”  (İbrahim surəsi, ayə 4).

Xatırladaq ki, bu ayədə işlənən “qövm” sözü bu gün dilimizdə “qohum” kimi işlənməkdədir ki, bu da qohum xalqlara ən az bir rəsul gəlməsi anlamındadır ki, qohum xalqların ümumi bir qövm anlayışını ortaya qoyur. Ayədən belə anlaşılır ki,  

Hər qövmün dilində danışan rəsul göndərilmişdir. Əgər bu ayə qövm kimi tərcümə olunarsa, o zaman aydın olar ki, qohum xalqlara bir rəsul göndərilib. Misal üçün türk mənşəli xalqlar, sami-hami xalqları, slavyan mənşəli xalqlar və s. yalnız bir və yaxud bir neçə rəsul görmüşlər. Ancaq bu söz qövm yox, millət kimi tərcümə olunduqda çox böyük çaşqınlıq meydana gəlir. Hətta bir çox məkrli şəxslər Qurani-Kərimə isnad edərək özünü öz millətinin peyğəmbəri elan edə bilər və iddia edər ki, bu millətə hələ peyğəmbər gəlməmişdir. Hər millətə peyğəmbər gəlişi kimi hökm meydana çıxsa, onda gərək azsaylı və çoxsaylı bütün millətlərə peyğəmbər gəlmiş olsun. N.Qasımoğlu görünür ki, bu anlama ciddiyyətlə yanaşmış və bu sözü elə ərəbcədə olduğu kimi tərcümədə qövm olaraq saxlamışdır. Ancaq N.Qasımoğlu da rəsul sözünü peyğəmbər kimi tərcümə etməklə başqa bir nöqsana yol vermişdir. Məlumdur ki, peyğəmbərlər iki cür olur: rəsullar və nəbilər. Bir qism peyğəmbərlər həm nəbi, həm rəsuldur. Digərləri isə yalnız nəbidir. “Nəbi” sözü mənşəcə ərəb dil tərkibinə aid söz olaraq fars mənşəli “peyğəmbər” sözü ilə eyni məna ifadə edir. Uca Allahın insanlar üçün göndərdiyi  risalə rəsullara gələn məktubdur. Risalə nəbilərə, yəni peyğəmbərlərə gəlmir. Peyğəmbərlər rəsullara gələn kitabın, məktubun, suhufun (səhifənin) təbliğçiləridir. Bu barədə Bünyamin Atəş H.Cisriyə istinadən yazır ki, “Nəbi” kəlməsi xəbər mənasına gələn “nebe” kökündən alınmışdır. Özünün peyğəmbər olduğunu xalqa bildirən və ya Allah tərəfindən gələn hökmləri xəbər verən deməkdir. Yəni nəbilər ehkamla gəlmir, gələn ehkamları təbliğ etməklə vəzifələndirilir (Bünyamin Atəş  “Peyğamberler tarihi”. İstanbul, Çağaloğlu nəşr, 1987. X baskı. Göstərilən mətn s. 49, 50).

Eyni yerdə B.Atəş göstərir ki, 313 rəsulun gəlişi barədə İslam tarixində sabit fikir mövcuddur. Demək bu ayə dəqiqliklə aşağıdakı kimi tərcümə olunmalıdır:

“Biz hər bir rəsulu yalnız öz qövmünün dilində göndərdik ki, ona izah edə bilsin” (İbrahim surəsi, ayə 4) 

Əgər ayə bu şəkildə çevrilərsə, o zaman Qurani-Kərimin hökmü yerində olar və məqsədyönlü şəkildə müslimanlığın, eləcə də bəşəriyyətin gələcəyi İnanc kitabından hiyləgər siyasi məqsədlər üçün istifadə etmək imkanı məhdudlaşa bilər.

Bütün qohum xalqlara bir və ya bir neçə rəsulun gəlişi anlayışı bütün dağılmış daşları yerinə yerləşdirir. Çünki dünyada sonuncu peyğəmbərin gəlişinə qədər hər halda 313 qohum xalqdan çox xalq mövcud olmamışdır. Qohum xalq anlamı hətta əlli-yüz xalqın bir mənşədən gələn xalq olduğunu göstərməklə bir rəsul görməsi ilə ayənin həqiqətini təsdiq edə bilir. Əksinə olduqda isə hətta Muhamməd əleyhissəlamdan sonra rəsul və nəbi, bizim qavrayışımızla peyğəmbər gəlməyəcəyi haqda hökm şübhə altına düşür. Qurani-Kərimin “Əhzab” surəsinin 40-cı ayətində olan hökmlə Allahu-Təala sonuncu və xatəm peyğəmbərlik haqqında olan bütün yanlış iddialara son qoymuşdur: “Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və nəbilərin sonuncusudur” ( Əhzab, 40).

Göründüyü kimi ayədə açıq-aşkar rəsul və nəbi vəzifəsinə Muhamməd əleyhissəlamla son verildiyi bildirilir. Əgər “İbrahim” surəsindəki rəsul sözü peyğəmbər, yəni nəbi kimi tərcümə olunarsa, qövm də millət kimi çevrilərsə, o zaman belə çıxır ki, hələ bütün millətlərə peyğəmbərlərin gəlişi sona çatmayıb. Əlbəttə, bu da göstərdiyimiz kimi Qurani-Kərimdə Uca Allahın hökmlərinin inkar olunmasına gətirib çıxarar.

Biz bir tərcümədə bir sözün, başqa bir tərcümədə isə iki sözün necə fəlakətə yol açdığını, hətta bilmədən olsa belə Qurani-Kərimi bütünlüklə inkar etdiyinə diqqət yetirməklə, həmçinin onu göstərmək istəyirik ki, nəinki söz, hətta nöqtə və vergül belə mətnin mahiyyətcə təhrif olunmasına səbəb ola bilər. Ümid edirik ki, gələcək tədqiqatçılar özlərindən əvvəlki tədqiqatlara dəyər verməklə bərabər, bu tədqiqatlarda olan nöqsanları aradan qaldırmağa çalışacaqlar. 

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib